Bu il ərzində beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. ölkələrdən Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə ölkəmizə ekstradisiya edilməsi təmin olunub.
Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, bu günlərdə isə Cinayət Məcəlləsinin 263.3-cü (iki şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyasına nail olunaraq, o, nazirlik tərəfindən ölkəmizə gətirilib:
"Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, qardaş Türkiyə tərəfindən ölkəmizə daim böyük dəstək göstərilir.
Ümumilikdə isə ötən 5 il ərzində 200 nəfərədək cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.
Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır".
Rəsmi məlumata görə, nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.