Nizami Cəfərov: «Çox vaxt gəncələrə iradlar da tutulur. Mən bu iradları haqsız iradlar sayıram»
Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu davam edir. Ssenarilər pyes formasında və Azərbaycan dilində olmalıdır. Janr məhdudiyyəti yoxdur.
Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadir. “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov Modern.az-a festivalın əhəmiyyətindən danışıb .
- Bugün gənclərin teatra bağlılığında bir ziddiyyət var. Teatr sahəsində çoxlu sayda gənc rejissorlar, gənc aktyorlar yetişir, amma bununla belə onların yaradıcılıq məhsulu o qədər də çox deyil. Buna görə də gənclik daim dəstəklənməlidir. Təbii ki, dəstək məsələsində bu cür festivalların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Deyim ki, belə festivallar yalnız paytaxt çərçivəsində deyil, bölgələri də əhatə etməlidir. Buna bölgələrdə böyük ehtiyac var.
- Elə bu festival bölgələri də əhatə edir, hətta ustad dərslərin keçirilməsi də planlaşdırılıb…
- Nə gözəl, mən bunu yalnız alqışlaya bilərəm. Bu festivalı həm də geniş əhatəli olmasına görə də qiymətləndirmək lazımdır. Festivalda ustad dərslərin keçirilməsi gənclərə çox şey öyrədəcək. Yəni sözümün canı budur ki, gənclik yalnız öz yaradıcılıq məhsulunu ortaya qoymayacaq, həm də öyrənəcək. Təbii ki, bu işlərə böyük sənətkarlarımız da cəlb olunmalıdır. Gənclərə böyük təcrübə aşılamadan, onları hazırlamadan cavanlardan böyük işlər də gözləməyə dəyməz. Heç çox şey tələb eləmək də olmaz.
- Amma çox vaxt yaşlı nəsillə gənc nəslin toqquşması halları ilə də rastlaşırıq. Söhbət təbii ki, yaradıcı aləmdən gedir.
- Mən tamamilə bu fikirlə razıyam. Bir də görürsən yaşlı nəsil, mən deyərdim ki, karyerasını başa vurmuş nəsil gənc nəsli öyrətmək əvəzinə onları tənqid etməklə məşğul olur. Çox vaxt gəncələrə iradlar da tutulur. Mən bu iradları haqsız iradlar sayıram. Buna görə də yaşlı nəsil onları öyrətməlidirlər ki, gənclərə sonradan iradlar da tutulmasın. Bu sahədə böyük işlər görülməlidir. Bunun üçün zəmin də var. Artıq teatrlarımız yüksək səviyyədə təmir olunub, dünya standartlarına cavab verən texniki avadanlıqlarla təmin edilib. Amma açığını deyək ki, hələ də teatrlarımıza böyük səhnə əsərlərini, böyük sənətkarları xaricdən gətirməyə meylliyik.
- Belə başa düşdüm ki, teatrlarımızın əcnəbilərlə əməkdaşlığının tərəfdarı deyilsiniz…
- Tərəfdarıyam e, amma bu mübadilə əlaqələr səviyyəsində olmalıdır. Gərək bizimkilər də gedib o teatrlarda iştirak etsinlər. Yəni mədəni təmas qarşılıqlı olmalıdır.
- Amma bizim də teatrlarımız xarici ölkələrə qastrol səfrlərinə gedirlər…
- Mən sadəcə onu demək istəyirəm ki, böyük sənətkarlarımız, peşəkar rejissorlarımız da xarici ölkələrin teatrlarına dəvət olunmalıdırlar, necə ki, biz onları öz teatrlarımıza dəvət edib, tamaşalar hazırladırıq. Bunun üçün də ilk növbədə gənclikdən istifadə etmək lazımdır, onların potensialından, düşüncəsindən yararlanmaq gözəl olardı. Odur ki, bu festivalı mən dəstəkləyirəm, hesab edirəm ki, istedadlı gənclərin üzə çıxmasında böyük rol oynayacaq.
- Festivalın ekologiya mövzusuna həsr olunması sizcə, ortaya daha maraqlı səhnə əsərləri qoymağa fürsət verəcəkmi?
- Burada da bir məntiq var, çünki ekologiya dünya, bəşəriyyət üçün çox aktual və maraqlı olan bir məsələdir. Xüsusən gəncliyin ekologiya mövzusunda psixoloji baxışlarını ortaya qoyması çox vacibdir. Onların bu sahədə mövqeyi, fikirləri çox önəmlidir. Başqa bir tərəfdənonu deyim ki, ekologiya yalnız təbiət yox, həm də insan problemidir. Bugün mənəviyyatın ekologiyasından daha çox danışılır. Ekologiya həyatımızın və mənəviyyatımızın ən mühim tərkib hissəsidir. Buna görə də ekologiya məsələsinə kənardan baxmaq yox, ruhumuhun gözüylə nəzər salmaq lazımdır. Odur ki, burada publisistik məqamlarla yanaşı, ciddi, fəlsəfi-psixoloji məqamlar da var. İstərdim ki, gənglər bu mövzunu geniş miqyasda beyinlərinin süzgəcindən keçirsin. İnsanın ruhunun tərbiyəsi ilə bağlı burada cəmiyyətə xeyli sayda informasiya ötürmək olar. Təbii ki, tamaşalarla. Çünki burada düşünmək üçün geniş miqyas əhatə olunur və həm də ekologiya qlobal bir mövzudur. Burada rejissor üçün böyük imkanlar var ki, istədiyini tamaşaçıya çatdıra bilsin.
Şahanə RƏHİMLİ