“Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır”.
Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası zamanı çıxış edərkən deyib.
Prezident bildirib ki, bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur.
“Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır.
Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilmişdir.
Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib”.
Prezident bildirib ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır.
“Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”.