Mərakeş, ABŞ və İsrail hökumətləri Rabatda birgə bəyannamə imzalayıblar. Modern.az xəbər verir ki, “Maghreb Arabe Press” informasiya agentliyinin yaydığı məlumata görə, sənədə Mərakeşin baş naziri Səəd əd-Din əl-Osmani, ABŞ prezidentinin baş müşaviri Cared Kuşner və İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat imza atıblar. Mərasim Mərakeş kralı VI Məhəmmədin iştirakı ilə baş tutub.
Sənəddə qeyd olunur ki, ABŞ Mərakeşin bütün Qərbi Sahara üzərində suverenliyini tanıyır və Mərakeşin mübahisənin ədalətli həlli üçün Sahara bölgəsinə muxtariyyətin verilməsi təklifini dəstəkləyir. ABŞ bölgədə iqtisadi və kommersiya imkanlarını inkişaf etdirmək üçün Qərbi Saharada konsulluq açmağı da planlaşdırır.
Mərakeş və İsrail arasında da bir neçə sənəd imzalanıb. Mərakeş hökuməti İsraillə diplomatik, sülh və dostluq münasibətlərini qurmağa hazır olduğunu bildirib. Ölkələr arasında mülki aviasiya, diplomatik əlaqələrin inkişafı, idarəetmə və su ehtiyatlarının inkişafı sahəsində, həmçinin maliyyə və investisiya sektoru üzrə sənədlərə imza atılıb.