Modern.az

Diasporumuzdan möhtəşəm qələbə: müharibə Qarabağda sonlansa da, dünyada davam edir

Diasporumuzdan möhtəşəm qələbə: müharibə Qarabağda sonlansa da, dünyada davam edir

9 Dekabr 2020, 22:25

Kanada Mühafizəkarlar Partiyasının yunan əsilli senatoru Leo Housakos ötən gün senatın iclasında qondarma Dağlıq Qarabağın tanınması ilə bağlı vəsatət qaldırdı.

 

Modern.az xəbər verir ki, Quebek əyalətinin senator olan L.Housakosun təklifi senatın əksəriyyəti tərəfindən qəbul edilməyib.

 

Senatın Baş Assambleyasında keçirilən səsvermədə, 53 senator bu təklifə "yox" səsi verib, cəmi 13 nəfər isə fikrini müsbət saxlayıb. Səsvermədə 5 senator "bitərəf" çıxış edib.

 

Bu barədə Modern.az-a danışan Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) əlaqələndiricisi İsmayıl Ələkbərovun sözlərinə görə, bu hadisəni Azərbaycan diplomatiyası və Kanada azərbaycanlılarının tarixində mükəmməl və möhtəşəm bir Qələbə adlandırmaq olar:

 

“Erməni diasporunun dəstəyilə ermənipərəst Senator Leo Housakosun təqdim etdiyi, qondarma Arsaxın müstəqilliyinin tanınması ilə bağlı qətnamə Senatın bu gün baş tutan iclasında qəbul edilmədi.

Səsvermə zamanı 13 senator qətnamənin leyhinə, 53 senator əleyhinə səs verdi, 5 senator isə bitərəf qaldı.

Senatın qəbul etdiyi qətnamələrin hüquqi qüvvəsi olmasa da, bu qətnamə qəbul ediləcəyi təqdirdə ölkəmiz üçün beynəlxalq diplomatik müstəvidə ciddi mənfi fəsadlara yol aça bilərdi.

Fiaskoya uğrayan bu qətnamə qondarma rejimin tanınması ilə bərabər, həm də Azərbaycan və Türkiyənin guya Arsaxa qarşı təcavüzünün qınanması, habelə Kanadanın hərbi ixracının Türkiyəyə qarşı dayandırılmasını nəzərdə tuturdu. 

Bu bədnam qətnamə layihəsinin Senat tərəfindən rədd edilməsi məhs Kanadada yaşayan Azərbaycanlıların gərgin əməyi, yuxusuz gecələri, senatorlar, parlament üzvləri, siyasətçilərlə intensiv iş aparmasının bariz nəticəsidir. Bu işdə səfərbər olan bütün soydaşlarımıza dərin təşəkkürümüzü bildiririk.

 

Vətən Müharibəsində əlimizdə silah ön cəbhədə ola bilmədiksə də, düşmənə iti ox olan qələmimizlə və haqq səsimizlə Azərbaycanımızın arxasında dayanmağı bacardıq. Kanadada yaşayan azərbaycanlıların milli birliyi və inadkarlığı sayəsində, bir nəfər kimi birləşərək, qısa zaman ərzində Kanada siyasətində onillər ərzində ermənilərin yalan və iftira propoqandası əsasında formalaşmış ictimai fikri və qərəzli siyasi yanaşmaları darmadağın edə bildik.

Nəticələr də göz qarşısındadır. Kanada Azərbaycanlılarının çətir təşkilatı olan “Network of Azerbaijani Canadians” bu prosesi çox mükəmməl və peşəkarcasına apara bildi. Bravo, dostlar! Qətnamənin qəbul edilməsini rədd edən bu 53 senatorun hər biri ilə neçə müddətdir ki, aparılan iş bax bu gün öz nəticəsini verdi, əziyyətiniz yerdə qalmadı. Çox sağ olun!”

 

 

İ. Ələkbərov bu münasibətlə Qarabağ zəfərinin sevincini yaşayan bütün həmvətənlərimizi təbrik edib:


“Kanada Senatında təklifin rədd edilməsi həqiqətən də sizlərin yuxusuz gecələrinin, göndərilən məktubların, faktların, e-poçtların nəticəsidir. Bu bizim Kanada da olan icmamızın böyük uğurudur. Gördüyümüz işlər bizim uğurlarımızın başlanğıcıdır. Sevinc göz yaşlarımı saxlaya bilmirəm o qədər təsirlənirəm ki… Çünki bizə çox təsir etmişdi, bir-iki senatorun burada oynadığı məkirli, qara oyunlar… Buna baxmayaraq Azərbaycan diasporu burada qalib gəldi. Housakus artıq öz tvitterində paylaşımlar edir ki, erməni xalqı üçün üzücü bir xəbər oldu.

 

Onlar bilməlidirlər ki, Azərbaycan xalqı ilə belə məsələlərdə zarafat etmək olmaz. Çox senatorlar məlumatsız idi, necə ki, digər yerlərdə, bəzi Avropa ölkələrində ermənilər güclü lobbiçilik edib senatorları ələ almışdılar. Amma biz Kanadada bunun qarşısını aldıq. Müharibə Qarabağda sonlansa da, dünya coğrafiyasında davam edir və Kanadada yaşayan Azərbaycanlılar müsəlləh əsgərlər olaraq öz fəaliyyətinə davam edir”.

  

Mehri QURBAN

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI