Modern.az

Mübariz Qurbanlı: “İsa Qəmbər birinci dəfə deyil ki, belə hərəkət edir”

Mübariz Qurbanlı: “İsa Qəmbər birinci dəfə deyil ki, belə hərəkət edir”

Təhsil

23 İyul 2012, 13:20

“Hakimiyyətə gəlmək hərisliyi ağıllarını başlarından çıxardıb, gözlərini, qulaqlarını yumub”

Modern.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına müsahibəsində bildirib. Müsavat Partiyası başqanının Gürcüstanda erməni müxalifətinin nümayəndələri ilə görüşünə toxunan M.Qurbanlı müxalifəti milli maraqlarımızı tapdalamaqda ittiham edib:

“Azərbaycanda müxalifətin, xüsusilə də onun radikal qanadının ümummilli maraqları daima tapdadığını biz görməkdəyik. Bununla bağlı bir çox misallar gətirmişik. Vətəndaş olaraq biz hamımız dövlətimizin hər bir uğuruna sevinməli, Azərbaycana qarşı edilən hər bir hərəkətə qarşı da birgə dayanmalıyıq. Xocalını işğal edən erməni quldur dəstələri orada insanları siyasi baxışlarına görə yox, yalnız azərbaycanlı olduğu üçün qətlə yetirirdi. Yəni, biz eyni xalq, eyni millət eyni maraq üzərində dayanırıq. Qarşımızda düşmən var və bu düşmən bizə bütün sahələrdə zərbə endirmək istəyir. Və o düşmənin də arxasında dayanan qüvvələr, o düşməni birləşdirən lobbi təşkilatları var. Onlar bizə qarşı bütün sahələrdə təxribatlara əl atırlar. Azərbaycandan kənarda dövlətin, xalqın marağına zidd hərəkət edən hər bir adam milli maraqları tapdamış sayılır. Dövlətə qarşı müxalifətçilik ola bilməz. Müxalifətçilik siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı özünü göstərməlidir. Amma kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır.

Məhz ona görə də, bu müxalifət xalq tərəfindən inkar edilir. Mən hətta onları məsciddən qovulmuşlar adlandırıram. Onlar heç vaxt Azərbaycan xalqının adından danışa bilməzlər. Bu düşərgənin rəhbərləri Azərbaycanda siyasi hakimiyyətə gəlmək hərisliyini o həddə çatdırıblar ki, bu hərislik onların ağlını başından çıxarıb, gözünü, qulaqlarını yumub. Onlar həqiqəti görə bilmirlər, hər şeydə qara axtarırlar. İsa Qəmbərin hərəkətinə gəldikdə isə, bu birinci dəfə deyil”.

M.Qurbanlı düşmən ölkə nümayəndələri ilə siyasi partiya çərçivəsində görüşməyin yolverilməz olduğunu deyib. Onun sözlərinə görə, işğalçı dövlətin nümayəndəsi ilə bir masa arxasında oturmağı uğur kimi qəbul etmək gülüncdür.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər dövlət səviyyəsində danışıqlar aparırlar. Azərbaycan Prezidenti, xarici işlər naziri, millət vəkilləri sülh naminə ermənilərlə danışıqlarda bir masa arxasında otururlar. Amma müxtəlif qurumların, QHT-lərin, siyasi təşkilatların xalq diplomatiyası adı altında işğalçılarla görüşməsi nəticə etibarı ilə ermənilərin öz işğalını pərdələməsinə xidmət edə bilər. Bəli, mən tərəflər arasında etimad yaradılması üçün icmalar arasında görüşlərin keçirilməsinin tərəfdarıyam. Amma siyasi partiyalar səviyyəsində görüşüb əməkdaşlıq etmək, saziş imzalamaq yolverilməzdir. Bu mənada Erməni Ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq, daha sonra görüşlər keçirib əməkdaşlıq etmək hansısa bir formada erməni tərəfinə əl uzatmaqdır. Ermənistan işğalçı bir dövlətdir və işğalçı siyasəti həyata keçirmiş bir siyasi partiyanın nümayəndələri ilə bir masa arxasında oturub bunu da şişirdərək guya Müsavat Partiyasının beynəlxalq aləmdə uğuru kimi göstərmək gülüncdür. Erməni Ümummilli Hərəkatı Azərbaycan torpaqlarının işğalını dəstəkləyən qüvvədir və bunu partiyanın sənədlərində, bəyanatlarında da açıq-aşkar görmək olar. Belə olan təqdirdə, torpaqlarımızın işğalını dəstəkləyən siyasi qüvvə ilə əməkdaşlığı milli maraqlarımıza uyğun hesab etmək olarmı? Əlbəttə yox. Əslində, İsa Qəmbər və onun tərəfdarlarının Müsavat ideologiyasına vurduğu zərbəni heç kim vurmayıb. Onlar özlərini Məhəmməd Əmin Rəsulzadənin davamçıları sayırlar. Amma o dövrdə yaranan Müsavat Partiyasının ideologiyasının indiki Müsavata heç bir dəxli yoxdur. Bunların gözünü hakimiyyət hərisliyi o qədər yumub ki, bu yöndə hər kəslə əməkdaşlıq etməyə hazırdırlar”, - deyə YAP rəsmisi vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?