Modern.az

TQDK IV qrupun imthanları barədə məlumat yaydı

TQDK IV qrupun imthanları barədə məlumat yaydı

26 İyul 2012, 16:50

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçiriləcək.

İmtahan Respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcəkdir.  Orta ümumtəhsil müəssisələrindən 1174 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 115 imtahan rəhbəri cəlb olunacaqdır.

İmtahanın gedişini işıqlandırmaq üçün 60-dan artıq KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçmişdir. 

2012-ci ildə  IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib.

IV ixtisas qrupu üzrə sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  9352 nəfərini oğlanlar, 6056  nəfərini isə qızlar təşkil edir. 

7758 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.  5320 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır.

415  abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.  Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

Bakı şəhərində 9197 abituriyent, Naxçıvanda 1626 abituriyent, Gəncədə 1762, Sumqayıtda 1340 abituriyent, Şəkidə 713 abituriyent, Lənkəranda isə 770 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. 

IV ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 21-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

Abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər: 

- şəxsiyyəti təsdiq edən sənədin əslini

 - imtahana buraxılış vərəqəsi"ni;

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar. 

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

IV ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 

 IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 31-dən avqustun 8-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə IV ixtisas qrupuna  daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.   

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.  

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən  təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər. 

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?