Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) yeni unikal metodun tətbiqinə başlanıb. Bu barədə Modern.az-a MNX-nın uralogiya şöbəsinin həkimi, cərrah Rəşad Məmmədov məlumat verib.
Cərrah bildirib ki, MNX-nın Urologiya şöbəsində böyrək daşı xəstəliyinin cərrahi müalicəsində ilk dəfə olaraq yeni endoskopik metodun tətbiqinə başlanılıb. Yeni üsulun tətbiqi ilə xəstənin üzləşə biləcəyi bütün risklər minimuma endirilir.
Həkim Rəşad Məmmədov qeyd edib ki, üç ilə yaxındır şöbədə böyrək daşı xəstəliyi endoskopik lazer texnologiyalarının tətbiqi ilə əməliyyat edilir: “Bu əməliyyat (Perkutan Nefrolitotomiya) standart olaraq xəstənin “üzüstü” vəziyyətində həyata keçirilir. Bu vəziyyətdə xəstələr , özəlliklə yaşlı xəstələr müəyyən qədər risk altında olurlar. Yeni tətbiq etdiyimiz metodda xəstə arxası üstündə qalmaqla “Supin Perkutan Nefrolitotomiya” əməliyyatı icra olunur. Və beləcə xəstənin bütün riskləri minimuma endirilir”.
Modern.az