Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində möhtəşəm qələbəsini təmin edən “Dəmir Yumruq” əməliyyatının uğurla başa çatması münasibəti ilə keçirilən Zəfər Paradı, xalq-lider-ordu birliyinin təntənəsi kimi əsrlər boyu yaddaşlarda yaşayacaq, xalqımızın qürur və ilham mənbəyinə çevriləcəkdir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili Zəfər Paradının müzəffər Azərbaycan Ordusunun işğalçı üzərində tarixi qələbəsini, Azərbaycan xalqının mücadilə əzmini, döyüş ruhunu, Azərbaycan-Türkiyə qardaşlığını simvolizə edən möhtəşəm bir tablonu xatırlatdığını bildirib: “Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyan, düşmən üzərində dağıdıcı qələbə qazanan müzəffər ordumuzun Zəfər yürüşünü – paradını izləmək hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırdı. Tariximizə əbədiyyətədək qızıl hərflərlə yazılacaq bu qələbə zəfər tariximizin başlanğıcıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının, dövlətinin tarixində yeni bir mərhələ başlayır. Torpaqlarımızın işğaldan azad edilməsi bizə böyük güc, yüksək özünəinam hissi bəxş etməklə yanaşı, həm işğalına son qoyulan ərazilərimizdə, həm də bütövlükdə ölkəmizdə yeni quruculuq işlərinə başlanılmasına böyük təkan verəcək, həyatımızın bütün sahələrinə dinamizm və inkişaf gətirəcək”.
Azər Kərimli bu Böyük Qələbənin əldə edilməsində milli birliyimizin, həmrəyliyimizin müstəsna rol oynadığını xatırladıb: “Azərbaycan Prezidentinin Zəfər Paradındakı nitqində deyildiyi kimi, xalqımız dəmir yumruq kimi birləşib və bu birlik heç zaman sarsılmayacaq. Bu birlik bizi yeni zəfərlərə doğru aparacaq. İşğaldan azad edilən ərazilərimiz yenidən çiçəklənəcək, cənnətə çevriləcək, gücümüzə güc qatacaq. Torpaqlarımızın işğalına son qoyulması, bütövlükdə bölgəmizə davamlı sülhün, sabitliyin gəlişinə zəmin yaradacaq. Bu isə təkcə Azərbaycanın deyil, bütün bölgə dövlətlərinin inkişafı, rifahı üçün mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili tarixi qələbəmizin ilk paradı –Zəfər Paradı münasibətilə bütün həmvətənlərimizi təbrik etdiyini bildirib: “Azərbaycan Prezidentinin qeyd etdiyi kimi bu qələbənin sahibi Azərbaycan xalqıdır. Xalqımıza sülh, əminamanlıq, rifah arzulayır, bu Böyük Qləbənin əldə edilməsində əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza şəfa diləyirəm. Tanrı Azərbaycanı qorusun və himnimizdə deyildiyi kimi, üç rəngli bayrağı ilə hər zaman məsud yaşamağı nəsib etsin”.