Azadlıq partiyasının sədri Əhməd Oruc Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının və Azərbaycan Liberal Demokrat Partiyasının Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxması haqda qərarına münasibət bildirib. Ə.Oruc Modern.az-a açıqlamasında eks-spiker Rəsul Quliyevin DCUMH-dan çıxmasının gözlənilən olduğunu bildirib.
“Bu məsələ ilə bağlı məncə, onlar açıqlama verməlidirlər. Çünki ayrılan tərəf onlardır. Mənə onların səbəbləri maraqlıdır. Bu gün bizim yığıncağımız olub, yığıncaqdan sonra razılaşma olub ki, məsələ ilə bağlı ACP açıqlama verəcək. Qeyd edim ki, bu mənim üçün heç də təsadüfi deyil. Təbii ki, mən onlardan bu addımı gözləyirdim. Rəsul Quliyev mətbuat vasitəsi ilə dəfələrlə hərəkatı tənqid edirdi. Haqqımızda müxtəlif fikirlər səsləndirirdi. Bu baxımdan bu hərəkatdan da ayrılacaqlarını gözləyirdim. Təbii ki, bu təsadüfi deyil, məqsədli şəkildə atılan addımdır. Səbəbini onlar daha yaxşı bilirlər”, - deyə Ə.Oruc bildirib.
Qeyd edək ki, ALDP-nın İdarə Heyətinin bu gün keçirilən toplantısında ALDP və ACP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxmaq haqda qərar qəbul edilib.
Xatırladaq ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı bu il yanvarın 12-də Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu tərəfindən təsis olunub.
Anar RÜSTƏMOV