“Bizə qara yaxanların başına gəlsin” – məcburi köçkün
Dünən Binəqədi rayonu, Dərnəgül qəsəbəsində Fizuli və Ağdamdan olan məcburi köçkünlərin məskunlaşdığı yataxanada baş verən yanğından zərərçəkən ailələr üçün çadır şəhərciyi salınıb. Zərərçəkən ailələr yataxananın yaxınlığında yerləşən keçmiş Trolleybus parkında qurulan çadırlara köçürülüblər. Trolleybus parkında sakinlər üçün 37 çadır qurulub.
Modern.az-ın əməkdaşı hadisə yerində olub. Zərərçəkmiş məcburi köçkünlərin vəziyyəti ilə maraqlanıb. Zərərçəkən məcburi köçkünlər birmənalı olaraq yenidən yanmış yataqxana binada yaşamağın əleyhinədirlər. Onların sözlərinə görə, indiyədək həmin binada iki dəfə qaz, iki dəfə isə qısaqapanmadan yanğın olub. Axırıncı qaz partlayışından sonra bina əsaslı zədə alaraq qəza vəziyyətinə düşüb.
Ağdam sakini Azad Quliyev bildirdi ki, qaz partlayışından sonra bina qəza vəziyyətinə düşdüyündən heç təmir də etməyiblər.
”İndi isə kosmetik təmirdən sonra bizi yeniden buraya köçürmək istəyirlər. Amma biz bunu istəmirik”.
Yanğının məcburi köçkünlər tərəfindən qəsdən törədildiyi barədə səslənin iddialar məcburi köçkünlərdə narazılığa səbəb olub.
Bu ifadə ilə təhqir olunduqlarını deyən sakinlər medianın bu versiya üzərində dayanmasına birmənalı olaraq sərt etirazlarını bildiriblər:
“Bizə qara yaxanların başına gəlsin”.
Bir ayda məhz məcburi köçkünlərin məskunlaşdığı binalarda bu cür dəhşətli yanğının olması insanlar arasında bunun qəsdən törədilməsi ilə bağlı şübhə yaradır.
Modern.az bu şübhələrə aydınlıq gətirməyə çalışıb. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən saytımıza verilən məlumata görə, sözügedən yanğın təsadüf nəticəsində baş verib. Yanğın binanın 3 mərtəbəsindən başlayıb. Həmin mərtəbədə isə quru taxtalar çox olduğundan alışma tez baş verib. Hadisənin qəsdən törədilməsinə gəlincə isə Xidmətdən onu da bildirdilər ki, dalbadal yanğın çağırışları tez-tez olur. Bu o demək deyil ki, həmin yanğınlar qəsdən törədilir. Yanğından heç kim sığortalanmayıb. Ona görə də məcburi köçkünlərin məskunlaşdığı yataqxanada üçüncü dəfə yanğının olması həmin yanğının qəsdən törədilməsi demək deyil.
Elçin AĞAYEV