Son zamanlar insanlarda mədəaltı vəzin iltihabi kəskin şəkildə artıb. Bu xəstəlik gedişinə görə iki yerə bölünür: kəskin və xroniki pankreatitlər.
Kəskin pankreatit
Kəskin pankreatit mədəaltı vəzin kəskin iltihabi-zədələnməsidir. Bu zaman pankreonekroz baş verir. Xəstəxanaya kəskin qarın ağrısı diaqnozu ilə daxil olanların 1-2 faizində bu, aşkar olunur. ABŞ-da hər 100 min əhalinin 40-da kəskin pankreatitə rast gəlinir. Digər ölkələrdə bu göstərici 5-80 arasında dəyişir.
Etiologiyası və patogenezi
Kəskin pankretitin meydana çıxmasının əsas səbəblərindən biri pankreatik axarın keçiriciliyinin pozulması–obstruksiyası nəticəsində mədəaltı vəzin sekresiyasında təzyiqin artmasıdır. Bu da öz növbəsində mədəaltı vəzin axarlarının şaxələrində təzyiqin artmasına, axarın divarının dağılmasına gətirib çıxarır. Pankreatik şirə aktivləşir ki, o da öz növbəsində proteolitik xassələrə malikdir. Nəticədə tripsinogen tripsinə çevrilir, mədəaltı vəzin toxumasına təsir edir. Pankreatik axar 70 % hallarda onikibarmaq bağırsağa düşməzdən əvvəl ümumi öd axarı ilə birləşdiyindən onun tutulması nəticəsində kəskin pankreatitlə yanaşı öddaşı xəstəliyi də əmələ gəlir.
Bir çox alimlər belə hesab edirlər ki, mədəaltı vəzin axarına duodenal möhtəviyyatın reflyuksu nəticəsində tripsin enterokinaza ilə aktivləşərək kəskin pankreatitin yaranmasına səbəb olur.
Duodenopankreatik reflyuksun yaranmasına səbəb bir çox faktorlar - kəskin alkoqol intoksikasiyası, çox yağlı və kəskin qida qəbulu, kəskin nəzərəçarpan duodenit, onikibarmaq bağırsağın diskineziyası ilə müşayiət olunan öddaşı xəstəliyi, Oddi sfinkterinin xəstəliyi, cərrahi travmalar və s. səbəb ola bilər. Çox zaman kəskin pankreatit hiperlipidemiyanın ağırlaşması kimi də meydana çıxa bilər.
Fermentlərdən tripsin və lipaza vəzin toxumasının autolizinə səbəb olur. Disseminə olunmuş damardaxili laxtalanma sindromunun bu prosesə qoşulması vəziyyəti daha da ağırlaşdırır. Onikibarmaq bağırsağın böyük məməciyinin (Fater məməciyi) birləşdirici-iltihabi stenozu nəticəsində yaranan allergik reaksiyalar, qarının travmaları, uzunmüddətli steroid terapiyası, müxtəlif infeksion xəstəliklər (infeksion paratif), mədə xorasının mədəaltı vəziyə penetrasiyası və digərləri bu xəstəliyin əmələ gəlməsinə səbəb olur.
Klinikası
Kəskin pankreatitlərin klinikası yüngül tutmalardan başlamış epiqastral nahiyədə ölümə səbəb olan tutmalara qədər əlamətlərlə müşahidə olunur. Kəskin pankreatitin əsas əlamətləri bunlardır: alkoqol və çox yağlı qida qəbulundan sonra yaranan və epiqastral nahiyədə birdən meydana çıxan tutmaşəkilli ağrı, qusma, damar kollapsı, qızdırma, hiperamilazuriya.
Klassik hallarda kəskin pankreatit klinik cəhətdən çox sürətlə davam edir. Bir neçə saatdan bir kəskin tutma epiqastral nahiyədə, sol qabırğa altında ağrı şəklində olur, kürəyə də irradiasiya edir. Bəzən kəmərvari olur. Qarın köpmüş, sol yuxarı kvadrantda gərgin və ağrılıdır. Ümumi baxış zamanı dəri örtüklərinin (damar kollapsı nəticəsində) solğun, bəzən də sianozla birgə olması görünür. Tənəffüs və ürək çatışmazlığı nəticəsində ümumi intoksikasiya ilə əlaqədar hemorragik diatez yaranır. Bir sıra hallarda qarının yan divarında göy-bənövşəyi ləkələr (Qrey-Ferner simptomu), qarının ön divarında və göbək ətrafında ekximozlar (Qreynhvald simptomu) görünür. Toksiki şok simptomları aydın nəzərə çarpır. Nəbz zəif, kiçik, tez-tez, bəzən sapvari olur. Xəstənin ümumi vəziyyəti çox ağır olur. Ağır hallarda ağrılardan bir az sonra qızdırma, bəzi hallarda isə bədənin temperaturunun normadan aşağı düşməsi müşahidə olunur. Meteorizm, nəcis ifrazının ləngiməsi, çox vaxt isə ishal müşahidə olunur. Bir qədər sonra şişmiş mədəaltı vəzinin, ümumi öd axarını basması və ya axarın daş ilə tutulması nəticəsində sarılıq yaranır. Hemorragik pankreatitdə qarnın yan şöbələrinin perkussiyası nəticəsində ekssudat müşahidə edilir. Neytrofil leykositoz olur və EÇS artır.
Diaqnostik cəhətdən sidikdə və qan zərdabında amilaza kəskin artır. Sidikdə amilazanın çox kəskin (birə on dəfə artıq) artması, qan zərdabında isə amilaza və diastazanın kəskin artması kəskin pankreatitə diaqnoz qoymağa imkan verir. Hiperqlikemiya və qlükozuriya aşkar olunur. Qan zərdabında tripsin, lipaza artır, daha az proteinuriya müşahidə edilir. USM (exoqrafiya) mədəaltı vəzin ödemini və nekrozunu təyin etməyə kömək edir.
Kəskin pankreatitdən sonra mədəaltı vəzin yayılmış absesi, piylik toxumasının empieması, dalaq venasının tromboflebiti əmələ gəlir. Xəstənin ölümü vəzin kəskin intoksikasiyası ilə əlaqədar autolizi, şoku, damar kollapsı, böyrəküstü vəzin ikitərəfli nekrozu (vazoaktiv maddələrin ayrılması) nəticəsində baş verir. Əgər xəstə kəskin dövrdə olursa, mədəaltı vəzin psevdokistləri, kalsifikatları yaranır. İllər keçdikcə kəskin pankreatit xroniki pankreatitə və şəkərli diabetə keçir.
Gedişi və ağırlaşmaları
Kəskin pankreatit vəzinin yayılmış absesi, prepankreatit, piylik cibinin empiyeması, dalaq venalarınıntromdu ilə ağırlaşa bilər. Əgər xəstəlik kəskin mərhələdədirsə, gələcəkdə mədəaltı vəzinin yalançı sistaları meydana çıxa bilər. Pankreatitli xəstələrin 3 nəfərindən birində şəkərli diabet inkişaf edir.
Profilaktikası
Pəhriz və qidalanma rejiminin gözlənilməsi, alkoqolla mübarizə, öddaşı xəstəliyi olanda xolesistoektomiya profilaktikanın əsas meyarıdır.
Müalicəsi
Son zamanlar mədəaltı vəzin xəstəliklərində müalicədə dərman bitkilərindən geniş istifadə edilir.
Gündə 3 dəfə 10 damcı propolis cövhəri qəbul edilir, ayda 10 gün 20%-li propolis suyu salınaraq yeməkdən 1 saat əvvəl 20 damcı içilir, 10 gün fasilə verdikdən sonra təkrar edilir. Prosedur 3 ay müddətində aparılır.
750 qr kaqor çaxırı, 100 qr acı yovşan və 100 qr ballınamə 2 həftə qaranlıqda saxlanılır, yeməkdən 40 dəqiqə əvvəl 50 qr qəbul edilir.
Qeyd: Pankretit xəstəliyinin ikinci forması - Xroniki Pankretit haqda növbəti həftə məlumat verəcəyik.
AZƏR Salehli
Azərbaycan Tibb Universitetinin tələbəsi