Modern.az

Elmar Məmmədyarovun Peru görüşləri...

Elmar Məmmədyarovun Peru görüşləri...

2 Avqust 2012, 14:04

Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov Peru Respublikası Konqresinin prezidenti Victor İsla Rojes ilə görüşüb. Bu barədə Modern.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Victor Rojes Elmar Məmmədyarovu Peru parlamentində görməkdən məmnun olduğunu bildirib və bu səfərin Peru və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik ifadə edib. Peru Konqresmenlərinin keçən il Azərbaycana səfərdən xoş təəssüratlarla qayıtdığını qeyd edən Victor Rojes nümayəndə heyəti tərəfindən Peru parlamentində Azərbaycanla dostluq qrupunun yaradılması barədə təklif verildiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səfərin əsas məqsədlərindən birinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının müzakirəsi olduğunu qeyd edib və bu istiqamətdə parlamentlərarası əməkdaşlığın önəmli rol oynaya biləcəyinə əmin olduğunu bildirib.

Peru parlamentində Azərbaycanla dostluq qrupunun yaradılması barədə təklifi alqışladığını diqqətə çatdıran Elmar Məmmədyarov Azərbaycan Parlamentində də Peru ilə dostluq qrupunun yaradılması barədə təkliflə çıxış edəcəyini qeyd edib.

Elmar Məmmədyarov Peru Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin enerji və mədən naziri Jorge Merino ilə görüş keçirib. Görüşdə energetika sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bu sahədə məlumat və mütəxəssislərin mübadiləsi təklifi ətrafında fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Jorge Merinoya Azərbaycanın iştirakı ilə reallaşdırılan regional layihələr, o cümlədən BTC neft və BTƏ qaz kəməri barədə məlumat verib. 

Azərbaycanın xarici işlər naziri Peruya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Rafael Roncagliolo ilə görüş keçirib.

R. Roncagliolo E. Məmmədyarovun səfərindən məmnun olduğunu deyərək Qafqaz regionunun dinamik inkişaf edən ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Azərbaycanı Qafqaz regionunun qapısı adlandıran perulu nazir ikitərəfli münasibətlərin genişləndirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini vurğulayıb.

E. Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə qısa məlumat verərək Azərbaycanın digər qitə ölkələri kimi Peru ilə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib. Azərbaycan prezidenti İlham Əliyevin Peru prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən nazir, məktubun dövlət başçısına çatdırılmasını xahiş edib. İki ölkə arasında siyasi səviyyədə əlaqələrin inkişaf etdirilməsinin iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradacağını qeyd edən E. Məmmədyarov bunun üçün qarşılıqlı rəsmi səfərlərin davamının, biznes forumların təşkilinin və mədəniyyət tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar barədə də ətraflı məlumat verib. Sonda o, R. Roncagliolonu Azərbaycana səfərə dəvət edib. Perulu nazir dəvəti məmnuniyyətlə qəbul etdiyini deyib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü