Abid Tahirli
Əziz Şuşa, sən azadsan, sələflərimizin, şəhidlərimizin ruhu da azaddır!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev güclü və əzəmətli səsi ilə millətə müqəddəs müjdə verdi:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Bu səs yeri-göyü silkələdi, ulu tarixdə əks-səda verdi, millətin taleyini və tərcümüyi-halını titrətdi, yaddaşları oyatdı, Vətən həsrətli, nisgilli, nigaran, narahat, kədərli, bir az da incik və küskün ruhlar şad oldu, sevindi, dilləndi. Qədim tarixdən boylanan Dədə Qorqudun nurlani siması daha da işıqlandı, kökdən düşmüş, simləri paslamış qopuzu köynəyindən çıxardı, Şuşanın xilaskarına xeyir-dua verdi:
Qarlı uca dağların yıxılmasın !
Kölgəlik hündür ağacın kəsilməsin !
Coşğun axan gözəl suyun qurumasın !
Tanrı səni namərdə möhtac etməsin !
Çarparkən ağ-boz atın büdrəməsin !
Vuruşanda iti polad qılıncın gödəlməsin !
Sancılarkən uzun nizən əyilməsin !
Ağ saqqalı atan yerin cənnət olsun !
Ağ birçəkli anan yeri behişt olsun !
Xələflərinin şücaətindən məmnuniyyətini gizlətməyən Pənahəli xan özünəxas şəstlə dilləndi:- “Şuşanın təməlini qoyarkən demişdim ki, biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Elə də oldu. Bu qala çox düşmənlərə sinə gərdi. Amma həmişə bizə xidmət edən, qapımızda qulluğumuzda duran hiyləgər ermənilər xəyanət etdilər, himayədarlarının yardımı ilə bizə arxadan zərbə vurdular, qala işğal olundu. Qəhrəman xələflərimiz isə Şuşanı əsirlikdən, əsarətdən xilas etdi. Allah bizləri bir də belə sınağa çəkməsin!”.
“Şeirimizin ana şairi! Məhəbbət şairi, sona şairi!” ( S.Vurğun) Molla Pənah Vaqif müdriklərə xas uzaqgörənlik və təmkinlə bildirdi ki, mən hələ o vaxt demişdim, əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar. Tarix arada 28 illik vəfasızlıq eləsə də, sonda dediklərimizi təsdiqlədi, xalqımız, müzəffər ordumuz Şuşa əmanətini geri qaytardı, vətənimizin yarasını sarıdı, sağaltdı”.
“Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm”, “Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə, Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm”, “Düşmənimdir, bilməzəm kim netmişəm dövranə mən”, “Gecə-gündüz nə qədər naləvü əfqan etdim”- bu və bu kimi misralarla ürək dağlayan, qəm, kədər, ah-nalə və fəryad qoparan Natəvan, həm də “Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz ləyaqətinə sahib çıxmasındadır. Mən azadlığın qüdrətinə inanıram” (İlyas Əfəndiyev. “Xurşidbanu Natəvan”)-deyir və Şuşanın, Azərbaycanın azadlığı uğrunda canlarından keçən igidlərimizlə qürur duyur.
Dahi Üzeyir bəy Hacıbəyli fatehin müqəddəs müjdəsindən təsirlənir və hələ 100 il bundan əvvəl dediyi cümlələri xatırladır: “Ermənilərə etibar yoxdur: çünki daşnaqlar bu milləti etibarsız bir dərəcəyə çatdırıblar. Silahlı üsyanlar törətmək və muharibəyə səbəb olmaq üçün bunlar aşkar və gizli işlər görüb bizi qafil edə bilərlər. Bu qəflət nəticəsində başımıza bəlalar gələ bilər”. Daha sonra xalqımızın böyük zəfərindən bütün ruhların rahatlıq tapdığını izhar edir.
