Modern.az

İran səfiri Azərbaycana vida etdi: "İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi bilir"

İran səfiri Azərbaycana vida etdi: "İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi bilir"

26 İyul 2012, 11:05

İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami özünün vidalaşma çıxışını edib. Bu barədə Modern.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bakını tərk edən Bəhrami vida çıxışında bildirib ki, “İran İslam Respublikasının dost və qardaş Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri olaraq diplomatik missiyamın başa çatmasını, eləcə də iki ölkə arasındakı münasibətlərin qorunması, hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində sədaqətli xidmətlərimi nəzərə alaraq, bu tədbirdə iştirakınıza görə hamınıza təşəkkür və minnətdarlığımı bildirirəm”.

“Bu missiya mənim üçün çox dəyərli və qiymətli təcrübələrlə müşayiət olundu və ikitərəfli münasibətlərin daha da inkişafına və İran İslam Respublikasının xarici siyasətinə yardım istiqamətində bu təcrübələrdən faydalana biləcəyimə ümid edirəm.

İran İslam Respublikasının xarici siyasəti ölkələrlə, xüsusilə qonşu ölkələrlə hərtərəfli münasibətlərin qorunmasına, dərinləşməsinə və inkişafına əsaslanır. Tarix, mədəniyyət, din və dil, xüsusilə sivilizasiya baxımından mövcud olan ortaqlıqları nəzərə alaraq, Azərbaycan Respublikası İran İslam Respublikasının xarici siyasətində xüsusi yer tutur ki, bu mühüm məqam münasibətlərin bütün sahələrdə genişləndirilməsi üçün iki ölkənin yüksək rütbəli dövlət rəsmilərinin iradəsinin bir araya gəlməsi ilə nəticələnmişdir. Elə buna görə də İran İslam Respublikası, Azərbaycan Respublikasının inkişaf və təhlükəsizliyini öz inkişafı və təhlükəsizliyi bilir.

İranın qədim tarixi və böyük sivilizasiyası aydın şəkildə göstərir ki, iranlılar sülhsevər, elm və bilik əhli olan müstəqil bir xalq olmaqla yanaşı, digər xalqlarla daima sülh və barış işində yaşamış, onlara sevgi və qayğı ilə yanaşmışdır. İran İslam Respublikası bütün dünya xalqlarına sülh, əmin-amanlıq və mənəviyyat arzulayır.

İran İslam Respublikası İslam dininin aydın təlimlərini, qədim tarix və sivilizasiyasını, eləcə də digər xalqlara sayqı və sevgisini nəzərə alaraq, bütün dünyada savaş və qan tökülməsinə yox deyilməsi və kütləvi qırğın silahlarının, xüsusilə nüvə silahlarının məhv edilməsi siyasətinin ardıncadır. Biz bəşəriyyətə xidmət edən dinc məqsədli nüvə enerjisindən istifadəni bütün dünya xalqlarına arzu edirik və belə düşünürük ki, beynəlxalq münasibətlərdə birqütblü sistemin ömrü artıq sona yetmişdir və xalqların suveren hüquqlarının təmin edilməsi, ərazi bütövlüyünün qorunması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ilə dünya xalqları arasında iş birliyi sayəsində elmi nailiyyətlərdən istifadə etməklə sevgi, mehribanlıq, sülh və əmin-amanlıqla dolu bir dünyaya nail olmaq olar.

Ümidvaram elə bir gün gələcək ki, dünya xalqları qlobal sülhün bərqərar olması ilə sülh, təhlükəsizlik, maddi və mənəvi yüksəliş içində yaşayacaqlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?