Modern.az

Böyük alimə yubiley təbriki

Böyük alimə yubiley təbriki

21 Dekabr 2020, 17:35

Professor Vəsadət Əzizovun 65 yaşına...

 

Haqqında deyə biləcəyim çox sözüm var. Və sözünə də həmışə ehtiyac duyduğum birisidir mənim üçün... Sevincimi, kədərimi rahatlıqla bölüşə bildiyim dəyər sahibi... Dahi Nizaminin

Sözün qanadları var, quş kimi incə-incə

Dünyada söz olmasa, nəyə gərək düşüncə...

misraları ilə köklənib yubilyar bir insanın xarakterik cizgilərini sözün və qələmin vəhdətində vermək o qədər də çətin deyil. Sözün işığına yön alıb düşüncələrimdə yubilyarın işıqlı obrazını yaratmağa çalışıram. Mayası sadəlik və xeyirxahlıqla yoğrulan sevimli  insan...

 

Kimə məxsusluğunu dəqiq xatırlaya bilmədiyim müdrik bir deyimdə deyildiyi kimi: “Xarakterdə, davranışda və ümumiyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir”. Məhz yazımın qəhrəmanı da mənəvi saflığının başlıca şərtinə çevirə bildiyi sadəliyi özünün həyat kredosu kimi qəbul edib. Geniş təqdimatına o qədər də ehtiyac duymadığım professor Vəsadət Əzizov özünü cəmiyyətə təqdim edə bilib... Sadə insan, vətənpərvər ziyalı, böyük alim, tanınmış və nüfuzlu ürək həkimi...

 

 

Sadə bir ailədə dünyaya göz açıb. Masallının adlı-sanlı “Qəhrəman ana”nın laylası ilə həyata baxışı formalaşıb. Həyat amalına çevrilən saflıq, təmizlik və halallıq taleyinə həmışə çıraq tutub. Doğma kəndinin saf, təmiz havasını ciyərlərinə çəkib arzularının dalınca şəhərə üz tutan gəncin taleyi üzünə gülür.

 

Erkən yaşlarından qəlbində baş qaldıran həkim olmaq istəyi artıq gerçək idi. Nemətlərin ən yaxşısının sağlamlıq olduğunu özü üçün tam yəqin etmişdi. İnsanların sağlamlığı keşiyində dayanmağın şərəf və ləyaqətinin böyük məsuliyyətdən keçdiyini də yaxşı anlayırdı. Beləcə, bu çətin və şərəfli yolda ilk addımlarını atmağa başlayır. Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) müalicə-profilaktika fakultəsində 1972-1978-ci illərdə təhsil alır. Həkimlik peşəsinin incəlik və sirlərinə dərindən yiyələnərək yeni bir yol - elm yolunu seçir. ADTİ-nin “Daxili xəstəliklər “ixtisası üzrə aspiranturasına daxil olmaqla 1983-cü ildən bu istiqamətdə bilik və bacarığını ortaya qoyur. Sovetlər ittifaqının paytaxt şəhəri Moskvada Ümumittifaq Kardioloji Elmi Mərkəzdə namizədlik (1985-ci il) və doktorluq (1993-cü il) dissertasiyalarını uğurla müdafiə edir.

 

 

Etimad göstərilərək akad. C.Abdullayev adına Elmi-tədqiqat Kordiologiya İnstitutunun direktoru vəzifəsinə təyinat alan V.Əzizov 1994-1998-ci illər ərzində bu sahənin inkişafı üçün imkanlarını səfərbər edir. 1999-cu ildən etibarən ATU-nun II Daxili xəstəliklər kafedrasına (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik ona həvalə olunub.

 

İstedad və bacarığını səmərəli fəaliyyəti müstəvisinə inamla daşıyan V.Əzizov bir çox beynəlxalq elmi cəmiyyətlərin və xarici jurnalların redaksiya şuralarının üzvi kimi də diqqət mərkəzində dayanır. Azərbaycan alimi kimi beynəlxalq elmi konqreslərə dəvət alan professor bu mötəbər tribunalardan ölkəmizi layiqincə təmsil edib. Avropa Kardiologiya cəmiyyətini, Dünyanın ürək dostları cəmiyyətinin, İmmunoreablilitasiya və tibbdə reabilitasiya cəmiyyətinin, Rusiya ultrasəs müayinəsi cəmiyyətiərinin üzvü və Avrasiaya kardioloqlar cəmiyyətinin idarə heyətinin üzvü kimi elmi əlaqələrin qurulmasında prinsipial mövqe nümayiş etdirib.

 

Prof. V.Əzizov uzun müddət Türkiyənin “Kardiologiya” jurnalının (İstanbul) redaksiya şurasının üzvü, “Konsilium” (Bakı) jurnalının baş redaktor müavini olmuşdur. O, hazırda “Kardioloqiçeskiy vestnik” (Moskva), “Kardiologiya” (Moskva), “Vizualizasiya v klinike” (Moskva), “Sentralnıy aziatskiy medisinskiy jurnal (Bişkək)”, “Azərbaycan ürək və damar cərrahiyyəsi” jurnallarının redaksiya şurasının, “Evrasiyskiy kardioloqiçeskiy jurnal” (Moskva), “Azərbaycan Kardiologiya jurnalı”  (Bakı), “Sağlamlıq” (Bakı) jurnalının redaksiya heyətinin üzvüdür.

 

 

Elmi yaradıcıliğının qısa statistikasını verməklə dəyərli alimin bu istiqamətdəki məhsuldar fəaliyyətini göz önünə gətirmək olar. Professor V.Əzizov 650-yə yaxın çap olunmuş elmi işlərin, 36 dərslik, dərs vəsaiti, monoqrafiya, 5 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik şəhadətnaməsi və 1 ixtiranın müəllifidir. Elmi işləri dünyanın bir çox ölkələrinin yüksək impakt-faktorlu jurnallarında çap olunub. 26 namızədlik, 5 doktorluq dissertasiyası məhz onun rəhbərliyi altında müdafiə edilib.

 

Bu gün gənclərin şəxsiyyət kimi formalaşması da vətənpərvər alimin diqqətdə saxladığı vacib məqamlardandır. Gənc nəslin təlim-tərbiyəsinə yaradıcı yanaşmaqla V.Əzizov pedaqoji fəaliyyətinin tələblərinə müasir dövrün çağırışları baxımından xüsusi həssaslıq göstərir.

 

Cəmiyyətin ictimaı-siyası həyatında da həmişə fəallığı ilə seçilib. Vətənpərvər ziyalı, əsil vətəndaş mövqeyi ilə cəmiyyətdə gedən proseslərin mərkəzində dayanmaqla dövlətçiliyə sədaqətini nümayiş etdirir. Üzərinə götürdüyü öhdəliklər çoxşaxəli fəaliyyətinin əsas istiqamətini müəyyən edir. Milli Məclisin deputatı kimi 2000-2005-ci illərdəki fəaliyyətini təhlil bucağına gətirmək kifayət edər ki,yanaşmamızda yanılmadığımızın fərqinə varaq. Seçıcılərinin etimadını qazanmaqla millət vəkili kimi özünü doğruldur. İşçi qrupuna rəhbərlik etməklə MDB ölkələrin  Parlamentlərarası Assambleyasının tibb sahəsində model qanunlar hazırlanır. Bu qurumun fəxri diplomuna layiq görülməklə həmin sahədəki fəaliyyəti yüksək qiymətləndirilir. Professor Vəsadət Əzizov Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə dövlət başçısının 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

 

Bu gün ömrünün 65-ci baharını yaşayır Vəsadət müəllim. Daha nikbin, daha rahat yubiley yaşının işığına qucaq açır. Sıralarında ləyaqətlə təmsil olunduğu YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin ATA vəsiyyəti Müzəffər Ali Baş Komandan tərəfindən həyata keçdi. Böyük qələbənin sevincini, Zəfər paradının qürurunu yaşamağı ən böyük mükafatı sayır.

 

Mükafatınız, yubiley yaşınız mübarək, Vəsadət müəllim! 100-cü baharınızda görüşənədək...

 

Sarvan Bəhluloğlu

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi