Modern.az

Yerlipərəstlikdən zəhləm gedir, amma... - Səfirin XATİRƏLƏRİ

Yerlipərəstlikdən zəhləm gedir, amma... - Səfirin XATİRƏLƏRİ

Aktual

6 Dekabr 2020, 13:32

Vilayət Quliyev

Yerlipərəstlikdən zəhləm gedir.

Amma işğal altındakı rayonlarımız azad edildiyi günlərdə o rayonlardan olan, 1970-1975-ci illərdə universitetdə, filologiya fakültəsinin 542-ci qrupunda birgə təhsil aldığımız keçmiş tələbə dostları xatırlayırdım.

AĞDAM – AQİL ABBAS. Ağdamlı olmağı ilə möhkəm öyünürdü. Amma bəzi yaman dillər deyirdi ki, əsl ağdamlı deyil, Ağcabədidən köçüb gəliblər. (İşimizə bax də!) Filologiya fakültəsində qatı qarabağlılıq “məfkurəsi” yayırdı. Tələbəliyimizin ikinci ayında ümumi tanışlarımızdan biri ona mənim də qarabağlı olduğumu demişdi.

Boyca məndən balaca olan Aqil altdan yuxarı üzümə baxıb iddia ilə:

-Qarabağın harasındansan ə? – deyə saymazyana tərzdə soruşdu.

Ağdam, Bərdə, hətta Mirbəşir (indiki Tərtər) kimi milli ad daşıyan bölgələrlə müqayisədə rayonumuzun adından utanırdım. Amma gizlədə də bilməzdim.

-Jdanovdan (indiki Beyləqan).

-Jdanov heç vaxt Qarabağ ola bilməz!- deyə Aqil bir obşak başçısı ədası ilə yerindəcə “qarabağlılıq” istəyimə son qoydu.

Amma təbii ki, “yadelliliyim” səmimi münasibətlərimizə heç vaxt maneçilik törətmədi.

Dörd il əvvəl Budapeştdə qonağım oldu. Səfirliyin böyük zalında “Dolu” filmini göstərdik. Macar tamaşaçıları çox isti qarşıladılar. Uzun-uzadı alqışladılar. Sevincdən gözləri doldu, ağladı.

İnanıram ki, Ağdamın işğaldan azad olmasına ən çox sevinənlər içərisində Aqil də var.

FÜZULİDƏN deyəsən heç kim yox idi.

QUBADLIDAN da eləcə.

CƏBRAYILDAN iki nəfər vardı.

Kəndlərinin adını (Papı) indiyə qədər xatırladığım ASİF, bir də ORUC.

Oruc kursda qalıb bizə qoşulmuşdu. Deyəsən Arazçaylı təxəllüsü ilə şeir də yazırdı. Bir az nataraz, adamayovuşmaz idi. Müəyyən problemləri vardı. Heç kimlə yaxınlıq eləmirdi. Hətta dördüncü kursu bitirib Neftçalanın Bankə qəsəbəsinə iki aylıq hərbi toplantıya gedəndə əlinə silah düşən kimi öldürəcəyi adamların siyahısını da açıqlamışdı. Bədbəxtlikdən mənim də adım o qara siyahıda idi. Amma salamat qurtardıq.


ZƏNGİLANDAN ARİF. İt oynadanın biri idi. Riskli zarafatlar eləməyi xoşlayırdı. Belə şitliklərə görə hətta bir neçə dəfə davaya da düşmüşdü. Qrupumuzda bir-iki nəfər partiya üzvü vardı. Biri də Şamaxıdan olan yaşca bizdən böyük İlyas idi. Əsgərlikdə partiyaya qəbul olunmuşdu. Bir dəfə İlyas yataqxanaya qonaq gəlmişdi. Çox yaxşı vaxt keçirdik. Sağollaşıb gedəndə ikinci mərtəbədəki mətbəxdə dayanmışdıq. İlyas giriş qapısından çıxanda Arif onu səslədi.


-İlyas, partbiletin üstündədir?


-Yox.


-Yaxşı bax, birdən üstündə olar.


-Yox, partbileti özümnən gəzdirmirəm.


Bunu eşidən Arif mətbəxin küncündəki əvvəlcədən hazırladığı bir vedrə çirkli suyu götürüb həmişə son dərəcə səliqə ilə geyinən İlyasın başına əndərdi...


Söyə-söyə geri qayıdan İlyası güclə sakitləşdirdik. Arif qaçıb haradasa gizlənmişdi...


ŞUŞADAN, KƏLBƏCƏRDƏN də kimsəni xatırlamıram.


LAÇINDAN isə üç nəfər vardı: PZA, BÜLLURƏ, ŞİRİNDİL


Rza şairlik iddiasında idi. Hətta deyəsən qrupumuzdan ilk dəfə radioda onun şeirləri oxunmuşdu. Amma şeir yazsa da, nədənsə Nasir təxəllüsü götürmüşdü. Bir neçə dəfə Arifin kobud zarafatlarının hədəfi olmuşdu.


Adı kimi saf, təmiz bir qız olan Billurənin universiteti bitirdikdən bir neçə il sonra, cavan yaşda rəhmətə getdiyini eşitdim.


Akademiyanın Ədəbiyyat İnstitutunda uzun illər birlikdə işlədiyim professor Şirindil Alışanovla Bakıya yolum düşəndə ara-sıra görüşürük.


Aqil Abbasla Şirindildən (və təbii ki, rəhmətlik Büllurə) başqa digər tələbə dostlardan son 15-20 ildə heç bir xəbərim olmayıb. Amma inanıram ki, bu qədər ayrılıqdan sonra özləri, yaxud övladları mütləq yurda dönüş sevincini yaşayacaqlar...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI