Hərbi ekspert Üzeyir Cəfərov iyulun 26-da erməni tərəfə əsir düşümüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Firuz Fərəcovla bağlı bu gün mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən hərbi ekspert əsir əsgərimizlə bağlı erməni mətbuatda yayılanların yanlış məlumat olduğunu bildirib:
“Erməni mətbuatı yazır ki, Firuz Fərəcov ağ bayraq qaldıraraq Ermənistan tərəfinə keçib. Özlərini dünyanın ən humanist ölkəsi kimi qələmə verirlər. Guya onu həmin vaxt öldürə bilərdilər, lakin öldürməyiblər. Amma fakt odur ki, Firuz Fərəcov erməni xüsusi təyinatlı dəstələri tərəfindən əsir götürülüb. Hazırda hərbi prokurorluq faktla bağlı araşdırmalar aparır”.
Hərbi ekspert həmçinin Firuz Fərəcovla bağlı bir sıra qurumlara müraciət etdiyini də deyib: “Biz onun məsələsini diqqətə saxlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Azərbaycan respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və Azərbaycan Kütləvi informasiya vasitələrinə müraciət etmişik. Biz həmin qurumları işdə maksimum fəallıq göstərməyə çağırıq”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin iyunun 26-da yaydığı məlumata əsasən, Azərbayan Respublikası Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Mail Ağaxanov