Modern.az

Nazirlik rəsmisi: “Sumqayıtdakı yarmarka barəsində məlumatımız yoxdur”

Nazirlik rəsmisi: “Sumqayıtdakı yarmarka barəsində məlumatımız yoxdur”

2 Avqust 2012, 13:45

Şəhər İcra hakimiyyətinin KTN ilə razılaşdırmadığı yarmarka

“Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində olan yarmarka Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka deyil. Çünki biz Sumqayıt şəhərində yarmarka təşkil etmirik və bundan bizim xəbərimiz yoxdur. Nazirlik əsasən Bakı şəhərində yarmarka keçirir. Sumqayıtda olan yarmarka barəsində heç bizə də məlumat verilməyib”.
Bu sözləri Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, ola bilsin ki, bu yarmarka Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilsin.

“Əlbəttə yarmarkaya gətirilən ət və ət məhsulları, eyni zamanda süd məhsullarının hamısı baytarlıq müayinəsindən keçirilməlidir. Öz də ilin bu fəslində... Bununla bağlı nazirliyin rəsmiləri də yerlərdəki baytarlara, o cümlədən fitosanitar xidmətinin mütəxəssislərinə tapşırıqlar veriblər.

Ət yarmarkaya gətirilirsə, hökmən onun üstündə baytarlıq xidmətinin möhürü olmalıdır. Yalnız bundan sonra onun satışına icazə verilir. Aldığım məlumata görə, Sumqayıtdakı yarmarkaya gətirilib, orada satılan at ətinin üstünə heç bir baytarlıq möhürü, sertifikatı, möhürü olmayıb. Sumqayıt şəhər baytarlıq şöbəsinin məlumatı olmadan həmin ət satışa çıxarılıb. Satılan ətlərin hər birinin üstündə baytarların möhürü olur. Yəni yoxlanılır və baytarlıq mütəxəssisləri ona məsuliyyət daşıyırlar”.
M. Hacıyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanları tərəfindən yerlərdə mövsümlə əlaqədar yarmarkalar təşkil edilən zaman bura sahə mütəxəssisləri-baytarlar, fitosanitar mütəxəssisləri cəlb edilməlidir.

“Əgər icra hakimiyyəti yarmarka keçirirsə əvvəldən bizə məlumat verməlidirlər. Bizim də yerlərdə şöbələrimiz var. Bununla bağlı da Sumqayıt Baytarlıq Şöbəsinə məlumat verilməli idi. Yarmarkalarla bağlı nazirlikdə fəaliyyət göstərən işçi qrupu var və hər həftə regionlarla əlaqə saxlanılır. Amma bizə o informasiya daxil olmayıb ki, Sumqayıtda bu həftə yarmarka keçirilir. Bu barədə bizim məlumatımız yoxdur.

Belə bir yarmarkanın yerli icra hakimiyyəti tərəfindən keçirilməsi təqdirə layiqdir. İnsanlar gəlib ucuz məhsul alır, amma gəlib belə faktlarla qarşılaşmaq da təbii ki, yaxşı deyil”.

Murtuzəli Hacıyev bildirib ki, bununla bağlı yenidən icra hakimiyyəti orqanlarına məlumat veriləcək.  “Həm də biz rayon şöbələrinə məlumat vermişik ki, bu məslələrdə diqqətli olsunlar, daim əlaqə saxlasınlar. Tək yarmarkadan söhbət getmir, eyni zamanda bazarlarda da nəzarət olmalıdır. Bütün baytarlara ilin bu fəslində diqqətin artırılması ilə bağlı tapşırıqlar verilib. Nazirin də bununla bağlı göstərişi var, belə faktlarla qarşılaşan zaman həmin baytar həkimi dərhal işdən azad olunur və ya onun barəsində müəyyən tədbir görülür”.

Aytən Əliyeva
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü