Modern.az

Səhiyyə müəssisələrində qanun şahdır, yoxsa....

Səhiyyə müəssisələrində qanun şahdır, yoxsa....

31 İyul 2012, 13:49

Hippokratın andı həkimlərin boğazından keçmir


“Bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət, müayinələr və dərman preparatları pulsuzdur”. 

Bu elan bütün dövlət xəstəxanalarında elə qapının girişindəcə asılıb. Amma bu və ya buna oxşar məzmunda elanların bütün dövlət xəstəxanalarında “nağıl” olmasına heç kim şübhə etmir. Azərbaycan vətəndaşlarının tibbi xidmət almaq hüququ yalnız qanunlarda var. Reallıqda isə heç bir dövlət müəssisələrində pulsuz tibbi xidmət almaq mümkün deyil. Qanunvericilikdə bütün vətəndaşlar üçün pulsuz tibbi xidmət nəzərdə tutulsa da təbii ki, əksər qanunlar kimi bu da elə kağız üzərində qüvvədədir. Dövlət tibb ocaqlarında pulsuz xidmətlə bağlı qanun 2008-ci ilin fevralın 1-dən qüvvəyə minsə də, indi çox nadir hallarda həkim xəstəni təmənnasız müalicə və ya müayinə edir.

Elə xəstəxanadan çıxan insanlar da deyirlər ki, bu elan elə kağız üstündə qüvvədədir və əslində səhiyyə müəssisəsində xidmət pulludur. Amma nədənsə vətəndaşların əksəriyyəti qanunlarla onlara verilən tibbi yardım hüququnu bilsələr də, bunu tələb etmirlər. Elə təəccüblüsü də odur ki, müsahiblərimin demək olar ki, 90%-i həkimlərə pul verməkdə maraqlıdırlar. Yolu həkimlərə düşənlərin böyük əksəriyyəti deyir ki, bəzi hallarda bu qanunu vətəndaşların  özləri pozurlarsa, əksər hallarda həkimlər də qanunun pozmaq da maraqlıdırlar.

Sumqayıt şəhəri 1 saylı doğum evində həmsöhbət olduğumuz Yasəmən Abdullayeva deyir ki, əslində Azərbaycanda təbibi həmişə xalq dolandırdığından əhalimiz burada da kömək əlini kəsmir:

“Həkimlər həmişə maaşlarının az olmasından şikayət edirlər. Hər il maaşlarında artım edilsə də necə deyərlər yenə də gözlərinin pasientin əlinə dikirlər. Biz xəstələr də onları ələ baxan öyrətmişik. Amma burası da var ki, xəstə pul verməyəndə həkim heç onun üzünə də baxmır. Onu elə yola salır ki, xəstə gəldiyinə peşman olur. Hətta həkimə pul vermədiyinə görə başqa xəstələr tərəfindən də qınanırlar. Dəfələrlə haqqımı tələb etdiyimdən dava da etmişəm. Amma nə fayda!? Mənim özüm bu yaxınlarda ana oldum. Hətta xəstəxanada psixoloji travma da almışam. Həkimlər bizimlə elə rəftar edirdilər ki, elə bil insan deyilik. Ancaq dərdləri pul dərdi idi. Nə vaxt ki, pulun ucunu görürdülər adamla bir balaca yumşaq rəftar edirdilər. Elə ki pul vermirdim həmin gün xoş rəftardan əlimizi üzürdük. Haqqımızı tələb edəndə də uşağımızı kukla kimi ora bura atırdılar. Hətta elə olub ki, bir-iki uşaq travma da alıblar. Mən onlardan şikayət edəcəyimi desəm də cavablarından sonra fikrimi dəyişirdim. Cavabları isə belə olurdu ki, get kimə şikayət edirsən elə. Onsuzda hər yerdə belədir. Artıq həkimlərin ələ baxım olmaları, xəstələrin də rüşvət verməyə məcbur edilmələri hər iki tərəfin qanlarına işləyib. Mənə elə gəlir ki, qanunların işləməsi  üçün hər xəstəxanada bir hüquq mühafizə orqanının nümayəndəsi durmalıdır. Əks halda qəbul olunan bütün qanunlar elə kağız üzərində qalacaq”.       

Təkcə qəhrəmanımızın yox, elə yolu düşən bütün pasientlərin şikayət etdiyi Sumqayıt şəhəri 1 saylı doğum evindən də məsələyə münasibət öyrənmək istədik. Amma suallarımızı cavablandıran olmadı.

Xəstəxanaya getmək qərarına gəldik. Burada da üzümüzə baxan olmadı. Məqsədimizi biləndən sonra bizi içəri almadılar. Beləcə, qərara gəldik ki, həkimlərin belə rəftarı  xəstələrin dediyini təsdiqləyir.      

Səhiyyə Nazirliyi də vəziyyətdən xəbərdardır. Amma...

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, nazirliyin buna nəzarət etmək hüququ yoxdur. Bunun üçün hüquq-mühafizə orqanları var. Nazirlik rəsmisinin sözlərinə görə, məhz onlar rüşvət və qeyri-qanuni ödənişlərə qarşı mübarizə aparmalıdırlar:

“Ümumiyyətlə  rüşvət ən çətin sübuta yetirilən cinayətlərdən biri hesab olunur. Ona görə Səhiyyə Nazirliyi bu sahədə gücsüzdür. Nazirliyə rüşvətlə bağlı hər hansısa araşdırma aparmaq səlahiyyəti verilməyib. Vətəndaşlar tibbi yardımla bağlı şikayətləri olarsa nazirliyin qaynar xəttinə zəng edə  və ya ərizə ilə müraciət edə bilərlər. O zaman həmin şikayət nazirlik tərəfindən mütləq araşdırılır.

Amma rüşvətin olub-olmaması faktını müəyyənləşdirmək bizim səlahiyyətimiz xaricindədir. Bunu yalnız istintaq müəyyənləşdirə bilər. Əlbəttə, həmin müraciətlərin arasında qeyri-formal ödəniş tələbi, həkim tərəfindən qeyri-etik davranış, həm də müalicə prosesindən narazılıq  həmişə olur. Təbii ki, bunu Səhiyyə Nazirliyi araşdırır. Əksər halda fakt öz təsdiqini tapır, elə vaxt olur ki, vətəndaşlar həkimlərə böhtan da atırlar. Araşdırmalar nəticəsində belə faktlar üzə çıxır. Buna görə də cəza tətbiq edilir. Bu günə kimi belə faktlara görə bəzi həkimlər işlərindən azad edilib, bəzilərinə isə töhmət verilib. Hətta rüşvətə görə artıq bir neçə nəfər istintaqa cəlb olunub”.

A. Qədirli onu da bildirdi ki, bir il ərzində nazirliyin qaynar xəttinə 9600 müraciət daxil olub. Bunlardan 4847 müraciət şikayət xarakteri daşıyıb. Şikayətlərdən 1285 əsaslı, 3562 əsassız olub. 2647 müraciət isə sorğu xarakteri daşıyıb. 595 müraciət isə aidiyyatı üzrə olmayıb. Şikayətlərdən 1511-i cari problemlərlə bağlı olub. Qeyri-etik davranış və xəstənin tibbi yardımın keyfiyyətindən narazı qalması nəticəsində cari ilin dörd ayı ərzində həkimlərə 12 töhmət, 12 xəbərdarlıq edilib.  Həkimin qeyri-etik davranışına isə təbii ki, onların pul istəməsi və ya xəstələrlə qeyri-etik rəftarı da ola bilər.   

Xatırladaq ki, 2008-ci il fevralın 1-də dövlət büdcəsindən maliyyələşən müalicə müəssisələrində pullu tibbi xidmət ləğv edilib. Son 4 ilin təcrübəsi isə bunun tam əksini deyir. Yəni verilən göstərişlər və öhdəliklər heç də özünü doğrultmur. Görünür, pullu xidmətin ləğvi həkimlərin və pasientlərin özəl klinikalara axınını sürətləndirməkdən başqa bir şey deyil. Üstəlik, dövlət xəstəxanalarında təchizatın və avadanlığın, olduqca aşağı səviyyədə olması bu işi bir az daha sürətləndirir. Pulsuz xidmət göstərildiyinə görə xəstə rahatlıqla dövlət xəstəxanasına müraciət etsə də, nəticə heç də ürəkaçan olmur. Çünki deyildiyi kimi, bu cür xəstəxanalarda diaqnozu dəqiqləşdirmək üçün laborator və el arasında “UZİ” adlandırılan ultrasəs aparatlarının olmaması və ya həddən artıq bərbad durumda olması nəticədə pasienti özəl klinikaya üz tutmağa məcbur edir.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev də etiraf edir ki, indi hər kəsin pulsuz tibbi xidmət hüququ tam təmin olunmur. Hazırkı  tibb müəssisələrindəki vəziyyət millət vəkilini də qane etmir:

