Modern.az

Rafiq Hacıyev “HUMAY” milli mükafatına layiq görüldü

Rafiq Hacıyev “HUMAY” milli mükafatına layiq görüldü

14 Dekabr 2020, 19:48

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” Milli Mükafatının 2020-il laureatlarının adları açıqlanıb.

 

Bu ödülü “Humay” Milli Mükafatı Akademiyası hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verir. 

 

“Humay” heykəlciyinə bu dəfə mədəniyyət, musiqi, muğam, xoreaqrafiya, jurnalistika, kitab nəşrləri sahəsində uğurlu yaradıcılıq fəaliyyəti göstərmiş tanınmış insanlar layiq görülüblər.

 

Dəyərli qələm dostumuz tanınmış jurnalist, yazıçı-publisist Rafiq Hacıyev də bu ilki laureatlar sırasındadır və o, milli instrumental ifaçılığı sənətinin görkəmli nümayəndəsi, unudulmaz tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığına həsr etdiyi “Əhsən sənə, Əhsən!..” portret-roman kitabına görə “Humay” Milli Mükafatına layiq görülüb. Yazıçı-jurnalistin gərgin və ilhamlı əməyinin məhsulu olan “Əhsən sənə, Əhsən!..” kitabı ötən il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evinin mətbəəsində nəfis tərtibatla, rəngli, yüksək poliqrafiq səviyyədə və keyfiyyətlə nəşr edilib.

 

Qeyd edək ki, mükafata namizədlər Azərbaycanın yaradıcılıq ittifaqları və “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən müəyyən edilir.İstedadlı həmkarımız Rafiq Hacıyevi Azərbaycan mədəniyyətinin bu nüfuzlu mükafatına layiq görülməsi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi