Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib ki, Azərbaycan bütün qonşu və qonşu olmayan dövlətlərlə mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır.
Jurnalistlərə açıqlamasında E.Aslanov bildirib ki, Azərbaycan Respublikası hər zaman bütün dövlətlərlə münasibətlərin sülh və əmin-amanlıq şəraitində qurulmasının və inkişaf etməsinin tərəfdarı kimi çıxış edib.
O, İranda saxlanılan iki Azərbaycan şairinin məsələsinə də toxunub.
“İranda saxlanılan iki Azərbaycan vətəndaşı ilə bağlı ölkəmizin Xarici İşlər Nazirliyi İrana nota təqdim edib. Lakin təəssüf ki, hələ diplomatlarla azərbaycanlı vətəndaşların görüşü baş tutmayıb.
Güman edirəm ki, bu məsələ iki dövlət arasında mehriban qonşuluq siyasəti əsasında həll ediləcək”, - deyə PA rəsmisi qeyd edib.
E.Aslanov deyib ki, Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”lə bağlı rəsmi Bakının mövqeyi aydındır: “İstər Avropa İttifaqı, istər digər beynəlxalq qurumlar və bir çox ölkələr Qarabağda keçirilən bu şounu pislədilər və öz qəti fikirlərini bildirdilər.
Dağlıq Qarabağdakı rejim Ermənistanın dediyi ilə oturub-durur. Orada keçirilən istənilən addım sülh prosesinə ziyan vurur. Biz hər zaman o mövqedəyik ki, Ermənistan daha konstruktiv mövqe göstərməli, regionda status-kvonun qorunmasına deyil, vəziyyətin dəyişməsinə, bölgədə sülhün və əmin-amanlığın yaradılmasına xidmət edən addımlar atmalıdır”.
Modern.az