İstiqlal mücahidi Ceyhun Hacıbəylinin səsi, sədası qürbətdən Vətənin səmasına yayılır: “Erməni məsələsi, erməni vəhşiliyi, xəyanəti, fahişəliyi, oğurluğu, hiyləsi və məkri ilə bağlı çox sayda yazılarım olub, xüsusi ilə “Bir il xəyallarda... və bütöv bir ömür” adlı memuarımda bu barədə geniş bəhs etmişəm, həmişə də murdar qonşularımızın öz məqsədlərinə çatmaq üçün hər cür şərəfsizliyə, alçaqlığa əl atdıqlarına görə soydaşlarıma ayıq-sayıq olmağı tövsiyə etmişəm. Bulaqlarından suyunu içdiyim, uca dağlarına, sal qayalarına, ətirli bağ-bağçalarına heyranlıqla tamaşa etdiyim Şuşam həmişə yuxuma girər, xəyallara dalar, onunla şirin-şirin söhbət edərdim. Şuşanın əsirliyindən sonra qürbət dərdimin üstünə bir dərd əlavə olunmuşdu, dünya ruhuma darlıq edirdi. İndi ruhum azad, Şuşam azad, Vətənim azaddır”.
Zəngin ədəbi-publisistik, elmi-nəzəri irsi, fədakar ictimai-siyasi, eləcə də dövlət, partiya quruculuğu sahəsində qızğın fəaliyyəti ilə Azərbaycanın və Türkiyənin tarixində silinməz iz buraxan, erməni yalanından, iftirasından, terror təhdindən daim əziyyət çəkən, Malta sürgününə məruz qalan, erməni terror təşkilatının haqqında dörd dəfə edam qərarı çıxarılan Əhməd bəy Ağaoğlu "Sərbəst insanlar ölkəsində" adlı əsərində şübhəsiz ki, Atatürkü nəzərdə tutaraq yazırdı: "Azadlığa doğru yürüyən bir millətin qabağında bu cür rəhbərlər oldumu, belə sayıla bilər ki, o millət artıq ən əsas istinadgahını tapmışdır. Bu rəhbərlərə göstərilən hörmət və etimad həmin məmləkət üçün əsaslı bir təhlükəsizlik sipəridir. Belə bir şəxsiyyət hər bir hərc-mərcliyə asanlıqla sinə gərə bilər. Doğrudur, bu kimi rəhbərlərin dalınca danışacaq alçaq təbiətli insanlar tapıla bilər. Lakin bunun əhəmiyyəti yoxdur. Cəmiyyətin sağlam ağlı və rəhbərə etimadı bu kimi əllaməliyi asanlıqla aradan qaldıra bilər". Əhməd bəyin şad olan ruhu indi pıçıldayır: “Bu kəlmələr millətimin alnındakı ləkəni təmizləyən, onun qəddini düzəldən, xalqımızın qürurunu, döyüşkən ruhunu, qələbəyə inamını özünə qaytaran, Azərbaycanın tarixinə qızıl hərflərlə yeni səhifələr yazan İlham Əliyevə də aiddir”.
Hürriyyət, millət və istiqlal şairi Məhəmməd Hadi "Şühədai-hürriyyətimizin əhvalinə ithaf" şeirini 1918-ci ilin martında törədilmiş erməni vəhşiliyinin təsiri ilə yazmışdır. Ermənilərin törətdiyi cinayətlərdən sarsılan şair günahsız şəhidlərə ağı deyir və onların unudulmayacağına əminliyini ifadə edir:
Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən qopan həqiqətdir.
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziyneti-cahani fena,
Sizinlə buldu bu millət həyati-nuri-istiqbal.
"Əsgərlərimizə, könüllülərimizə" şeirində isə şair başqa əhval-ruhiyyədədir, o döyüşkəndir, mübarizdir və soydaşlarını Vətən naminə səfərbərliyə çağırır:
Qorxutmamalı bizləri yollardaki əngəl,
Məfkurəyə doğru yürü, qoş, durma, çapıq gəl!
Millət tikəcək namına ölsən dəxi heykəl,
Qoyma toxuna yurduna naməhrəm olan əl!
Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,
Bir məqsədi-əkməl və bir ümmidi-müncəl.
Amalımıza doğru şitaban olalım, gəl!
Millətlə Vətən rahinə qurban olalım, gəl!
Vaxtı ilə dərin vətəndaşlıq kədəri ilə :
İmzasını qoymuş miləl-övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində
-yazan Məhəmməd Hadinin ruhu indi rahatdır və onun runu bütün dünyaya car çəkir:
Var millətimin xətti bu imzalar içində!
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata və anasına yazdığı son məktub Vətənə məhəbbət ruhludur, düşmənə nifrət hissləri ilə doludur və xalqımızın heç vaxt işğalla barışmayacağına dair müqəddəs mecajdır:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. Mübarizin mübarək qanı tökülən Vətən torpaqlarında hazırda onun şəhid ruhu azaddır, sevinclidir: “Cənab Ali Baş Komandan! Bu böyük tarixi Qələbəni bizə bəxş etdiyinizə, xalqımıza sonsuz sevinc, milli qürur və şərəf hissləri yaşatdığınıza, düşməndən qisasımızı aldığınıza, biz şəhidlərin ruhunu şad etdiyinizə görə Siz Azərbaycan tarixində əbədi yaşamaq haqq qazandınız».
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanımın oğlu haqqında dedikləri şəhidin xarakteri və amalı barədə kifayət qədər təəssürat yaradır: «Arzum Poladı hüquqşünas kimi görmək idi. Özünün də bu peşəyə meyli vardı. Bir hadisə onun arzularımızı dəyişdi. 1992-ci il idi. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Doğrusu, pis oldum. Dedim yox, hərbçilik çox çətindir, ailə də, uşaqlar da əziyyət çəkir, mən razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz Ramin müəllim dedi ki, əsl kişi ona deyərəm ki, hərbçi olsun. İndi Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Beləliklə, sənədlərini Ali Hərbi Məktəbə verdi, qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Türkiyəyə hərbi kursa göndərildi. Sonralar, kursant ola-ola Murova getdi. Biz ondan nigaran qalırdıq, gecəmiz-gündüzümüz yox idi. Evə çox az-az gəlirdi. Gedəndə, həmişə arxasınca su atırdım. O isə baxıb gülümsəyirdi.. Deyirdi ki, darıxma, hər şey yaxşı olacaq, indi isə mən getməliyəm. Mənim orda işlərim çoxdur. Oğlum çox vətənpərvər idi. Vətənimizi, əsgərlərini, dövlətimizi çox sevirdi». 13 iyul 2020- ci ildə Tovuz istiqamətində olan döyüşlər zamanı Polad Həşimovun ön xətdə döyüş zamanı şəhadət zirvəsinə ucalması xalqımızın səbir kasasını daşırdı, generalın ölümü sanki Qarabağ uğrunda savaşa hazır barıt dolu çəlləyə bir qığılcım oldu. Qırx dörd günlük döyüşlərdə xalqımız tarixi zəfər qazandı, ermənilər şanlı əsgərimizin süngüsü ilə diz çökdü, məğlub oldu, aman dilədi. İndi Polad Həşimovun da ruhu sakitdir, rahatdır: “Mən şəhidliyi əsir kimi ömer sürməkdən və gözü kölgəli yaşamaqdan üstün tutdum. Bütün şəhidlərimizin ruhu indi bəxtiyardaır. Çünki soydaşlarımız, ata-analarımız, övladlarımız, Azərbaycanın ürəyi, azərbaycanlıların qibləgahı Şuşa, Vətən torpağı və o torpaqda uyuyan əcdadlarımızın məzarları azaddır. Bu azad Vətən xələflərimizə əbədi əmanətdir”.
12.12.2020