Modern.az

KİVDF daha bir icra hakimiyyətilə birgə jurnalist müsabiqəsi elan etdi

KİVDF daha bir icra hakimiyyətilə birgə jurnalist müsabiqəsi elan etdi

26 İyul 2012, 17:38

Səbail  Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Modern.az xəbər verir ki, müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu “Səbail  rayonunun sosial-iqtisadi inkişafı:  real vəziyyət və perspektivlər“ adlanır. Müsabiqədə ən azı bir il  müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində)  fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblərə görə, dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir, informasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 (bir) ildə, həftə 1 (bir) dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Səbail rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi  müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.           
                        
Yazıların qəbulu 27 iyul 2012-ci il tarixindən başlayır, 31 sentyabr 2012-ci il tarixində başa çatır.  

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması aşağıdakı kimi olacaq:

I yer - 1 000 manat
II yer - 800 manat
III yer - 600 manat
Həvəsləndirici mükafat  -   200  manat   (10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcək)

Qaliblər, həmçinin Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu