Ədalət Əsgəroğlu: “Rüstəm İbrahimbəyovu Birlikdən çıxarmaq niyyətimiz yoxdur”
Rusiyada yaşayan azərbaycanlı yazıçı-publist Eduard Bağırov twitter sosial şəbəkəsində yaydığı məlumatda bildirib ki, Rüstəm İbrahimbəyova qarşı kampaniya ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verir.
“Onsuz da mənim həmin təşkilatda üzvlüyüm fəxri idi”, – deyən E. Bağırovun bəyanatına AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu münasibət bildirib.
Modern.az-a açıqlamasında Ə.Əsgəroğlu yazıçı-publisist E.Bağırovun Yazıçılar Birliyinin üzvlüyündən çıxması üçün mütləq ərizəsi olmasını bildirib.
“Çünki Yazıçılar Birliyinin üzvlüyünə qəbul ərizə ilə olduğu üçün, üzvlükdən çıxma da ərizə ilə olmalıdır. Üzvlükdən çıxmaq istəyənin ərizəsinə katiblikdə baxılır və o ərizədə nəyi əsas gətiribsə, müzakirə olunur, ona uyğun da addım atılır, bunu bizim nizamnamə tələb edir”.
AYB mətbuat xidmətinin rəhbəri Azərbaycan əsilli yazıçının R.İbrahimbəyova görə üzvlükdən çıxmaq istəməsini səhv addım adlandırıb.
“Əgər Eduard Bağırov Rüstəm İbrahimbəyovla bağlı olan kampaniyaya etiraz edirsə, çox səhv addım atır. Rüstəm İbrahimbəyov və onun yanında olan ziyalılar və bu dəyərli ziyalıların əksəriyyəti Yazıçılar Birliyinin üzvüdür. Yəni Rüstəm İbrahimbəyov kimi, Cəmil Həsənli, Ramiz Rövşən də bizim birliyin üzvüdür. Mənə elə gəlir ki, Eduard Bağırov bu söhbəti ya bilməyərəkdən edib, ya da bunu mətbuata qəsdən sızdırıblar”.
Ə. Əsgəroğlu Rüstəm İbrahimbəyovun da Yazıçılar Birliyinin üzvlüyündən çıxması məsələsinə toxunub. O bildirib ki, Yazıçılar Birliyində siyasi baxışlarına görə heç kəsə ögey münasibət bəslənilmir. “Burada əsas yaradıcılıqdır. Əgər birliyin üzvləri dövlətçiliyə, vətənə, torpağımıza qarşı bir neçə dəfə ictimai rəy yaratmaq adıyla təkrar-təkrar təbliğedici materiallar çap etdirərsə, Yazıçılar Birliyinin katibliyi bu işə qarışır və onun üzvlükdə qalıb-qalmaması məsələsi müzakirə olunur. Ona görə də Rüstəm İbrahimbəyovun da Yazıçılar Birliyinin üzlüyündən çıxarılacağı barədə şayiələrin gerçək əsası yoxdur”.
Sevinc İltifatqızı