Modern.az

Parlament jurnalistləri Milli Məclisin payız sessiyasından nə gözləyirlər? - SORĞU

Parlament jurnalistləri Milli Məclisin payız sessiyasından nə gözləyirlər? - SORĞU

Parlament

1 Avqust 2012, 11:08

“Çox istərdim ki, yenidən fəaliyyətə başlayacaq parlament...”


Hazırda tətildə olan Milli Məclisin payız sessiyası oktyabrın 1-dən fəaliyyətə başlayacaq. Yeni qanun layihələri, gərgin iş rejimi ilə keçəcək sessiyalarda bəs parlament jurnalistləri hansı sənədlərin müzakirə olunmasını istəyərdilər.

Modern.az-ın əməkdaşı parlament jurnalistlərindən münasibət öyrənməyə çalışıb.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı üçün payız sessiyasında müzakirəsi maraqlı olan çoxlu sənədlər var. “İstərdim ki, sənədsiz evlərlə bağlı məsələyə baxılsın. Bundan əlavə, siyasi partiyaların maliyyələşməsi məsələsi yarımçıq qalıb, onun yekunlaşmasını arzu edərdim. Eyni zamanda hərbi xidmətə çağırış yaşına baxılması məsələsini də parlamentin payız sessiyasında görmək istərdim”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun isə Milli Məclisin payız müzakirələri ilə bağlı elə bir xüsusi arzusu yoxdur. “Amma ümumilikdə xalqın sosial problemlərinə dəstək olacaq qanunların müzakirəsi daha yaxşı olardı. “Elm haqqında” Qanun, səhiyyə sahəsi ilə bağlı bir neçə qanunlar var ki, hələ də müzakirəyə çıxarılmayıb. Xüsusilə də “Diffamasiya haqqında” Qanununla bağlı parlament öz sözünü nəhayət ki, payız sessiyasında desə yaxşı olardı.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Daha çox istərdim ki, Qarabağla bağlı müzakirələr olsun. Həmçinin ölkənin sosial-iqtisadi vəziyyətinə dair müzakirələr aparılsın. Parlament dövlətin məsuliyyətini bölüşən ikinci bir orqan kimi üzərinə düşən bir çox işləri görməlidir. Bundan “Alternativ xidmət haqqında” Qanunun qəbulunu, Seçki Məcəlləsində demokratik dəyişiklərə xidmət edən əlavələrin edilməsini də payız sessiyasının müzakirələri içərisində görmək istərdim”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı bildirib ki, parlamentin payız sessiyasında “Gənc ailələrin sosial müdafiəsi haqqında” Qanun layihəsinin müzakirəyə çıxarılması vacibdir. Çünki orada yeni ailə quranlar üçün sosial güzəştlər nəzərdə tutulmalıdır.

“İkincisi, Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edildi, amma burada insanları aldadan tikinti şirkətlərinin məsuliyyətinə dair bənd salınmadı. Fırıldaqçı tikinti şirkətinin əməllərindən zərər çəkən vətəndaş kimi arzulayardım ki, bu məsuliyyəti gücləndirən aktlar müzakirəyə çıxarılsın. “Reproduktiv sağlamlıq haqqında” maraqlı bir qanun layihəsi var idi, orada müzakirə doğuran məqamlar çox idi. Amma cəmiyyətə lazım olan, açıq qalan məsələlər də vardı. Bu layihənin də müzakirəyə çıxarılması pis olmazdı”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan Milli Məclisin payız sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını vacib hesab edir. Onun sözlərinə görə, belə bir layihə deputat Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanıb parlamentə təqdim olunub. “Hətta yaz sessiyasının işlər planına da salınmışdı. Təəssüf ki, nə yaz sessiyasında, nə də növbədənkənar sessiyada bu qanun layihəsi plenar iclasın müzakirəsinə çıxarılmadı. Belə bir qanunun tezliklə qəbulunun tərəfdarıyam. Çünki Azərbaycan ali məktəblərində təhsil haqları ildən-ilə artmaqdadır. “Abituriyent” jurnalının 3-cü sayından bəlli olur ki, hazırda ali məktəblərdə təhsilhaqqı 800-4500 manat arasındadır. 2012-2013-cü tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayının çox azdır. Təkcə 3-cü qrup üzrə qəbul planı 9117 olduğu təqdirdə, bunun yalnız 2658-i dövlət sifarişi, yəni ödənişsiz yerlərdir.
Bütün bunlar isə onu deməyə əsas verir ki, abituriyentlərin böyük bir faizi ödənişli təhsil formasını seçməli olacaqlar”.

O qeyd edib ki, ali məktəblərdə təhsil haqqının yüksək olması isə abituriyentlər və onların valideynlərini narahat etməyə bilməz. “Azərbaycanda orta aylıq əmək haqqının 400 manatdan, büdcə təşkilatlarında çalışanların orta əmək haqqının isə 200 manatdan da aşağı olduğu bir şəraitdə təhsilhaqları 800-4500 manat arasında olması təzad doğurur”.

Onun sözlərinə görə, aztəminatlı ailələrdən çıxan gənclərin bəzən maliyyə imkansızlığı üzündən daxil olduqları ali məktəbi tərk etməsi barədə xeyli faktlar var. “Bu isə, belə ailələrdən çıxan xeyli sayda istedadlı gəncin ali təhsildən kənarda qalması deməkdir. Ona görə də bu cür vəziyyətlərin yaranmaması üçün Azərbaycanda “Təhsil kreditləri haqqında” Qanunun qəbuluna ehtiyac var. Hesab edirəm ki, bu qanunun qəbulu imkansız ailələrdən olan istedadlı gənclərə ali təhsil almaqda köməklik edəcək.

Qəbul olunmasını gözlədiyim digər qanun layihəsi isə Şəhərsalma və Tikinti Məcəlləsidir. Bundan başqa qanunsuz tikililərin sənədləşdirilməsi üçün bir qanunun qəbuluna ehtiyac var. Bu yaxınlarda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev belə bir sənəd üzərində işlədiklərini bildirmişdi. Əlbəttə, belə bir qanun qəbul olunarsa on minlərlə insanın evi sənədləşdirilə bilər ki, bu da indiyə qədər bununla bağlı yaranmış xoşagəlməz hallara, problemlərə birdəfəlik son qoyar”.

A.Aslan bildirib ki, payız sessiyasında müzakirəyə çıxarılası əsas qanunlardan biri də neçə ildi Milli Məclisdə ilişib qalmış Rəqabət Məcəlləsidir. “Nəhayət bu Məcəllə qəbul olunmalıdır ki, sahibkarlara biznes üçün ədalətli rəqabət mühiti yaransın. Bundan əlavə, istərdim ki, Xəzər dənizi ilə bağlı xüsusi bir qanun qəbul edilsin. İndi bəzi məmur-oliqarxlar Xəzəri elə hasarlayıblar ki, sadə insanlar dənizə gedə bilmirlər. Nəinki gedə bilmirlər, hətta dənizə baxa da bilmirlər. Bu dəniz xalqın milli sərvətidirsə, bunu hasarlayıb xalqdan niyə gizlədirlər? Ona görə də bu məsələyə parlamentdə baxılmalıdır. Hazırda bəzi qanunlar var ki, orada bəzi müddəalar vətəndaşların mənafeyinə uyğun gəlmir. Bu baxımdan istərdim ki, payız sessiyasında müvafiq qanunlara əlavə və dəyişikliklər edilsin”.

APA-nın əməkdaşı Rəşad Süleymanov isə Milli Məclisin payız sessiyasında sosial sahəyə, insanların sosial rifahının yaxşılaşdırılmasına dair qanun layihələrinin müzakirəyə çıxarılıb qəbul edilməsini istərdi.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev qeyd edib ki, hazırda həllini gözləyən problemlərdən biri sənədsiz evləri ilə bağlıdır. “Arzu edərdim ki, payız sessiyasında parlament bu məsələ ilə bağlı addım atsın. Bundan əlavə, uzun müddətdir qəbulu gözlənilən “Ali təhsil haqqında” qanun layihəsinin nəhayət ki, müzakirəyə çıxarılmasını arzu edərdim”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, payız sessiyasında gözləntisi “Diffamasiya haqqında” qanun layihəsinin qəbul edilməsidir. “Seçki Məcəlləsində əlavə və dəyişiklərin edilməsi istiqamətində də addım atılsa yaxşı olar. Siyasi partiyaların bununla bağlı çağırışları var, gələn il də seçki ilidir, çatışmazlıqların və problemlərin aradan qaldırılması üçün bu istiqamətdə addım atılması yaxşı olardı”.

Payız sessiyasında 2013-cü ilin büdcə paketinin də müzakirə olunacağını deyən E. Paşasoy qeyd edib ki, burada aztəminatlı ailələrin, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ciddi müddəaların əlavə edilməsi yaxşı olardı. Bundan əlavə, parlamentin fəaliyyətində intensivliyə ehtiyac var. Yaz sessiyası və növbədənkənar sessiyada keçirilən 13 iclasda 128 qanun və qərar qəbul edilib. Orta hesabla hər iclasa 10 qanun və qərarın müzakirəsi düşür. Bu isə bəzi kənarda qalan deputatların danışmamasına, qanun layihələrin qəbulu zamanı müzakirələrdə tələskənliyə səbəb olur. Amma həftədə iki dəfə keçirilsə deputatlar öz fikirlərini bildirər, müzakirələr gedər, çatışmazlıqlar göstərilər. Onda ictimaiyyətin, cəmiyyətin də parlamentə marağı azalmaz”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu konkret qanun layihələrini sadalamaq istəmir. Amma o qeyd edib ki, parlament daha çox vətəndaşların sosial vəziyyəti ilə bağlı qanun layihələrinə üstünlük versə yaxşı olar. “Neft və qaz haqqında” Qanunun qəbulu vacibdir. Müəllimlərin statusunu müəyyən edəcək qanunun layihəsinin müzakirəsi yaxşı olardı”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev Milli Məclisin payız sessiyasında bir sıra qəbul olunması uzanan qanun layihələri var ki, onların müzakirəsini gözləyir.

“Misal üçün “Elm haqqında”, “Ali təhsil haqqında”, “Reproduktiv sağlamlıq haqqında” Qanuna dəyişiklik (süni mayalanma barədə məsələnin daxil olunması şərti ilə). Hər hansı konkret qanunun qəbul olunması ilə bağlı xüsusi istəyim olmasa da, sosial sahədə istənilən yeni qanun layihəsinin ətraflı müzakirə olunmasını arzulayıram”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli : ““Elm haqqında” Qanunun, “Sənədsiz evlərin qanuniləşdirilməsi haqqında” Qanun, Ailə Məcəlləsinə dəyişikliyin edilməsi və Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasını istərdim. Son vaxtlar ölkədə sosial problemlər çoxalıb, ona görə də təhsil, sosial sahədə qanunların müzakirəyə çıxarılmasının istərdim”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə birinci növbədə Şəhərsalma və Tikinti Məcəlləsinin ümumi oxunuşdan keçməsini, “Diffamasiya haqqında” qanun layihəsinin qəbul edilməsini vacib sayır.

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov bildirib ki, Milli Məclisin payız sessiyasında hansı sənədlərin müzakirəyə çıxarılması onların istəklərindən asılı deyil, parlament öz planlaşdırmasına uyğun qanun layihələrini müzakirəyə çıxarır. “Amma biz daha çox istərdik ki, sosial həyatın, təhsil sahəsinin yaxşılaşdırılması istiqamətində, iqtisadiyyatda rəqabəti artıran qanun layihələri qəbul edilsin. Həm də əsas qanunların qəbulu deyil, əsas onların icrasıdır. Bu gün kifayət qədər gözəl qanunlar qəbul edilib. Amma onların icrasında problem var. Əsas qanunların icrasının təmin edilməsidir”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə Azərbaycanın üzləşdiyi Ermənistan təcavüzü və işğalının nəticələri ilə bağlı bir sıra qanun layihələrinin payız sessiyasında müzakirəyə çıxarılmasını arzulayır. “Birinci həmin qanunlarla işğal olunmuş ərazilərin statusu müəyyənləşdirilir, oradakı vəziyyətin necə olduğu qanuniləşdirilir. Eyni zamanda o ərazilərə xarici ölkə nümayəndələrinin səfər etməsi, səfər edənlərin hansı cəzalar gözlədiyi, onlara qarşı hansı tədbirlərin görülməsi burada öz əksini tapmalıdır. Bundan başqa, o ərazilərə Azərbaycanın razılığı olmadan investisiya, sərmayə yatıran, iş görən özəl şirkətlərlə bağlı görüləcək tədbirlər də o qanunda öz əksini tapmalıdır. Və həmin qanun şirkətlərin Azərbaycanın razılığı olmadan gedib orada iş görənlərin Azərbaycanda başqa işlərdə işləməsinə qəti qadağa qoyulmalıdır. Bütövlükdə bu məsələ işğal olunmuş ərazilərlə bağlı qanunvericilikdə öz əksini tapmalıdır”.

İkincisi, İ. Əlizadə hesab edir ki, Xocalı faciəsi haqqında qanun layihəsi qəbul olunmalıdır. “Xocalı soyqırımı haqqında qanun layihəsini bir neçə dəfə Azərbaycan parlamentində deputatlar tərəfindən təqdim edilsə də indiyədək qəbul olunmayıb. O qanun da qəbuluna ehtiyac var.

Eyni zamanda sərhədyanı bölgələrlə bağlı qanun qəbul olunmalıdır. Azərbaycanın bir çox rayonları döyüş bölgəsinə, cəbhə xəttinə düşür. Və o rayonlarda yaşayan insanlara maddi və digər dəstək göstərilməsi ilə bağlı qanun qəbul olunmalıdır, müharibə vəziyyəti olduğuna görə onlar digər rayonlardan fərqləndirilməlidir”.

İ. Əlizadə payız sessiyasında müzakirəsini istədiyi digər məsələnin informasiya, mətbuatla bağlı olduğunu deyib. “Birincisi, Azərbaycanda dövlət elanlarının, məlumatların bütün mətbuat orqanlarına verilməsidir. Azərbaycanda “Tender haqqında” Qanun var, ona dəyişiklik edilməlidir. Həmin qanunun indiki variantına əsasən dövlət orqanlarının tenderləri haqqında elan, məlumatları yalnız dövlət qəzetlərində gedir. Bundan başqa, “İnformasiya əldə etmək haqqında” Qanuna parlamentin yaz sessiyasında dəyişiklik edildi. Həmin qanuna yenidən baxılmalı, orada jurnalistlərin daha yaxşı dövlət orqanlarından informasiya əldə edilməsi üçün dəyişiklik edilməlidir”. İ.Əlizadə eyni zamanda media ombudsmanı haqqında qanuna da yenidən baxılmasının tərəfdarıdır. “Media ombudsmanın yaradılması haqqında əvvəl mövcud olan müddəa ləğv edilib, həmin müddəa əsasən media ombudsmanı hazırkı ombudsmanı ilə birləşdirilib. Ona görə də bu qanuna dəyişiklik edilməli, media ombudsmanın yaradılması haqqında ayrıca qanun qəbul edilməlidir. Bir neçə müddətdir ki, Rəqabət Məcəlləsi haqqında müzakirələr gedir, layihə hazırlanıb, amma indiyə qədər qəbul olunmayıb. Ekspertlərin fikirlərinə görə, o məcəllənin qəbul olunması Azərbaycanda rəqabət şəraitini daha da yaxşılaşdırır. Ona görə də həmin məcəllənin də qəbul olunmasına ciddi ehtiyac var”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizovun əldə etdiyi məlumatına görə, parlamentin payız sessiyası bir az gərgin olacaq, çünki bir sıra qanun layihələri, o cümlədən dövlət büdcəsi ilə bağlı qanun layihələri müzakirəyə çıxardılacaq. “Buna baxmayaraq mən istərdim ki, “Elm haqqında” ayrıca qanun layihəsi çıxarılsın. Sosial ipotekalarla bağlı yeni qanuna dəyişiklər gözlənilir. Çox istərdik  ki, həmin qanun müzakirəyə çıxarılsın və o məsələ tezliklə öz həllini tapsın. Bundan əlavə, aztəminatlı və gənc ailələrin sosial problemlərin həlli ilə bağlı yeni qanunların, Ailə Məcəlləsinə dəyişikliyin olunmasının tərəfdarıyam və çox istərdim ki, ilk növbədə gənclərimizin sosial problemlərinin həlli  ilə bağlı qanun layihələri diqqət mərkəzində olsun”.  

Modern.az saytının əməkdaşı Elşad Eyvazlının sözlərinə görə, müstəqillik qazanandan sonra Azərbaycan parlamenti bütün sahələr üzrə qanunlar qəbul edib. Amma qanun yaradıcılığı prosesi elə bir məsələdir ki, vaxt keçdikcə, zaman dəyişdikcə bu qanunlarda da müəyyən dəyişiklər edilməsinə ehtiyac duyulur. “O mənada əksər sahələrdə müxtəlif qanunlara əlavə və dəyişiklər edilməsinə ehtiyac var. Birincisi, Azərbaycanda gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanunun qəbul edilməsinin tərəfdarıyam. Məsələ Milli Məclisdə dəfələrlə səsləndirilib. Gənc ailələrin təbii ki qanunivericiliklə sosial həyatının müdafiəsi Azərbaycanın gələcəyinin bir növ qarantı deməkdir. Ona görə də bu sahədə mütləq qanun qəbul edilməsinə ehtiyac var.
Eyni zamnda “Təhsil haqqında” Qanun bir neçə il öncə qəbul edilsə də bu sahədə dəyişikliyə ehtiyac var”.

Daha sonra E. Eyvazlı qeyd edib ki, tibbi sığorta ilə bağlı qanun qəbul edilsə də onun icrası gecikdirilir. “Aqrar sahədə də müəyyən məsələlərin həlli üçün yeni qanunların qəbul olunması, qanunlara əlavə və dəyişiklərin edilməsi məncə çox zəruridir. Bu da ondan ibarətdir ki, biz bu gün həm rəsmi, həm də qeyri-rəsmi səsləndirsək də Azərbaycanda aqrar sahə inkişaf edir. Amma gerçəklik göz önündədir ki, bu sahədə çox böyük geriliklər var. Gerilikləri aradan qaldırmaq üçün mütləq qanunvericiliyə qayıtmaq lazımdır. Unutmayaq ki, SSRİ dövründə Azərbaycanın ümumi gəlirlərinin 3-də biri kənd təsərrüfatı sahəsinin payına düşürdü. Ancaq bu gün kənd təsərrüfatı əvvəllərlə müqayisədə geridə qalmış bir sahəyə çevrilib. Ona görə də bu sahəyə diqqət edilməsinə ehtiyac var”.

E. Eyvazlı həmçinin bildirib ki, Azərbaycanda istənilən sahədə çalışan insanların sosial müdafiəsi, sosial həyatı ilə bağlı məsələ qanunvericilikdə əks olunur. Amma jurnalistika sahəsi ilə bağlı heç bir sosial məsələlər öz əksini tapmayıb. “Bu məsləyə də qayıtmaq olar və “KİV haqqında” Qanunda bu məsələyə də əlavə və dəyişiklər edilməsi mümkündür.

Fikrimin əvvəlində qeyd etdim ki, zaman, vaxt dəyişdikcə qanunvericiliyin əksər sahələrində əlavə və dəyişikliklərə ehtiyac duyulacaq, amma başlıcası odur ki, qəbul edilən qanunların, verilən qərarların icra mexanizmi mükəmməl  olsun. Milli Məclis hesab edirəm ki, öz üzərinə düşən yükü yerinə yetirir və qanunvericilik sahəsində ciddi işlər görülür, ancaq bu məsələlərin tətbiqi məsələsində hər halda problemlər üzə çıxır və bütün cəmiyyətin gözü önündə baş verir. Mən hesab edirəm ki, ən yaxşı variant ondan ibarət ola bilərdi ki, Milli Məclis deputatların səlahiyyətləri artırılsın və qanunların icrası ilə bağlı nəzarəti mexanizmi deputatlara və Milli məclisə həvalə edilsin. Çünki deputatların fəaliyyəti yalnız bir məmurun fəaliyyəti kimi qiymətləndirməyək, bu həm də ictimai fəaliyyətdir”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu bildirib ki, payız sessiyası daha çox büdcə məsələlərinin müzakirə olunduğu sessiya hesab olunur. “Yaz sessiyasından fərqli olaraq vaxt, zaman baxımından da burada bir qədər az olur, oktyabrın 1-dən dekabrın sonuna qədər. Bu dövrdə də daha çox növbəti ilin büdcə paketinə daxil olan qanun layihələri müzakirə olunur. Yəni digər qanunvericilik aktlarının müzakirəsi daha çox yaz sessiyasına və növbədənkənar sessiyaya qalır”.

K. Həmzəoğlu parlamentin qarşıdan gələn payız sessiyasında ölkənin taleyüklü vacib məsələləri ilə bağlı bir sıra qanunvericilik aktları müzakirəyə çıxarılmasını və qəbul olunmasını arzuladığını bildirib. “Xüsusilə də “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna dəyişikliklərin olunmasını, ən azı magistrlərə möhlət hüququnun verilməsi, hərbi çağırış yaş həddinin daha doğrusu 35-dən ən azı 26-27-yə endirilməsini, evin tək oğul övladının ümumiyyətlə hərbidən azad edilməsini nəzərdə tutan qanun layihəsini müzakirələrə çıxarılmasını və qəbul edilməsini arzu edərdim. Bundan başqa sənədsiz evlərin sənədləşdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarılıb qəbul edilməsini istərdim. Yenidən “Siyasi partiyalar haqqında” Qanuna dəyişikləri nəzərdə tutan demokratik qanunun qəbul edilməsi yaxşı olardı. Bütün ölkədə fəaliyyət göstərən, yəni parlamentə düşməyən, amma ölkədə təklifi, nüfuzu ilə seçilən partiyaların da dövlət maliyyəsindən yararlanmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunmasını istərdim”.

Daha sonra jurnalist qeyd edib ki, ölkənin  birbaşa təhlükəsizliyi ilə bağlı olan “Dini etiqad azadlığı haqqında” yeni qanun layihəsini qəbul olunması yaxşı olardı. “Bundan başqa, qloballaşma dövründə yaşadığımız üçün “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsinin qəbul olunmasını istərdim. Bundan başqa, əvvəldə qeyd etdiyim kimi bütün dünya ölkələrində payız sessiyası adətən büdcə sessiyası hesab olunduğuna görə istərdim ki, Azərbaycanın büdcəsi ən azı indikindən 2 dəfə artıq olsun. Arzu edərdim ki, 2013-cü ilin büdcəsində Azərbaycanın büdcəsi ən azı 35-40 milyard həcmində olsun. Çünki buna Azərbaycanın bütün maliyyə resursları yəni potensialı imkan verir”.

K. Həmzəoğlu həmçinin payız sessiyasında yenidən əmanətlərlə bağlı məsələyə qayıdılmasını istərdi. “Çünki bildiyimiz kimi Sovetlər dövründə nazirindən tutmuş sıravi insanına qədər hər kəs öz pullarını hansısa bankda gizlətməkdən qorxurdu. Ona görə də SSRİ dağılandan sonra, 1992-1993-cü illərdə bütün insanlar banklara pullarını qoydular və çox təəssüflər olsun ki, bu əmanətlərlə bağlı qanunvericilik aktı Azərbaycanda qəbul olunmadı. Elə birbaşa ölkə başçısının sərəncamı ilə bu məsələ həll olundu. Arzu edərdim ki, əmanətlərinin qaytarılması ilə bağlı ayrıca qanunvericilik aktı qəbul olunsun və bu daha çox qeyd etdiyim illərin əmanətçilərinə aid edilsin”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım