"“Human Rights Watch” təşkilatı 44 günlük müharibə dövründə ikinci dəfədir ki, həqiqəti əks etdirən açıqlama verir. Birincisi Bərdə və Gəncəyə kasetli bombalar atılması ilə bağlı idi, indi də bir az geniş formada bununla bağlı öz mövqeyini bildirib. Bu, normal haldır və elə hesab edirəm ki, onların artıq deməyə sözü qalmadığı üçün bunu edirlər, heç də həqiqəti əks etdirmək naminə etmirlər".
Modern.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
O qeyd edib ki, “Human Rights Watch”un son açıqlaması və kasetli bombalardan, qadağan olunmuş silahlardan mülki əhaliyə qarşı istifadə edilməsini göstərməsi vacib məqamlardan biridir:
"Siz fikir versəniz görərsiniz ki, eyni zamanda Azərbaycan tərəfindən də belə bombalardan istifadə edilməsi ilə bağlı bir açıqlama veriblər. Sanki Ermənistan tərəfi dəstəkləyirlər. Amma bu həqiqətə uyğun deyil. Çünki Azərbaycan bütün xarici qonaqların iştirakı ilə keçirdiyi tədbirlərdə bunu təsdiq etdi. Lakin Ermənistan tərəfində heç bir tədbir keçirmədən, bunu göstərmədən, mətbuatdakı yazılara istinadən Azərbaycana qarşı belə yazıların verilməsi onların balanslaşdırılmış siyasətidir. Nə edək, bu cür ikili siyasətlərə öyrəşmişik. Amma “Human Rights Watch”un son açıqlaması və kasetli bombalardan, qadağan olunmuş silahlardan mülki əhaliyə qarşı istifadə edilməsini göstərməsi vacib məqamlardan biridir. Çünki biz Ermənistanla səngərlərdə döyüşü dayandırmışıq, əslində Ermənistan dayanmır, yenə də təxribatlara əl atır".
Hüquq müdafiəçisi deyib ki, Ermənistanın müharibə cinayətləri törətməsi nəticəsində Azərbaycana vurduğu maddi-mənəvi zərərlər var:
"Bunların gələcəkdə qiymətləndirilməsi, Ermənistanın bununla bağlı konpensasiya ödəməsi istiqamətində işlər aparılmalıdır. Ermənistan hərbi cinayətkarlarının axtarışa verilməsi üçün də bu cür sənədlərdən istifadə etməliyik. Ona görə bu sənədin əhəmiyyətini qeyd edirəm ki, gələcəkdə bizim sivil mübarizəmizdə bu cür sənədlərin olması olduqca vacibdir. Bunu müsbət dəyərləndirirəm. Eyni zamanda hüquq mütəxəssisi kimi qeyd edərdim ki, “Human Rights Watch” kimi təşkilat ikili balansından əl çəkməli, həqiqətin harada olduğunu tam göstərməli idi”.