Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan yaralanmış hərbi qulluqçularımıza baş çəkib.
Modern.az xəbər verir ki, görüşdə iştirak edən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki Elxan İbrahimov müəssisədəki ümumi şərait, tibbi təchizat haqqında, eyni zamanda Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçularımıza göstərilən tibbi xidmət barədə geniş məlumat verib.
Ombudsman Səbinə Əliyeva müharibə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularla görüşüb. Başçəkmə çərçivəsində hospitalın ərazisinə baxış keçirilib, Ombudsman müəssisədə yeni istifadəyə verilmiş təcili tibbi yardım maşınları, digər müasir texniki avadanlıqlarla tanış olub.
Palatalarda hərbi qulluqçulara baş çəkən Ombudsman onların sağlamlıq vəziyyəti, tibbi xidmətin təşkili ilə maraqlanıb. Səbinə Əliyeva hərbi qulluqçularımızı müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər münasibətilə təbrik edib, onlara şəfa diləyib. Hərbi qulluqçular onlara göstərilən qayğı, tibbi xidmətlər və qidalanma səviyyəsindən razılıqlarını ifadə ediblər.