Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Rusiya özünü Azərbaycan ərazisində nə qədər sülhməramlı kimi göstərməyə çalışsa da, göründüyü kimi ola bilmir. Bunu Rusiya prezidenti Putinin ənənəvi olaraq keçirdiyi illik mətbuat konfransında Qarabağla bağlı suala verdiyi cavabdan da aydın görənlər çox oldu.
Əvvəlcə onu qeyd edək ki, TASS əməkdaşının sualını cavablandıran Putin məlum üçtərəfli bəyanatın 4-cü bəndi ilə bağlı sualdan yayındı. Sülhməramlıların Azərbaycan ərazisinə daxil olması ilə paralel erməni silahlılarının və ya silahlı qüvvələrinin bu əraziləri tərk edəcəyi məsələsinə toxunmadı. Əksinə, bu əsas məsələyə cavabın əvəzinə Dağlıq Qarabağın gələcək statusunundan danışmaqla, Laçın dəhlizi vasitəsi ilə Ermənistan və Dağlıq Qarabağ arasında mütləq əlaqə imkanı olmasını vurğuladı. Üstəlik Dağlıq Qarabağın statusuna gələcəkdə baxılmasını qeyd etdi.
Niyə məhz gələcəkdə?! Görünür, Rusiya burada uzunmüddət qalacağını planlaşdırır və sonrakı illərdə də bu həssas bölgədən öz maraqlarına uyğun olaraq, həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.
Doğrudur, Putin ilk baxışda Azərbaycana yönəli olaraq, Dağlıq Qarabağın beynəlxalq hüquq baxımdan Azərbaycanın ayrılmaz hissəsi olduğunu desə də, ancaq bunun ardınca, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımadı deməklə, sanki, tanısaydı məsələ indi başqa cür olardı, deyə Ermənistana bir növ ismarıc göndərir. İndi kim zəmanət verə bilər ki, Paşinyan devrildikdən sonra Ermənistanda hakimiyyətə gələcək hansısa “yan” Putinin bu ismarıcından həvəslənib Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq? Məgər, başı əzilməsinə baxmayaraq, Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyan, Moskvada rusiyalı həmkarı Lavrovla ilk görüşündən sonra 4 yeni şərtlə çıxış edərək, 10 noyabr Bəyanatının Qarabağ konfliktinin “son və uzunmüddətli” həllini əhatə etmədiyini - “Qarabağ konfliktinin həlli yalnız xalqların öz müqəddəratını müəyyənləşdirməsi prinsipi və “artsax xalqının” təhlükəsizliyi ilə mümkündür”, - deyə, öz erməni-rusqarışıq məramını bildirmədimi?
Əslində hər kəs yaxşı bilir ki, Ermənistan bu gündən sonra Azərbaycana hansısa formada nə isə edə bilən deyil və buna onun cürəti də çatmayacaq. Ancaq yeganə narahlıq ondadır ki, Rusiyanın maneçiliyi ilə Dağlıq Qarabağ məsələsi birdəfəlik öz həllini tapmadı, yenə gələcəyə və ya gələcək nəsillərə saxlanıldı.
Digər tərəfdən, Putin özünü Dağlıq Qarabağ məsələsinin səbəbini sanki, dərindən bilməmiş kimi göstərdi. Problemin əsl kökünü Ermənistanın Azərbaycana qarşı torpaq iddiasından başlandığını gizlədərək, onun etnik mənsubiyyətlə bağlı olduğunu və bu münaqişənin güya Sumqayıtdan başlandığını dedi. Sual yaranır: məgər, tarixə marağı olan və DTK-da çalışmış cənab Putin ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində baş verən bu hadisələrin kökündən həqiqətənmi xəbərsizdir, yoxsa Qarabağda məramının sülhdən uzaq olduğunu sətiraltı deməyə üstünlük verir? Ermənilərin şərəfini qorumaq üçün silaha əl atdığını deyən Putin, doğurdanmı Xocalı hadisəsini törədənləri hansısa şərəf sahibi hesab edir? Bu üzdən Rusiyanın Azərbaycan ərazisində məramının sülh olacağını düşünmək olduqca təhlükəlidir.
Əlbəttə, bir çoxları deyə bilər ki, Azərbaycan qalib ölkədir, narahatlığa əsas yoxdur. Ancaq baxın, Lavrov Rusiya öz kaloniyasını başqa dövlətlərin təsiri altına düşməsinə imkan verməyəcək deyirsə, sülməramlıların başçısı Rüstəm Muradov hələ də özünü “dqr prezidenti” hesab edən Araik Arutyunyanı oturduğu yerdən qovmaq əvəzinə, onunla tez-tez görüşürsə, hətta qucaqlaşırsa, Rusiya və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağda istədikləri formada xəritə çəkməyə cəhd edirsə, evi yıxılmış ermənilərə 8 min ev tikəcəklərini planlaşdırırsa, Xocalı aeraportunu təmir etdiyini və tezliklə istifadəyə verəcəyini bildirirsə, üstəlik Rusiya mediasında bu bölgədəki haylara rus pasportları veriləcəyi barədə araya sözlər atılırsa, sıradan olan hər hansı bir azərbaycanlı necə narahat olmasın.
Diqqət edin, Şuşanın girişində Azərbaycan bayrağı ilə eyni yerdə yüksəldilən Türkiyə bayrağı, güya, ermənilərin heysiyyatına toxunur və ya qorxudur deyə, onu həmin yerdən götürüblər. Yaxşı, o zaman azərbaycanlıları da Rusiya bayrağı, daha çox isə “dqr”-nın əski parçası narahat edir, niyə onları inzibati binaların üzərindən yığışdırmırlar. Ümumiyyətlə, Rusiya əgər həqiqətən də sülməramlıdırsa, niyə onun müşahidə məntəqələrinin və patrul avtomobillərinin üstündə sülhmərəmlı bayrağı əvəzinə rus bayrağı dalğalanmalıdr?
Maraqlıdır, Rusiyanın bu bölgədə məramı sülhdürsə, niyə Paşinyan, “Türkiyə və Azərbaycanla əlaqələri yaxşılaşdırmaq lazımdır”, deyəndən sonra, Hadrutda meşədə 160 könüllü necə peyda oldu? Azərbaycan ordusu tərəfindən əsir götürülən Ermənistanlı “könüllülər” bu yerə necə gəldi ki, “məramı sülh olanlar” o boyda sürünü görə bilmədi? Sözsüz ki, Putin yaxşı bilir ki, Ermənistanın Türkiyə və Azərbaycanla birdəfəlik barışması Rusiyanın nəinki Qarabağdan, ümumiyyətlə Cənubi Qafqazdan çıxması demək olar. Odur ki, Putin Dağlıq Qarabağın statusunun dəyişməz olaraq qalması və ona gələcəkdə baxılmasını deyəndə, məramının öz ölkəsi xeyrinə bu bölgədə hələ uzun gələcəyə hesablanmış olduğunu nəzərdə tutur.
Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanın Qarabağda məqsədi heç də əsl sülh yaratmaq deyil, ondan əvvəlki dövrlərdə olduğu kimi hər iki – Ermənistan və Azərbaycan tərəflərinə uzunmüddətli təzyiq aləti kimi istifadə etməkdir.