Hər bir xalq özünün layiqli övladları, yetişdirmələri ilə tanınır, dünyaya çıxır, uğur qazanır. Bu baxımdan, xalqımızı, millətimizi bəxti, şansı gətirənlərdən saymaq olar. Çünki uzun əsrlərdən, yüzilliklərdən bu yana xalqımızın tarixində, qismətində çox böyük oğul və qızları, mütərəqqi, parlaq zəkaları, tarixi şəxsiyyətləri, ziyalıları olub. Onlar hər biri öz fəaliyyəti ilə həm xalqımızın, həm dövlətimizin və dövlətçiliyimizin tarixinə, həm də dünya tarixinə öz möhürlərini vurub, adlarını tarixə, yaddaşlara qızıl hərflərlə həkk etdiriblər.
Tarixdə ikinci müstəqilliyimizin 29 ilini artıq geridə qoymuşuq. Ötən dönəmi, müstəqillik illərimizi bir neçə mərhələyə bölmüş olsaq, fəxr, qürur hissi ilə və heç nədən çəkinmədən son 17 ili ölkəmizin, dövlətimizin əsl tərəqqi, çiçəklənmə və inkişaf dövrü kimi qiymətləndirərdik. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət kursunun 2003-cü ilin oktyabr ayından cənab Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi nəticəsində Azərbaycanımız özünün müstəqil inkişafının daha önəmli mərhələsinə qədəm qoydu. 2004-cü ilin fevral ayından regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan ilk Dövlət Proqramının qüvvəyə minməsi ilə Azərbaycanda islahatlar prosesinin növbəti və daha vacib mərhələsinə start verilmiş oldu. Həmin proqramın çox uğurlu şəkildə icra olunması, yerinə yetirilməsi ilə uzun illər, ötən əsrin 80-ci illərinin ortalarından başlayan və 90-cı illərin axırlarına qədər davam edən gerilik, tənəzzül dövrü tam arxada qoyuldu, tarixin arxivinə göndərildi. Azərbaycan regionları sözün əsl mənasında ayağa qalxa bildi, onun siması dəyişdi, gözəlləşdi. Yüz minlərlə yeni iş yerlərinin açılması, çox mühüm əhəmiyyətli müəssisələrin, obyektlərin işə salınması, tikilib-istifadəyə verilməsi ilə regionlarımızda əsl inkişaf, yüksəliş, tərəqqi yaşandı. İnsanların maddi rifah halı, sosial durumları, güzəranları yaxşılaşdı, işsizliyin, yoxsulluğun səviyyəsi böyük fərqlə aşağı salındı. Regionlarla iri şəhərlər, sənaye mərkəzləri, o cümlədən, paytaxt Bakı arasında fərqlər demək olar ki, minimuma endirildi. Eyni zamanda, ölkədə aparılan məqsədyönlü və düşünülmüş siyasət nəticəsində sənaye mərkəzləri kimi tanınan bölgələrimiz, şəhərlərimiz, xüsusilə, paytaxt Bakımız gözəlləşdi, inkişafının yüksək mərhələsinə çatdı, sənayeləşmə yolunda böyük məsafə qət etdi.
Birinci Dövlət Proqramının uğurlu icrası növbəti dövlət proqramlarının imzalanması üçün bir stimul, baza rolunu oynadı.
Azərbaycan dünyanın sabitlik və təhlükəsizlik adasına, siyasi, iqtisadi, mədəni, humanitar, hərbi dialoq məkanına, milli və dini tolerantlıq mərkəzinə çevrilib.
Əgər Azərbaycan dövləti iqtisadi cəhətdən güclü və qüdrətli olmasaydı, bunlar mümkün olmazdı və bu gün bizim Ordumuz dünyanın 50 güclü Ordusu sıralarında ola bilməzdi və müvafiq olaraq bu günki Qələbəmizi əldə edə bilməzdik.
