Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov AMİP lideri Etibar Məmmədovun YAP-çı deputatlar haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
Modern.az xatırladır ki, Etibar Məmmədov mətbuata açıqlamasında Azərbaycan dövlətini YAP-çı deputatlardan da çox sevdiyini və vətəninə ürəkdən bağlı olduğunu bildirib.
Bununla bağlı münasibət bildirən Eldar İbrahimov Etibar Məmmədova hörmət etdiyini, lakin onun fikirləri ilə razı olmadığını deyib.
“Etibar Məmmədov əgər Azərbaycanı sevirsə, mən də buna ürəkdən sevinirəm. Qoy öz xalqını, vətənini sevsin. Amma, Etibar Məmmədov hardan bilir ki, biz YAP-çılardan çox sevir, yoxsa az sevir. Axı elə bir ölçü vahidi yoxdur ki, kim-kimdən çox sevir. Etibar Məmmədovun Azərbaycanı sevməyinə böyük hörmətlə yanaşıram. Buna qəti şübhəm yoxdur. 90-cı ldə deputat olmuşuq onunla. Onu mən yaxşı tanıyıram. İnsanlar fərqlidir. Kimsə az sevər, kimsə çox sevər, bunu mən deyə bilmərəm. Yeni Azərbaycan Partiyası üzvlərinin hamısı dövlətinə, xalqına sadiq insanlardır”, - deyə E.İbrahimov Etibar Məmmədova cavab verib.
Anar RÜSTƏMOV