Modern.az

Ünvanlı sosial yardımların ödənişi sistemində yenilik

Ünvanlı sosial yardımların ödənişi sistemində yenilik

26 İyul 2012, 13:28


İyulun 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  ünvanlı dövlət sosial yardımlarının mərkəzləşmiş qaydada ödənişi sisteminin yaradılması və plastik kartların hazırlanaraq vətəndaşlara verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin təqdimatı olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirildiyinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması əsas prioritetlərdən biridir. 

Qeyd olunub ki,  Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun  15 may 2012-ci il tarixli 11/7-37 nömrəli «Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə» əmrinə, həmçinin nazirliyin 13 may 2012-ci il tarixli Kollegiya qərarına əsasən, ünvanlı sosial yardımların  təyinatına nəzarətin gücləndirilməsi, həmin yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi, yeni icra mexanizmlərinin sınaqdan keçirilməsi məqsədilə ödənişlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə artıq başlanıb. Bununla da  məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə nail olunaraq, ünvanlı sosial yardımların ödənişində  maliyyə şəffaflığı təmin edilib.

Ünvanlı dövlət sosial yardımlarının ödənişinin  mərkəzləşdirilmiş qaydada aparılması üçün ilkin olaraq  Sabunçu, Binəqədi, Masallı, Ucar, Cəlilabad və Səbail rayonları pilot rayonlar kimi seçilib. Yaxın vaxtlarda bu sistemin ölkənin digər rayon və şəhərlərində də tətbiqi nəzərdə tutulur. Eyni zamanda, nazirliklə əməkdaşlıq edən banklarla müqavilələrdə müvafiq dəyişikliklər edilib və yardımları alan vətəndaşlara plastik kartların şəxsiyyət vəsiqəsi əsasında banklar tərəfindən birbaşa verilməsinə nail olunub. Tədbirdə videokonfrans sistemi vasitəsilə bölgələrlə birbaşa videoəlaqə yaradılıb, ayrı-ayrı bölgələrin sakinləri ilə distant formada əlaqə saxlanılıb, onların qeyd olunan sahədə görülən işlərlə bağlı fikir və təəssüratları dinlənilib.

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?