İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist, müstəqil tədqiqatçı İlqar Altay Avropa ölkələrinə səfərə çıxır. Səfərdə məqsəd Avropalı ekspertlərlə birgə Polşa Respublikasının sabiq prezidenti Lex Kaçinskinin təyyarə qəzası və ölümünün araşdırılmasıdır. Məlumatı Modern.az-a İ.Altay verib.
Qəza 2010-cu ilin aprelində, Lex Kaçinski həyat yoldaşı və Polşa hakimiyyət elitası ilə birlikdə 70 il əvvəl Smolensk yaxınlığında Stalin rejimi tərəfindən kütləvi güllələnmiş zabit soydaşlarının xatirəsini yad etməyə gələrkən, eniş zamanı baş verib. Təyyarənin göyərtəsindəki pilotlar və dövlət xadimləri ilə birlikdə 96 şəxsin hamısı həlak olub. Qəza ətrafında müəmmalar çoxdur və hazırda hadisənin baş vermə səbəbi ilə bağlı Moskva və Varşava arasında qarşılıqlı ittihamlar səviyyəsində ciddi fikir ayrılıqları mövcuddur.
İlqar Altay bir müddət əvvəl bu məsələ ilə əlaqədar Moskva və Smolensk şəhərlərində olub, aidiyyətli şəxslər və mütəxəssislərlə görüşmüş, təyyarənin enəcəyi hərbi aerodromu və hadisə yerini müayinə edib.
Ilqar Altayın səfəri Avstriya, Almaniya və Polşanı əhatə edəcək. Tədqiqatçı mərhum prezidentin yaxınları və bir sıra aidiyyətli rəsmi və digər şəxslərlə görüşməyi, bir sıra sənədlər, şahidlər və faktlarla yerində tanış olmağı planlaşdırır.
Modern.az