Modern.az

XXI əsrdə Azərbaycanda atalar və oğullar - PROBLEMİ

XXI əsrdə Azərbaycanda atalar və oğullar - PROBLEMİ

2 Avqust 2012, 11:34

“Əgər bir gənc Aqil Abbasın yazılarından xoşum gəlmir desə, onu döyəsi deyiləm ki...”


“Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri də yaşlı nəslə hörmət etmək, onların öyüd-nəsihətlərini dinləməkdir. Biz öz ata-babalarımızdan bu cür görmüşük”. Bunları əsasən yaşlı və orta nəslin nümayəndələri deyir. Son zamanlar onlar gənclərdən narazılıq edirlər. Yaşlı nəsil cavanların onların nəsihətlərini dinləmədiklərini, onlara hörmət etmədiklərini deyirlər. Hətta bir az qabağa gedərək, gənc nəslin həyasızlaşdığı fikrindədirlər.

Ümumiyyətlə, yaşlı və cavan nəsil arasında anlaşılmazlıqlar var və bunu yaradan səbəb nədir?

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı yaşlı nəslin gənclərlə daha sıx əlaqədə olan ziyalı nümayəndəsindən və psixoloqdan münasibət öyrənib.

Aqil Abbas: “Elə danışanlar gənc olanda yaşlı nəslə qarşı hörmətsizlik ediblər”

Deputat Aqil Abbas bildirib ki, gənclərdən şikayət edən yaşlı nəsildən soruşun ki, onlar gənc olanda yaşlı nəslə qarşı münasibətləri necə olub? Milli Məclisin üzvünün sözlərinə görə, onlarda gənc olanda yaşlı nəslə qarşı münasibətdə indiki gənc nəsil kimi olublar:

“Həmin yaşlı nəsil də öz vaxtının yaşlı nümayəndələri haqqında danışıblar. Onda qəzetlər yox idi çayxanalarda danışırdılar. İndi onların əlində qəzet var və bu sözü mətbuatda deyirlər. Bizdə indiki gənc nəslin yaşında olanda çayxanada oturub Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni təftiş edirdik. İndi də onlar bizi təftiş edirlər, burda nə var ki? İndi gənclik qaynayır və qaynasınlar. Gəncliyə şərait yaradın açılışsın. Olur ki, səhv addımları və danışıqları olur. Danışıb daha sonra ağıllanacaq. Bizdə biləcəyik ki, nə düzdü, nə səhvdir. Gəncliyin 20-21 yaşı var və onların dünya görüşü, münasibəti başqadır. Ola bilər ki, gənc deyər ki, Aqil Abbasın yazılarından xoşum gəlmir. Həmin gənci döyəsi deyiləm ki...”.

Psixoloq: “Zaman gəncləri bütün müstəvilərdə sıxır, ancaq yaşlı insan bunu qəbul etmir”

Psixoloq Elnur Rüstəmov bu problemin bu günün problemi olmadığını deyib. Psixoloqun sözlərinə görə,  bu problemin bütün dövrlərdə olub və buna ən yaxşı cavab kimi Turqenevin “Atalar və oğullar” əsərini göstərmək olar.

“Həmişə atalar oğullardan narazı olublar. Sadəcə olaraq bu dönəmlərdə, xüsusilə informasiyanın, texnikanın inkişaf etdiyi müasir dövrdə bu proses qabarıq özünü nəzərə çatdırır. Düşünürəm ki, prosesin psixoloji tərəfdən yaşlılar da bu prosesə adaptasiya olunacaqlar. Çünki elə yaşlı insanlar var ki, bəzi hərəkət və davranışlarda heçdə gənclərdən geri qalmırlar. Ancaq narazılıq bu gün daha çox yaşlı insanlar tərəfindən gedib. Baş verən müasir proseslərin qəbuletmə nöqteyi-nəzərindən yaşlı insanlar müəyyən çətinliklər yaşayırlar. Onlar bəzən fikirlərini doğru formada gənclərə çatdıra bilmirlər. Eyni bir prosesi biz yeniyetmə ilə valideyn arasında problemlərdə də görə bilərik. Hansı ki, keçid dövrünü bəzən çox ağır formada keçirirlər və aqressiyasında birbaşa ailəyə yönəldirlər. Bu situasiyada isə əslində bir müddətdən sonra proses özü tənzimlənəcəkdi. Təsəvvür edin ki, 90-cı illərdə kompüter texnologiyası yeni-yeni cəmiyyətə daxil olanda yaşlı insanlar birbaşa bundan imtina edirdilər. Deyirdilər ki, biz elə əvvəlki qaydalar ilə gedərik. Ancaq bir müddət keçəndən sonra onlar adaptasiya olmaq məcburiyyətində qaldılar”.

Psixoloq bu prosesin zaman-zaman özünün həllini tapacağını bildirib. O düşünür ki, çətin bu nəsillər arasında böyük bir konflikt baş versin.

“Sadəcə müəyyən korreksiya işləri aparmaq lazım olacaq. Buda yaxşı olardı ki, hər bir ailədən başlasın. Bizdə isə valideynlər daha çox öz ailəsini yox digərlərini hədəf götürürlər. Tutaq ki, həmin o yaşlı adamlar öz ailəsinin tərbiyəsi ilə, onların həyata baxışının üzərində korreksiya aparmaq kimi işlərlə məşğul olsalar daha çox nəticə əldə edəcəklər. Yoxsa əks təqdirdə problem bir qədər də dərinləşə bilər. Ancaq mahiyyətə varanda bu normal bir prosesdir və tendensiyadır ki,  gedir. Xüsusən narahat olan insanlar daha çox konkret  prinsipləri olan, həyata baxış tərzi olan və bunu dəyişmək istəməyən yaşlı nəsildir. Burada müəyyən qədər problem yaşanır. Buda bəllidir ki, yaşlı insan diqqət istəyir. Yaşlı insan qayğı, dəstək istəyir. Bu gün gəncin o zamanı, vaxtı yoxdur ki, gedib onunla saatlarla otursun. Çünki dinamik bir dövrdə yaşayırıq. Qabaq var idi yaşlı nəsli ziyarət etmək, onlar baş çəkmək bu gün gəncin belə bir zamanı yoxdur. Zaman bizi bütün müstəvilərdə sıxır. Ancaq yaşlı insan bunu qəbul etmir. Çünki yaşlı insanın öhdəlikləri, gənc insanın öhdəlikləri qədər deyil. Ona görə burada bir az küsmələr, narahatçılıq, gərginlik baş verir. İşləyən və çalışan insanlarda bu cür şikayətlər az olunacaq. Əsasən bunlar əməkçi və çalışmayan insanlarda daha özünü qabarıq göstərir”.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?