Mətbuatda iqtisadi mövzu – monitorinqin nəticələrinə görə üç qəzet irəlidədir
Bu gün Zərdabi Mətbuat Mərkəzində “Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
Mərkəzin sədri Rəhim Hüseynzadə bu sahədə yazılan yazıların monitorinqlərin nəticələrindən danışdı:
“Mətbuat Mərkəzinin bundan öncə 30 kütləvi informasiya vasitəsində apardığı monitorinqlər KİV-lərdə bu mövzunun işıqlandırılması sahəsində vəziyyətin heç də qənaətbəxş olmadığını göstərib. Onların 2012-ci ilin ilk 3 ayında təqdim etdikləri sahələr üzrə materialların yalnız 0,6 faizi həmin mövzu ilə bağlı olub. Buradan da belə bir nəticə hasil olur ki, media nümayəndələri ölkə oxucusunun sahə üzrə peşəkar yazılara olan ehtiyacının ödənilməsinə istiqamətləndirilməlidir. Bu zərurət ondan irəli gəlir ki, KİV-də gedən yazılarda bank-kredit həyatı qələmə alınarkən terminlərdən tutmuş, digər spesifik cəhətlərə qədər təhriflərə, yanlış yanaşma hallarına yol verilir. Bu isə sahə ilə bağlı qurumların da imicinə təsirsiz ötüşmür. Nəticədə onlar Azərbaycan Mətbuat Şurasına və məhkəmələrə əsl həqiqətlərə aydınlıq gətirilməsi üçün şikayətlərlə müraciət edirlər. Zərdabi Mətbuat Mərkəzi belə qənaətə gəldi ki, layihənin reallaşdırılması bu sahədə dönüş yaranmasına əhəmiyyətli dərəcədə kömək göstərə bilər. Məqsədimiz Azərbaycanın kütləvi informasiya vasitələrinin bank-kredit həyatını daha aktiv, obyektiv və peşəkarlıqla işıqlandırılmasına nail olmaq, monitorinq aparmaqla bu sahədəki tendensiyaları izləmək, nəticələri ilə müvafiq qurumları, ictimaiyyəti, KİV-ləri tanış etmək, jurnalistlərin ixtisaslaşmalarına yardım göstərməkdən ibarətdir. Layihə 3 istiqamətdə aparılır. Ölkənin aparıcı qəzetlərinin və 7 informasiya agentliyinin mövzunu necə işıqlandırmalarının monitorinqinin aparılması, monitorinqin nəticələri ilə ölkə KİV-ini, aidiyyatı qurumları tanış etmək, bu sahədən yazan jurnalistlərin və mütəxəssislərin iştirakı ilə “dəyirmi masa”ların keçirilməsindən ibarətdir”.
R. Hüseynzadə onu da bildirdi ki, monitorinqə cəlb olunan KİV-lərin 4 ayda bank-kredit həyatı ilə bağlı dərc etdikləri yazıların ümumi sayı 1256-dır. Bu rəqəm həmin KİV-lərdə mövzunun işıqlandırılmasına olan marağın və aktivliyin göstəricisi də sayıla bilər. Apreldə qəzetlər ümumilikdə 118, mayda 145, iyunda 152, iyulda 212, informasiya agentlikləri müvafiq olaraq 82, 169, 178 və 200 belə material təqdim edib. İyulda isə ümumi materialların sayı apreldə nisbətən iki dəfədən də çox artaraq 200-dən 412-ə çatıb. Lakın 4 aylığın yekununda balans yaranıb. Qəzetlərdə 627, informasiya agentliklərində 629 material olub. Onu da vurğulayaq ki, apreldə cəmi 82 belə material yayımlayan informasiya agentlikləri iyulda həmin rəqəmi 200-ə çatdırıblar. Lakin informasiya agentliklərinin materialları yalnız informativ olmaları ilə fərqlənib. Onlar analitik yazılara və mütəxəssis məktublarına yer ayırmayıblar.
Mərkəz rəhbərinin sözlərinə görə, sonuncu istiqamətə gəldikdə deyə bilərik ki, mətbu vasitələrin bank-kredit sahəsinə dair mütəxəssis məktublarından korluq çəkməsi aşkar görünür. Belə ki, apreldə bu say 2, mayda 3 ədəd olub. Həmin yazılar “Xalq qəzeti”, “Azərbaycan”, “Kaspi” və “525-ci qəzet”də yer alıb. Qəzetlər informasiyaya apreldə 95, mayda 99, iyunda 140, iyulda 199 üstünlük versələr də, sahə mütəxəssisləri və ekspertlərlə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Qəzetlərdə analitik yazıları ən çox may ayında (64) veriblər. Bu rəqəm apreldə 37, iyunda 47, iyulda 48 olub.
Ümumilikdə qəzetlərə gəldikdə ən çox material təqdim edən “Ekspress” – 67, “Bakı xəbər” – 65, “Mövqe” – 52 ilk üçlüyü tutur. Lakin “Bakı xəbər” – 36, “Mövqe” – 34, “Yeni Müsavat” -– 25 analitik yazıların sayına görə digərlərini üstələyir. “Zerkalo”, “Ekspress”, “Bizim yol”, “Azadlıq”, “Paralel”, “Üç nöqtə” qəzetləri isə təqdim olunmuş bu istiqamətli materialların sayına görə sonrakı yerləri tuturlar.
İnformasiya agentliklərində 4 ayın yekun nəticələrinə görə, “Trend” – 221, “Azəri-Press” (APA) – 159, “Salamnyus” – 85, “Milli.az” – 70, “Azadinform” – 50 materialla ilk beşliyi bölüşdürürlər.
Monitorinq mətbu orqanlarda sahədən müntəzəm yazan jurnalistlərin adlarını da müəyyənləşdirib. Onların həvəsləndirici və treninqlərə cəlb olunmasının həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasındadır.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bu gün jurnalistlərin banklardan kredit ala bilməmələrindən danışdı: “Sanki banklara jurnalistlərə kreditlərin verilməməsi üçün qeyri-rəsmi qadağa qoyulub. Nəinki ipoteka krediti hətta adi məişət texnikası almaq üçün jurnalistlərə kredit verilmir. Bu çox ciddi problemdir. Banklar mütləq bu məsələni gündəmə gətirməli və problemi aradan qaldırmalıdır”.
Sonda digər jurnalistlər və tədbir iştirakçıları öz fikirlərini səsləndiriblər.
Gültəkin Ələsgər