Ssenari müəllifi Aqil Abbasdır
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xeyli vaxtdır yazıçı, millət vəkili Aqil Abbasın “Dolu” romanı əsasında çəkilən eyni adlı filmin premyerası gözlənilir.
Bu barədə Modern.az saytına açıqlama verən rejissor Elxan Cəfərov qeyd edib ki, “Dolu” filminin premyerası avqustun 3-də Nizami kinoteatrında saat 18:00-da olacaq.
E. Cəfərov premyeraya 500 nəfər qonağın dəvət edildiyini bildirib. “Bu qonaqların arasında filmin ssenaristi Aqil Abbas və bəstəkarı Polad Bülbüloğlu da qonaqları olacaq. Yəqin Mədəniyyət və Turizm Nazirliyi müxtəlif KİV nümayəndələri ilə əlaqə saxlayıb və onlar da premyeraya dəvət göndərəcək”.
Qeyd edək ki, dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirovdur. Filmdə əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov, aktyorlar Rza Rzayev, Elvin Əhmədov, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova və başqaları oynayacaqlar.
Oxucular və ədəbi ictimaiyyət arasında böyük əks-səda doğuran əsərdə söhbət Qarabağ müharibəsindən gedir.
Aytən ƏLİYEVA