Modern.az

İlk Azərbaycan Parlamenti, 7 dekabr 1918-ci il - Nəsiman Yaqublunun YAZISI

İlk Azərbaycan Parlamenti, 7 dekabr 1918-ci il - Nəsiman Yaqublunun YAZISI

Aktual

7 Dekabr 2020, 11:28

1918-ci ilin dekabrın 7-də ilk Azərbaycan Parlamentinin açılışı oldu.Bu gün həmn parlamentin yaranmasından 102 il vaxt keçir.Bəs bu böyük tarixi hadisə necə olmuşdu?

 

İlk olaraq 1918-ci ilin noyabrın 19-da Bakıda keçirilən Azərbaycan Milli Şurasının iclasında Parlamentin yaradılması qərara alındı. Azərbaycan Milli Şurası bununla əlaqədar ayrıca qanun qəbul etdi.

 

Azərbaycan Cümhuriyyəti Parlamentin çağırılması ilə əlaqədar Milli Şura adından M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci ilin noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnamsəi dərc olundu.

 

Müraciətnamədə yazılırdı: “...Şurayi-Milllinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildə çıxarıb dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 üzvlük bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq parlament irəlidə ümumi seçki üsulu ilə Azərbaycan Müəssislər Məclisi toplaşana qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək...”

 

Azərbaycan Cümhuriyyəti dövründə əhalinin sayının 2.750.000 olduğu qeyd edilirdi. Buna müvafiq hər 24 min nəfərdən bir nümayəndə olaraq müsəlmanlar − 80, ermənilər − 21, ruslar  − 10, almanlar − 1, yəhudilər  − 1 nümayəndə parlamentə göndərə bilərdilər.

 

Parlament 120 nəfərdən ibarət olmalı idi.

 

Qeyd edilirdi ki, müsəlmanlardan 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər kimi parlamentə cəlb edilirlər.

 

Qeyd edilirdi ki, Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nümayəndə olmalı idi. Qanunda parlamentə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət Cəmiyəti tərəfindən 2 nümayəndə nəzərdə tutulmuşdu.

 

1919-cu ilin sonlarında parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupun 96 deputat tərəfindən təmsil olunurdu.

 

Parlamentin açılışı 1918-ci ilin dekabrın 3-nə təyin olunsa da, baş tutmadı. Bakıdakı rus və erməni milli şuraları parlamentin açılmasına hərtərəfli mane olurdular. Eyni zamanda general Tomsonla danışıqların aparılması və qəzalardan deputatların gələ bilməməsi (bəzi mənbələrdə həmin günün Peyğəmbərin doğum gününə − Mövlud bayramına təsadüf etməsi də bildirilir) səbəbindən Parlamentin açılşı dekabrın 7-nə keçirildi. 

 

 

M.Ə.Rəsulzadənin parlament çıxışlarından:


Parlamentin ilk iclasını M.Ə.Rəsulzadə giriş nitqi ilə açdı:
“Möh­tərəm Millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk Parla­men­tosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik et­mək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Ru­siyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi...”.

 
Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul  olmalıdırlar”. 

 


Fətəli xan Xoyskinin parlamentdə çıxışı:


F.X.Xoyski 1918-ci ilin dekabrın 26-da Azərbaycan Parlamentinin beşinci iclasında yeni təşkil etdiyi hökumətin proqramı və tərkibi haqqında məruzə etdi. Həmin məruzəsində o, çətin və qorxulu vaxtda təzə kabinə təşkilini üzərinə götürdüyünü və bunun böyük məsuliyyət olduğunu söyləyir. F.X.Xoyski qeyd edir ki,  Sülh konfransında ən mühümü istiqlalımız məsələsi olacaqdır və bu ağır vəzifəni öz üzərinə götürdüyünü vurğulayır . Sonra çıxışında deyir: “Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüz ilə özgə dövlətlər arasında bir divar yapaq. Aşkardır ki, müstəqil Azərbaycan hökuməti özgə dövlətlər ilə əlaqəyə girməyə çalışacaqdır. Bu əlaqə əvvəlcə qonşu Rusiyada təşkil olunan məmləkətlər və Rusiyanın özü ilə də olacaqdır. Özgə məmləkətlər ilə olacaq əlaqə bir tək hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız üçün əziz və sevgili olduğuna əminiz”. 

 


Nəsib bəy Yusifbəylinin parlamentdə çıxışı:

 
“Məbus əfəndilər! Hürriyyəti-kəlam, hürriyyəti-mətbuat, hürriyyəti-ictima mədəni və demokratik bir dövlət təşkilinin şəraiti-əsliyyəsindəndir. Bu xüsusda zənn edirəm hər kəsdən biz irəli getdik. Azərbaycanda görülən bu hürriyyətlər dünyanın heç bir tərəfində mövcud deyildir. Hökumət təbii, müqəddəs olan bu hürriyyətləri mühafizə edəcəkdir. Hər kəs nə yazarsa yazsın, hər kəs nə istərsə söyləsin, harada ictima edərsə etsin, yalnız bir məsələ vardır ki, ona əl uzatmağa dözmək olmaz, edilə bilməz. O da  Azərbaycanın istiqlaliyyəti məsələsidir (ümumi sürəkli alqış). Bu istiqlaliyyəti, millətin bu müqəddəs və qanuni haqqını təhqir etdirməməyə, bu ülvi hissiyatına toxundurmamağa hökumət var qüvvəsi ilə çalışacaqdır”. 

 


Həsən bəy Ağayevin parlamentdə çıxışı:


Yeni vəzifəyə seçilən H.Ağayev çıxışında deyir: “Möhtərəm Parlament üzvləri! Bu tarixi gündə mənim boynuma böyük bir şərəf, böyük bir iqdam düşdü. İzhari-etimad ilə məni uca mənsəbə layiq bildiyinizdən dolayı bilaistisna hamınıza təşəkkür edirəm.

 

.. Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət eləmirəm. Zira vəzifə xeyli məsuliyyətli və ağırdır. Burası hamınıza məlumdur. Fəqət hamının məqsədi sevgili Azərbaycanın səadəti, buraya toplanmamızdan murad − əziz vətənimizi sahili nicata çıxarmaq olduğundan ümidvaram acizləriniz sizinlə bərabər məqsədə nail və sizin müavinətiniz ilə vəzifəmi hüsni-ifayə müvəffəq olacağam”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI