Bir qəhrəman düşünün... sevdiklərini, ailəsini geridə qoyub, yollandığı müharibədə dostları, əsgər yoldaşları sağ qalsın deyə, ölümü gözə alır. Neçə ananın övladı üçün ağlamasını istəmir, öz anasının ağlamasına razı olur. Bu cür böyük ürəyə sahib olan igid oğulları var Azərbaycanın. Bu igidlərimizdən biri də Şəkinin Baş Zəyzid kəndində anadan olmuş 23 yaşlı Tərlan Həsənovdur. O, yanındakı əsgər yoldaşları şəhid olmasın deyə, özünü qumbaranın üzərinə ataraq, ölümü gözə alıb. Elə bu hərəkətinə görə döyüş yoldaşları onu "Qumbara Tərlan" adlandırırlar. 8 döyüş yoldaşı şəhid olmasın deyə, önlərinə atılan qumbaraya sinəsini sipər edən bir igidə verilən ad!
Üzərinə partlamağa hazır vəziyyətdə olan qumbara gələndə əsgərin iki seçimi var, ya qaçmalısan, ya da üzərinə atılmalısan. Hər iki halda öləcəksən, amma sən qaçmağı yox, hər şeyi gözə alıb, cəsarətlə üzərinə atlanmağı seçirsən ki, digər dostlarının sağ qalmaq ehtimalı artsın. Və buna nail olursan. Möcüzə baş verir, həm özün sağ qalırsan, həm də dostların…
8 əsgər 8 ailə deməkdir, Tərlan! Sən 8 ailənin ümidini sönməyə qoymadın!
Ordumuzun qalibiyyət xəbəri açıqlanandan sonra Tərlan sosial şəbəkə hesabında bütün Azərbaycan xalqını təbrik edib. İgid əsgərimizin ürəyindən qopan kəlmələrindən Vətənə nə qədər böyük məhəbbətlə bağlı olduğunu anlamaq heç də çətin deyil:
“Öncə hər kəsə salam olsun. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Yaralılarımıza şəfa versin... Bizim 3 amalımız var. Ya qalib olacağıq, ya qazi olacağıq, ya da ki, Şəhid! Hər 3 pillə ən uca zirvədir. Məğlubiyyət deyilən bir şey bizim gözümüzdə yoxdur. Hər birinizə minnətdaram. Azərbaycan xalqının dəstəyi olmasaydı, bizim üçün yəqin ki çox çətin olardı. Amma Şükür Allaha! Qalibiyyət yolunda irəlilədik. Yaşasın AZƏRBAYCAN XALQI, YAŞASIN AZƏRBAYCAN ORDUSU, YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ! Hər kəsə minnatdaram”.
Qəhrəmanımızın anası Nigar Həsənova Modern.az-a oğlu haqqında danışıb.
- Nigar xanım, oğlunuz Tərlan da digər igidlərimiz kimi dastana çevrilib. Onun qəhrəmanlıqları haqqında nə bilirsiniz?
- Biz Tərlanı çox əziyyətlə böyüdüb, oxutmuşuq. Bir gün ac qalmışıq, bir gün tox, amma istəmişik ki, o oxusun, özünə gözəl bir həyat qursun. Bir oğlumuz var, hər zaman ona arxa dayaq olmağa çalışmışıq. Hər zaman, hər yerdə hətta əsgərlikdə də onun fəxr ediləsi hərəkətlərini, xəbərlərini eşitmişik.
Əsgərlikdə göstərdiyi qəhrəmanlığa görə 5 günlük icazə verdilər ki, evə gəlsin. Orada başına gələnlərdən danışdı. Qumbaranın üzərinə özünü necə atdığından... Tərlan müharibədə rabitəçidir. Bu hadisə başına gələn zaman Tərlanın üstündə “bronjilet” və rabitə aparatı olub. Səngərdə çox əsgər olublar. Əl qumbarası atılan vaxt Tərlan özünü qumbaranın üstünə atıb, deyib ki, şəhid olsam, tək mən olum uşaqlar salamat qalsınlar. O özünü qumbaranın üstünə atanda komandir görüb, Oğlum deyir bir onu hiss elədim ki, elə bil məni göydən yerə çırpdılar. Neçə saat özünə gələ bilməyib, huşunu itirib. İynə vurublar, müayinə ediblər, sonra ayılıb. Əynindəki hər şey yanıbmış. Başında qəlpə izi qalıb. Alnından çıxarılan qumbara qəlpəsini indi cibində saxlayır....
- Psixoloji vəziyyəti necə idi?
- 5 günlük evə gəldiyi vaxt bir gün gecə getdim yanına dedim ki, Tərlan yerini hazırlamışam, dur rahat yat, sonra danışmaq istədim. O sakitcə çarpayıya söykənib oturmuşdu, gözlərini bağlamışdı, amma gözlərindən yaş axırdı. Mənə dedi ki, ana mənə heç nə sual vermə, danışdırma. Mənim orada yaşadıqlarımı bir bilsən. Şəhid olan əsgər yoldaşları var imiş. Onlara görə çox pis olmuşdu. Demək olar, hər axşam onları xatırlayıb, göz yaşı tökürdü.
- Əlbəttə, asan deyil bəlkə də, gözləri önündə neçə əsgər yoldaşı şəhid olub...
- Hə, deyirdi ki, ana təsəvvür elə, kimisə vururlar gözümüzün qabağında, bütün orqanları bizim üstümüzə tökülən əsgər yoldaşlarımız olub. Dillə deyiləsidirmi bu, dözmək olarmı?!
- Tərlan çağırışla getmişdi müharibəyə, yoxsa könüllü idi?
- Oğlum əsgərlikdə idi. Sentyabrın 1-i artıq evə qayıtmalı idi, amma müharibə başladı deyə cəbhədə qaldı.
- Müharibənin başladığını biləndə oğlunuzla telefon əlaqəniz var idi?
- Sentyabrın 26-sı Tərlan bizimlə görüntülü danışdı. Dedi, ola bilsin, mən zəng vura bilmədim, narahat olmayın, hər şey yaxşıdır. Səhər xəbər tutdum ki, müharibə başlayıb. Dedim Tərlan bilirmiş, ona görə mənə elə deyib. 5 gün sonra mənə zəng vurdu dedi ki, ana narahat olma yaxşıyam. Amma yaralandığını bilmədik. Sonradan xəbər tutduq.
Goranboyun Ağca kəndində, Ballıqaya istiqamətində xidmət edirdi. Sonradan müharibə başlayanda Talış istiqamətində döyüşə giriblər. Rayonlar azad olunduqca, hər yerə aparıblar. Dediyinə görə, tək bu hadisə deyil, dəfələrlə ölümdən dönüb. Müharibədi da, hər an ölümlə üz-üzədir.
- Oğlunuz hərbi sahədə qalıb-qalmamaq haqda nəsə deyibmi?
- Müharibə başlamazdan əvvəl də mənə demişdi ki, ana mənə deyiblər, qal, burada işlə. Mən onda oğluma yalvardım, dedim ki, Tərlan qurban olum, qalma qayıt gəl. Atan əlildir, işləyə bilmir. Qoca nənənin gözləri görmür, mən onlara qulluq edirəm, işləmək imkanım yoxdur. Bizim bir əlimiz çatan sənsən. Dedim yaxınımızda işlə, az qazan amma yanımızda ol. Başqa kimimiz var ki? Baldızımın oğlu Elsevər də müharibədə idi. Yaralıdır. Onunla danışanda ona da yalvardım ki, Tərlanı dilə tut, MAXE kimi qalmasın Orduda. Məni arxayın etdilər ki, Tərlan qayıdıb gələcək. Müharibə başlayandan sonra qaldı orada. Amma qayıdacağına söz verdi.
Demişdim ki, oğlum sağ-salamat qayıtsın, qurban kəsəcəm. Gələndə bir qurbanımızı kəsdik. Qapı-bacada toyuq-cücə saxlayıram. Əlimdən gələn odur. 3-4 xoruz saxlamışam, oğlum gələndə kəsəcəm.
MAXE kimi qalmadı, xidmətini başa vurub gələcək.
- Siz yaralandığını necə bildiniz?
- Biz yaralandığını da bilməmişik. Sonradan bizə dedilər ki, Tərlan yaralanıb. Mən inanmadım, çünki yaralanmazdan iki saat əvvəl danışmışdıq. Sən demə sonradan komada olub.
- Maddi imkanınızın aşağı olduğunu bilirik. Şəki rayonunun rəhbərliyindən əsgər ailəsi kimi sizinlə maraqlanan, baş çəkən oldumu?
- Bələdiyyə deyirdi ki, baş çəkiləcək, amma hələ ki heç bir yerdən xəbər yoxdur. Evimizdə də şərait yoxdur. Yaxşı vəziyyətdə yaşamırıq. Baş çəkib, xəbər alan da yoxdur. Təki oğlum sağ-salamat gəlsin. Mənim balam müharibədə igidlik göstərib, əsgər yoldaşlarını xilas edib, mərdliyi ilə seçilib. İnanın ki, mənim qalib oğlum mənim üçün ən qiymətli varlıqdır. Təki sağ-salamat gəlsin, ailəsinin, evinin, valideynlərinin başında dursun.
Mehri QURBAN