Son 200 ildə ermənilər və onlara havadarlıq edənlər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədib, onlara işgəncə verib, dədə-baba yurdlarından zorla qovublar. 1990-cı illərin əvvəllərində müstəqilliyimiz itirilmək təhlükəsi ilə üzləşəndə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi və canından da çox sevdiyi Azərbaycanı parçalanmaqdan xilas etdi və Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpasını və onu güclü dövlətə çevirməyi özü qədər inandığı Prezident İlham Əliyevə vəsiyyət etdi. Bu gün Prezident cənab İlham Əliyev xalqına sədaqətı ilə bu inamı doğruldur və doğrultmaqda davam edir. Xalqına, millətinə hədsiz sevgisi olan Prezident İlham Əliyev qüdrətli Azərbaycan dövləti, güclü, müasir Ordu yaratmaq uğrunda gecə-gündüz yorulmadan çalışdı və buna nail oldu. Ən başlıcası, dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Hər bir Azərbaycan vətəndaşı öz Prezidentinə inandı, yürütdüyü daxili və xarici siyasəti dəstəklədi, ətrafında sıx birləşdi. Bu birliyə, ümumxalq sevgisinə arxalanaraq Müzəffər Ali Baş Komandan xalqının təhlükəsizliyini təmin etmək məqsədilə şanlı Ordusuna əks-hücum əmri verdi. Azərbaycan əsgəri Vətən, haqq-ədalət uğrunda döyüşə atıldı və qısa müddət ərzində ermənilərin “alınmaz” dedikləri bütün müdafiə istehkamlarını darmadağın etdi. Cəmi 44 gün ərzində işğal altındakı torpaqlarımız azad edildi. İşğaldan azad edilmiş hər qarış torpaq bizim üçün əzizdir. Şuşanın işğaldan azad edilməsi ilə Müzəffər Ali Baş Komandan sanki Azərbaycan xalqının qürurunu özünə qaytardı. Çünki Şuşa Azərbaycanlıların qürur mənbəyi sayılır. Bu şəhər Qafqazın incəsənət mərkəzi, Azərbaycanın mədəniyyət beşıyidir. Şuşanın azad edilməsi həm də mədəniyyətimizin, incəsənətimizin işğaldan azad edilməsi deməkdir. Məhz Şuşanın azad edilməsi ilə Ermənistanın Baş Naziri Paşinyan və onun hərbi rəhbərliyi öz məğlubiyyətlərini etiraf etdilər. Ölkə başçısının qeyd etdiyi kimi Paşinyan Azərbaycan xalqı qarşısında diz çökdü. Cənab İlham Əliyev Paşinyanı diz çökdürməklə yanaşı Ermənistanı kopitulyasiyaya məcbur etdi.
Vətən müharibəsi başlayandan ölkəmiz xaricdən çox böyük gördüyümüz və bilmədiyimiz təzyiqlərə məruz qaldı. Amma Prezident İlham Əliyev bütün bu təzyiqlərə qətiyyətlı cavablar verdi, Azərbaycana qarşı hədə-qorxu dili ilə danışanları yerində oturtdu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, əlbəttə ki, öz müdrikliyi və qətiyyəti ilə. Bütün təzyiqlərə sinə gərən dövlətimizin başçısı öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi.
Prezident İlham Əliyev müharibənin ilk günündən xalqa və bütün dünyaya çatdırdı ki, Ermənistan ordusu işğal altında olan torpaqlarımızdan çıxmayanadək hərbi əməliyyatlar davam edəcək və belə də oldu. Dövlətimizin başçısı həmişə olduğu kimi, bu dəfə də xalq qarşısında verdiyi sözü yerinə yetirdi. Paşinyan məğlub olduğunu etiraf etdi. Bu Vətən müharibəsində Azərbaycan dövləti Ermənistan üzərində tam qələbə qazandı. Prezident cənab İlham Əliyev Ordumuzun Ali Baş Komandanı olmaqla bərabər, həm də Azərbaycan xalqının birinci əsgəri olduğunu, ürəyinin bir parçasının səngərdə olduğunu sübut etdi.
Bu qalibiyyətdən sonra Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyacaq. Ölkəmiz istər iqtisadi, istərsə də siyasi sahədə daha da güclənəcək. Prezident cənab İlham Əliyevin başçılığı altında işğaldan azad olunmuş regionlarımız yenidən qurulacaq, elə bir infrastruktur yaradılacaq ki, bütün dünya Azərbaycanın xalqının inkişaf edən, qurub yaradan bir xalq olduğunun şahidi olacaq. Beynəlxalq iqtisadi qurumlar Azərbaycanla əlaqə qurmağa, Azərbaycana investisiya qoymağa can atırlar. Çünki Azərbaycanın siyasi idarəçiliyinə inanırlar və xoş niyyətlə gələn bütün qurumlara Azərbaycanın qapıları açıqdır. Bu müharibədə Azərbaycan öz dost və düşmənlərini tanıdı. Cənab prezident bu dövrdə Azərbaycana dəstək olan bütün dövlətlərə öz təşəkkürünü bildirdi. Bizə düşmən olan dövlətlərə isə öz qətiyyətli sözünü dedi və onları yerində otuzdurdu. Artıq bütün dünya əvvəllər Azərbaycanı regionda qüdrətli bir dövlət kimi tanıyırdısa, indi bütün dünyada güclü və qüdrətli bir dövlət kimi tanıdı.
İllər keçəcək, amma bu Zəfər unudulmayacaq və xalqımız daim Müzəffər Ali Baş Komandan, tarixə Fateh Sərkərdə kimi düşən Prezident İlham Əliyevlə fəxr edəcək.
Kamilə Əliyeva
Milli Məclisin deputatı,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.