Modern.az

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mexaniki vəfat etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mexaniki vəfat etdi

7 Dekabr 2020, 10:34

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) qocaman mexaniki Siyasət Əliyev dekabrın 5-də ömrünün 73-cü ilində vəfat edib.

 

Bu barədə Modern.az-a ASCO-dan məlumat verilib.

 

Məlumatda deyilir ki, S.Əliyev 1947-ci il mayın 1-də Cəlilabadda anadan olub, əmək fəaliyyətinə 1967-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin “Paris Kommunası” adına Gəmi Təmiri İstehsalat Birliyində başlayıb, sonralar Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin “Gəmi mexaniki” fakültəsini, Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirib, 1973-cü ilin yanvarından Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində işləyib, motorçudan baş mexanik vəzifəsinə kimi yüksəlib.

 

1986-cı ildə Dəniz Donanması Nazirliyinin Odessadakı Təkmilləşdirmə İnstitutunda kapitanın birinci köməkçisi kursunda təhsil alıb. Bir müddət gəmilərdə kapitanın birinci köməkçisi vəzifəsində çalışdıqdan sonra yenidən mexanik kimi fəaliyyətini davam etdirib. 1995-ci ildə Gəmçilikdə Donanmanın texniki istismar xidməti rəisinin müavini təyin olunub. 10 aydan sonra isə Gəmiçiliyin baş mühəndisi vəzifəsinə irəli çəkilib. 1997-ci ildən Texniki şöbənin rəisi işləyib. ASCO yarandıqdan sonra Texniki şöbənin rəisi işləməklə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrə mexanik ixtisasının sirlərini öyrədib.

 

S. Əliyev 2008-ci ildə “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb. 2014-cü ildə “Tərəqqi” medalı, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI