Olimpiadanın 5-ci günü 8 idmançımız mübarizəyə qoşulacaq. Modern.az xəbər verir ki, bu gün XXX London Yay olimpiadasında daha bir cüdoçumuz tatami üzərinə çıxacaq. Cüdo millimizin üzvü Elxan Məmmədov 90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Mübarizəyə 1/16 finaldan start verəcək E.Məmmədov bu mərhələdə almaniyalı cüdoçu Kristof Lambertlə qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 13:44-də başlayacaq. E.Məmmədov Lamberti məğlub edəcəyi təqdirdə Dae-Nam Sonq (Cənubi Koreya) – Yuan Romero (Uruqvay) cütünün qalibi ilə üz-üzə gələcək. Londona 8 cüdoçu ilə yollanan millimizin 6 idmançısı artıq mübarizəni dayandırıb.
Bundan başqa daha 3 boksçumuz rinqdə öz qüvəssini sınayacaq. İlk öncə 91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov mübarizəyə başlayacaq. Dünya çempionumuz 1/8 final mərhələsində Konqo idmançısı Meji Muanba ilə qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Daha sonra isə digər təmsilçimiz Məhəmməd Abdulhəmidov qüvvəsini sınayacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq təmsilçimiz yaponiyalı boksçu Satoşi Şimizu ilə üz-üzə gələcək. Bu görüş isə Bakı vaxtı ilə saat 01:15-də başlayacaq. Son olaraq isə rinqə Teymur Məmmədov dəvət olunacaq. Dünya çempionatının gümüş mükafatçısı 1/8 final mərhələsində avstraliyalı Tapu Opetaya ilə döyüşəcək. Həmin görüşə isə Bakı vaxtı ilə saat 01:30-da start veriləcək. London Olimpiadasına 7 kişi, 1 qadın boksçu ilə yollanan millimizin artıq 3 idmançısı mübarizəni dayandırıb.
Yay olimpiadasında uğurlu çıxışı ilə diqqət çəkən avarçəkənimiz Aleksandr Aleksandrov bu gün yarımfinal mərhələsində qüvvəsini sınayacaq. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək legionerimiz finala çıxmaq uğrunda mübarizə aparacaq. 2000 metr məsafəyə yürüşdə Aleksandrovun rəqibləri isə Lianq Janq (Çin), Santiaqo Fernandez (Argentina), Ondrej Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya) və Tim Mayens (Belçika) olacaqlar. İdmançımız start xəttinə Bakı vaxtı ilə saat 15:30-da çıxacaq. Təmsilçimiz yarımfinal mərhələsində ilk 3 yerdən birini tutarsa, o zaman finala adlayacaq. Qalan avarçəkənlər isə 7-12-ci yerlər uğrundan mübarizə aparacaqlar.
Yay Olimpiadasının 10 metr məsafəyə atəşaçma yarışlarında uğursuz çıxış edən güllə atıcımız İradə Aşumova bu gün növbəti sınağına çıxacaq. "Afina-2004" olimpiadasının bürünc mükafatçısı ikinci cəhdində 25 m məsafədən atəş dəqiqliyini yoxlayacaq. Finala vəsiqə uğrunda 74 snayper mübarizə aparacaq ki, onlar da 2 qrupa bölünəcəklər. Birinci qrupda yarışacaq İ.Aşumova final mərhələsinə yüksəlmək üçün ilk "8"likdə yer almalıdır. Həmin yarışa Bakı vaxtı ilə saat 13:00-da start veriləcək.
Olimpiadanın 5-ci günü qılıncoynatma yarışlarına da start veriləcək. Bu idman növündə yeganə təmsilçimiz olan Səbinə Mikina mübarizəyə qoşulacaq. Yarışmaya 1/16 final mərhələsindən başlayacaq Mikina sablya növündə almaniyalı Aleksandra Bujdosa ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Yay Olimpiadasının veloşosse yarışlarında uğursuz çıxış edən Azərbaycan idmançısı Yelena Çalıx bu gün növbəti sınağına çıxacaq. Xanım təmsilçimiz bu dəfə ayrı-ayrı start götürməklə fərdi yarışlarda öz məharətini nümayiş etdirəcək. Yarışa Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Xatırladaq ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına 53 idmançı ilə qatılan Azərbaycanın 14 idmançısı artıq yarışlarda çıxışını başa vurub. Onlardan 13 idmançı medal qazanmadan mötəbər turniri tərk edib. Yalnız ağırlıqqaldıran Valentin Xristovun (56 kq) qazandığı bir bürünc medalla Azərbaycan 34-43-cü yerləri paylaşır.
Anar Kəlbiyev