Modern.az

“Tam hazır olan ev hələ ki yoxdur” - zəlzələ bölgəsinin deputatı

“Tam hazır olan ev hələ ki yoxdur” - zəlzələ bölgəsinin deputatı

31 İyul 2012, 18:10

Zaqatala-Qax bölgəsində ziyan çəkənlərin evləri qışa kimi tam hazır olacaq


Zaqatala-Qax bölgəsində 7 bal gücündə baş vermiş zəlzələdən artıq 2 aydan çox vaxt keçib. Zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək evə, çoxlu sayda sosial obyektə də ciddi ziyan dəyib. Rayonda baş verən məlum hadisə ilə əlaqədar olaraq yenidən təmir-bərpa işləri aparılır. Hazırda da tikinti işləri davam etməkdədir.

Modern.az zəlzələ baş verən bölgələrdən olan deputatlarla əlaqə saxlayıb, rayonların hazırkı durumunu öyrənib.

111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva bildirib ki, hazırda Zaqatalada operativ şəkildə tikinti işləri davam edir: “Mən yarım aydır ki, Zaqatala rayonundayam, ailəmlə gəlmişəm. Həm istirahət edirəm, həm də seçicilərimin yanında olub, onların problemləri ilə maraqlanmağa çalışıram. Demək olar ki, əksər kəndlərdəki evlərdə,  ailələrdə görüşlər keçirmişəm. Rayonda çox gözəl, operativ işlər gedir. Cənab prezidentin  verdiyi tapşırıqlar Fövqəladə Hallar Nazirliyinin nəzarəti altındadır. Eləcə də bu işlə bağlı yaradılmış komissiya, rayon icra hakimiyyəti, rayon bələdiyyəsi tikinti işlərinin daha da operativ aparılmasında faəl iştirak edirlər. Evlər, məktəblər tikilir. Komissiyanın planına, qərarlarına  uyğun olaraq, lazımi evlərdə yenidənqurma təmir-bərpa işləri aparılır. Ümidvaram ki, tezliklə  hamı öz evində yaşayışını davam etdirəcək. Mənim nəzarətimdə olan dairənin təmirə ehtiyacı olan evləri hazırdır, amma bünövrədən tikilən, tam hazır olan ev hələ ki yoxdur”.

Deputatın sözlərinə görə, sakinlər tikilən evlərdən razıdırlar: “Orada işlər tələm-tələsik aparılmır.   Tikilən evlərdən camaat çox razıdır.  Çay daşlarından tikilmiş evlərin əvəzinə elə evlər tikilib ki,  çox gözəldir . Evlərin əksəriyyətinin üstü örtülüb, içərisində hazırlıqlar aparılıb, amma tam hazır olan, camaatın köçdüyü ev hələ ki yoxdur. Qışa qədər bütün evlər hazır olacaq. Elə məktəblər var ki, orada təmir-bərpa işləri gedir. 6 məktəb tikintiyə məsləhət görülüb, qalan 5-də təmir-bərpa işləri gedib. 1 məktəbdə isə bərpa işləri nəzərdə tutulsa da, hələ ki orada işlər aparılmayıb. Evlərin sayı isə hələ dəqiq deyil, komissiya tərəfindən dəqiqləşdirilir, çünki xırda təkanlar  olanda, camaat müraciət edib ki, bütün evlərə bir də baxılsın”.

112 saylı Qax seçki dairəsindən seçilən deputat Azər Kərimli isə bildirib ki, rayonun həm yaşayış binalarında, həm də məktəblərində hazırda tikinti işləri gedir. “Yeni tədris ilinə məktəblər tam hazır olacaq, qışa, soyuqlar düşənə kimi sakinlərə də evləri təhvil veriləcək. Nə qədər evin hazır olacağını dəqiq deyə bilmərəm”, – deyə deputat bildirib.

NihadəEyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!