Prezident İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Cəllilabad rayonunda olub. Lənkərana səfərini başa çatdırdıqdan sonra ölkə başçısı Cəlilabad rayonuna gəlib. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev mərhum prezident Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezidentə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib.
Daha sonra Prezident İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına məlumat verdi ki, 1952-ci ildə salınan bu parkda ilk dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülmüşdür. Burada 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılıb. İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan misilsiz Qələbədə Azərbaycan xalqı da xüsusi rol oynayıb.
Azərbaycan Prezidenti 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub.
Diqqətə çatdırılıb ki, parkda Cəlilabad sakinlərinin, o cümlədən veteranların hərtərəfli istirahəti üçün hər cür şərait yaradılıbdır.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verib.
Daha sonra ölkə başçısı İlham Əliyev Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.
Məlumat verilib ki, mərkəzin tikintisinə ötən il başlanıb. İnşaat işləri daxili imkanlar hesabına aparılıb. Ərazisi 1200 kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.
Birinci mərtəbədəki “Cənub palitrası” təsviri incəsənət studiyasında rayon gənclərinin rəsm və digər əl işləri nümayiş etdirilir. Mərkəzdə gənclər milli və müasir rəqslərin sirlərinə də dərindən yiyələnmək imkanı əldə edirlər. Mərkəzdə yetkinlik yaşına çatan qızlar üçün “Gənc analar” studiyası fəaliyyət göstərəcək. Burada gənc analar Azərbaycan mətbəxi ilə yaxından tanış olacaq, gündəlik ev işlərini daha dərindən yerinə yetirmək üçün təcrübəli müəllimlərdən dərs alacaqlar.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirib.
İyulun 31-də Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilibdir. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcəkdir. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıbdır.
Daha sonra Azərbaycan Prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış olub.
Prezident İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Cəlilabar rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxdı, hazır məhsulların nümunələri ilə tanış olub. Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb.
Modern.az