“Bu, bizi də qane edən səviyyədə deyil. Yəqin ki, Səhiyyə Nazirliyinin rəhbərliyi də arxayın deyil ki, bu xidmət tam lazımi səviyyədə həyata keçirilir”. Musa Quliyev son illər tək Bakıda yox, regionlarda da müasir tibbi diaqnostik mərkəzlərin açıldığını, onların ən modern avadanlıqlarla təchiz olunduğunu deyir: 

“Amma bu cihazların çoxunu işlədə bilən həkim kadrlarımız yoxdur. Bu problemin də həlli üçün müəyyən işlər görülməlidir”. 

Dövlət tibb müəssisələrində pulsuz xidmət haqqında qanuna əməl olunmamağın səbəbini qanunun işlək mexanizminin olmamasında görən tibb elmələri doktoru Aqil Qeybulla isə deyir ki, dövlət tibb müəssisələrində bu cür neqativ halların birinci səbəbi tibbi sığortanın yoxluğudur. Prezidentin 2009-cu ildə qəbul etdiyi qərar hələ də işləmir. Çünki bu qanunun işlək mexanizmi yoxdur: 

“Qanunun işlək mexanizmi isə cəmiyyətin hər bir təbəqəsinin tibbi sığorta ilə sığortalanmasıdır. Hər kəsin cibində sığorta polisi deyilən vəsiqə olmalıdır ki,  vətəndaşlar hər bir bədbəxt hadisə zamanı bu sığortadan istifadə edə bilsinlər.  Hətta doğuş da bura aiddir. İkinci məsələ isə tibbi sığortaya görə vətəndaşların kateqoriyalara ayrılmasıdır. Bunun üçünsə Azərbaycanda 4 kateqoriya müəyyənləşməlidir. Birinci kateqoriyaya gəliri olmayan, işləməyən tələbələr, tək yaşayan insanlardır ki, onlar birbaşa dövlət tərəfindən sığortalanmalıdır. İkinci kateqoriyaya əmək birjasında qeydiyyata durmuş insanlar aid edilməli və onlar həmin  resursları hesabına sığortalanmalıdırlar. Üçüncü kateqoriyada isə dövlət və özəl sektorda çalışanlar olmalıdır ki, onlar öz maaşlarının hesabına sığortalana bilsinlər. Dördüncü kateqoriyaya isə məmurlar və yüksək gəlirli insanlar aid edilməlidir ki, onlar xüsusi qaydada sığortalansınlar. Bununla da bütün təbəqələr sığortalanmış olacaq”.

Həkim onu da bildirdi ki, tibbi sığorta məsələsi həll edilmiş olarsa dövlət xəstəxanalarında problemlər aradan qalxmış olar. Amma indi bunu demək çətindir:

“Dövlət xəstəxanalarında çalışanların əməkhaqları gülməli dərəcədə aşağı və heç bir şəxsin tibbi sığortası yoxdur. Xəstəxanaların təchizatı da təbii ki, adekvat deyil. Çünki elə xəstəliklər var ki, dövlət həmin xəstələrin müalicəsi üçün lazım olan müalicəni qarşılaya bilmir. Belə olan halda məsuliyyəti həkimin üzərinə atırlar. Təbii ki, bu da  həkim və vətəndaş arasında ədalətsiz qarşıdurma yaradır. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Əksər ölkələrdə həkim kodeksi deyilən qanun var ki, həkim və xəstə arasındakı münasibətlər həmin qanunla tənzimlənir. Təbii ki bizdə də belə kodekslərin qəbul olunmasına ehtiyac var. Bu stereotipləri aradan qaldıra bilsək bizdə də qanunlar lazımi səviyyədə işləyəcək”.

  

Gültəkin Ələsgər

Yazı Media Hüququ İnstitutu və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) keçirdiyi jurnalist müsabiqəsinə təqdim  olunur.

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?