Modern.az

“Münxendən Başlayan Zəfər” 

“Münxendən Başlayan Zəfər” 

22 Dekabr 2020, 10:45

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə bağlı "Münxendən Başlayan Zəfər" adlı kitab yazıb.


Modern.az
-ın məlumatına görə, kitabda Qarabağ münaqişəsinin həllində müstəsna əhəmiyyəti olan Münxen Təhlükəsizlik Konfransı haqda geniş bəhs olunur.

Qeyd edilir ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında erməni faşizmini ifşa edən tarixi çıxışı bu kitabın yol xəritəsi olub.

Kitaba erməni tarixinin mifologiyaya əsaslandığı və erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında qurulduğunu sübut edən gerçək faktlar, Qarabağ münaqişəsinin tarixinə dair arxiv materialları, sənədlər, xəritələr, dövrün tarixi personajlarının məktub və hesabatları, stenoqramlar toplanıb.

Məlahət İbrahimqızı Prezidentə məktubla da müraciət edib. Deputatın məktubu dövlət başçısının saytında yerləşdirlib. Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.


Bu gün Azərbaycan xalqı Sizin haqq və ədalətin müdafiəsi naminə "irəli!" əmrinizlə Şanlı Ordumuzun sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində qazanılan böyük Qələbənin sonsuz sevincini yaşayır. Sizin Komandanlığınızla əfsanəvi "Dəmir yumruq" əməliyyatı ilə 30 ildən sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Sizin qətiyyətiniz və siyasi iradənizlə dünya bir daha Xalqımızın birliyinin, Azərbaycan dövlətinin gücünün və Ordumuzun məğlubedilməzliyinin şahidi oldu.

Böyük fəxarətlə deyə bilərik ki, Sizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurlarınız 44 günlük Vətən müharibəsində möhtəşəm və şəksiz zəfərin əldə edilməsində həlledici rol oynadı. Bir çox beynəlxalq təşkilatların, əksər dövlətlərin, eləcə də tərəqqipərvər insanların "Dəmir yumruq" əməliyyatını dəstəkləməsi də, məhz Sizin uzaqgörən siyasətinizin və dünyada qazandığınız nüfuzun nəticəsidir.

2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında "Mən bura həqiqəti söyləməyə gəlmişəm!" deyərək, Siz Qarabağın tarixən və hüquqən Azərbaycan torpaqları olduğunu əsaslı dəlillərlə sübut etdiniz.

Konfransdakı təqdimatınızla Siz bəşəriyyətin diqqətini növbəti dəfə bu münaqişəyə cəlb edərək, beynəlxalq təşkilatları biganəliyə və səssizliyə son qoymağa çağırdınız. Ölkəmizin milli maraqlarının qorunmasında Sizin atdığınız prinsipial, ardıcıl və cəsarətli addımlar Azərbaycanı qalib bir dövlətə çevirdi.


Möhtərəm cənab Prezident,


Siz qeyd etdiyiniz kimi, Qarabağ münaqişəsinin həllində müstəsna əhəmiyyəti olan Münxen Təhlükəsizlik Konfransından başlanan açıq qalibiyyət "Münxendən Başlayan Zəfər" adlı kitabın hazırlanmasını və ərsəyə gətirilməsini zəruri etdi. Sözsüz ki, Sizin Münxen Təhlükəsizlik Konfransında erməni faşizmini ifşa edən növbəti tarixi çıxışınız bu kitabın yol xəritəsi olmuşdu. Kitaba erməni tarixinin mifologiyaya əsaslandığını və erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında qurulduğunu sübut edən gerçək faktların, Qarabağ münaqişəsinin tarixinə dair arxiv materiallarının, sənədlərin, xəritələrin, dövrün tarixi personajlarının məktub və hesabatlarının, stenoqramların ən önəmliləri daxil edilmişdir.


Möhtərəm cənab Prezident,


Təqdim etdiyimiz bu kitab Sizin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərinizin çox az hissəsini əks etdirir.

Əminik ki, görkəmli dövlət xadimi, fateh və yenilməz sərkərdə kimi Sizin tarixi xidmətləriniz haqqında gələcəkdə də çoxcildli əsərlər yazılacaqdır.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi möhtəşəm zəfərimiz münasibəti ilə təbrik edir, xalqımızın və dövlətimizin gələcəyi naminə həyata keçirdiyiniz müqəddəs missiyanızda yorulmaz fəaliyyət arzulayıram.

Allah Sizi və Azərbaycanı qorusun!


Dərin hörmətlə,

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi