Dekabrın 10-da ABŞ-da koronavirusa 217 min 779 yoluxma faktı qeydə alınıb, 2 min 974 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.
Modern.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, hazırda ABŞ-da koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 300 min 363 nəfərə çatıb ki, bu da ölkənin İkinci Dünya müharibəsi zamanı verdiyi döyüş itkilərindən çoxdur. Həmin müharibədə 291 min 557 amerikalı hərbçi həlak olmuşdu.
Dekabrın 9-da ölkədə koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 3 min 263 nəfərə çataraq yeni rekord müəyyənləşdirib. Bu isə 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktı (2,9 min) və Pörl-Harbor adasına Yaponiyanın hücumu (2,4 min) nəticəsində ölənlərin sayından artıqdır.
İndiyədək Birləşmiş Ştatlarda koronavirusa 16 milyon 80 min 812 yoluxma halı aşkarlanıb, 9 milyon 340 min 223 nəfər bu xəstəlikdən sağalıb. Müalicəsi davam edən 6 milyon 440 min 226 xəstədən 27 min 361 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Kaliforniya ştatı koronavirusa yoluxanların sayına görə ilk pillədə qərarlaşıb - 1 milyon 486 min 597 nəfər. Texasda 1 milyon 410 min 35, Floridada 1 milyon 94 min 697, İllinoysda 823 min 531, Nyu-Yorkda isə 782 min 680 yoluxma qeydə alınıb.
Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdədir.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.