“O, Amerikada oturub heç nədən xəbəri olmaya-olmaya hərəkatı tənqid edirdi”
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının üzvü olan Aydınlar Partiyası da Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasının bu qurumdan çıxmasına münasibət bildirib.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli eks-spikerin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından gedişi ilə bağlı Modern.az-a açıqlama verib. Müqavimət Hərəkatının dağılması haqda deyilənləri təkzib edən Q.Əlibəyli birliyin dağılmadığını və aktiv fəaliyyət göstərəcəyini deyib.
“Rəsul Quliyevin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxması bizim üçün dəhşətli bir faciə deyil. Rəsul bəy bizimlə olmaq istəmir istəməsin. Biz heç kimi məcbur yanımızda saxlamırıq. Getmək istəyən gedə bilər. Rəsul Quliyevin partiyasının gedişi bizim hərəkatın fəaliyyətinə mənfi təsir göstərməyəcək, əksinə biz əvvəlkindən də aktiv fəaliyyət göstərəcəyik. ACP-nin gedişi bizim üçün fəlakət doğuran bir ayrılıq olmadı.
Onsuz da Rəsul Quliyev Amerikada oturub heç nədən xəbəri olmaya-olmaya hərəkatı tənqid edirdi, müxtəlif xoşagəlməyən fikirlər səsləndirirdi. Bu baxımdan onların gedişi bizim üçün gözlənilməz faciə olmadı”.
Hərəkata yeni üzvlərin qoşulmasına gəlincə, Q.Əlibəyli hələlik belə gözləntilərinin olmadığını deyib.
“Biz hələ bu haqda düşünmürük. Odur ki, hazırda hərəkata yeni qoşulanların olacağı ilə bağlı gözləntilərimiz də yoxdur”.
Partiya sədri İctimai Palataya qoşulub-qoşulmayacaqları ilə bağlı sualımıza belə cabab verib:
“Bizim İctimai Palataya qoşulmaq fikrimiz yoxdur. Nə İctimai Palata ilə münasibətlərimiz var, nə də ona qoşulmaq niyyətimiz. Qoşulmaq istəyirlərsə, onlar bizim hərəkata qoşula bilərlər. Biz istəmirik”.
Qeyd edək ki, Açıq Cəmiyyət Partiyası və Liberal Demokrat Partiyası bir neçə gün bunda əvvəl Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxdıqlarını bəyan ediblər.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı bu il yanvarın 12-də Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu tərəfindən təsis olunmuşdu. İndii bu qurumda Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu qalır.
Anar RÜSTƏMOV