1 uşağa görə 650 manat ödəyə bilən valideynlər kimlərdir?
Hər bir valideyn övladını bağçaya qoyarkən, ilk növbədə, həmin məktəbəqədər tərbiyə müəssisəsinin özəlliklərinə fikir verir. “Özəllik” deyərkən, yəni seçdiyimiz bağçada uşağın rahatlığını, dünyagörüşünü və savadını formalaşdıra biləcək amillər nəzərdə tutulur. İmkanından asılı olmayaraq, bütün valideynlər uşaqlarının etibarlı əllərdə olmasına səy göstərir. Amma bəzi hallarda valideynlər heç də istədikləri gözləntiləri adıçəkilən müəssisələrdə görə bilmirlər. Bəziləri bağçalarda uşaqlara yemək üçün ancaq sup verilməsindən, digərləri isə adi bir şeirin belə, öyrədilməməsindən şikayətlənirlər. Bu xüsusiyyətləri əsasən, dövlət bağçalarına aid edən valideynlər özəl bağçalara üz tutmalarının səbəbini də sadalanan səbəblərlə izah edirlər.
Özəl bağçalarda valideynləri razı salan bütün imkanlar olsa da, həmin müəssisələrin bir uşaq üçün tələb etdiyi maddi vəsait çoxlarını ayaq saxlamağa məcbur edir. Maddi vəsaitin məbləği isə adamı lap çaş-baş salır.
Modern.az mövzu ilə bağlı bağçalar arasında kiçik bir sorğu aparıb:
“Möcüzələr evi” bağçasından verilən məlumata görə, bir uşağı 300 manata qəbul edirlər:
“Uşaqlarla davranış rus dilindədir. Həftədə 3 dəfə rus, ingilis dili və musiqi dərsləri keçirilir. Bir qrupda 15 uşaq olur. Baçada cəmi 3 qrup var, digər bağçalarda olduğu kimi bizdə uşaq qəbulu adi qaydalara uyğun aparılır. Həftənin 5 günü saat 6-ya kimi bağça işləyir, 6-cı gün isə saat 4-ün yarısına kimi işləyirik”.
“Buratino” uşaq bağçası da digər bağçalar kimi eyni cəhətlərə malikdir, rus və ingilis dilləri tədris olunur. Bağçaya bir uşaq üçün ödəmə 350 manatdır. Qiymətin bahalığına baxmayaraq tələbat böyükdür.
“Şəkər bala” bağçasının meneceri Gülnarə Əliyeva bildirib ki, müəssisəsə tələbat həddindən artıq yüksəkdir: “Tələbat həddindən artıqdır. İndi də boş yerlərimiz var. Sadəcə bağça təmirdədir. Avqustun axırları uşaq gətirmək olar. Bir uşağın qəbuluna görə qiymət 600-650 manatdır. Bizim müəssisə əsasən ingilisdilli bağçadır. 3 yaşından 6 yaşına kimi uşaqlar götürülür. Dərslər qaydasında aparılır, tədris 3 dildə - rus, ingilis və Azərbaycan dillərindədir”.
“Kaspi” uşaq bağçasından verilən məlumata görə, avqustun 1-nə kimi uşaq qəbulu üçün ödəmələrdə 20 faiz endirim var, yəni indi qiymət 120 manatdır, avqustun 1-dən sonra isə 150 manat olacaq. Həftədə hər gün 2 saat uşaqlara dərslər keçirilir: ana dili, ədəbiyyat, hesab, məntiq, ingilis dili dərsləri verilir, məktəbəqədər tərbiyə müəssiəsi 3 növbəli sistem əsasında işləyir.
“Baby Plaza” bağçasından verilən məlumat görə, Azərbaycan, rus ,ingilis dilləri öyrədilir. “Uşaqlar üçün bütün imkanlar yaradılıb, tələbatımız da hər il artır. Bir uşaq üçün 600 manat ödənilir”.
Nihadə Eyyubova