Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov yerli “Rede TV” telekanalının “Por Brasilia” proqramına 2020-ci ilin yekunlarına həsr edilmiş müsahibə verib.
Modern.az xəbər verir ki, müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr tarixində başlayan ikinci Dağlıq Qarabağ müharibəsində ordumuzun zəfər çalması faktına xüsusi yer verilib.
Bildirilib ki, 44 günlük müharibə ölkəmizin sərhədlərinin bərpası, haqq - ədalətin bərqərar olunması və Ermənistan rəhbərliyinin faşist siyasətinin məğlubiyyətə uğraması ilə başa çatıb. Qeyd edilib ki, ölkə rəhbərliyinin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə bərpa işləri artıq başlayıb, bu işlərə Azərbaycana dost olan ölkələr cəlb olunur və bu səpkidə Braziliyalı iş adamları üçün yeni imkanlar açılır.
Müsahibə zamanı E.Poluxov Azərbaycan-Braziliya münasibətlərindən danışaraq, ölkəmizin iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib, bu sahədə mövcud potensialın tam istifadə edilmədiyini və bunun üçün hər iki ölkənin dövlət orqanlarının işinin fəallaşdırılmasının vacibliyini söyləyib. Qeyd edilib ki, pandemiya dövrünün yaratdığı məhdudiyyətlərə baxmayaraq, ikitərəfli münasibətlər və xüsusi ilə ölkələr arası parlament əlaqələrinin inkişaf etdirilib və il ərzində Azərbaycan-Braziliya Parlamentlər arası işçi qrupunun iki virtual görüşü keçirilib. Bununla yanaşı, səfirlik tərəfindən il ərzində bir sıra mədəni, humanitar, elmi və sosial yönlü layihələrin həyata keçirilməsi isə bağlı məlumat verilib.