Modern.az

Kino Günündə Azərbaycan kinosunun durumu kinoşünasın gözü ilə

Kino Günündə Azərbaycan kinosunun durumu kinoşünasın gözü ilə

2 Avqust 2012, 16:59

Aydın Kazımzadə: “Oradan çıxdım, bura  daxil oldum, bunun kimə dəxli var?!”

Bu gün Kino Günüdür. Peşə bayramından bir gün əvvəl prezident bir qrup kino işçisini təltif edib. Onların arasında kinoşünas Aydın Kazımzadə də var. Prezident təqaüdçüsü A. Kazımzadə Azərbaycan kinosunun bu gününü necə görür?

– Azərbaycan kinosu sovet kinosunun səviyyəsini ötüb. Yəni tam, qısametrajlı bədii filmlər, xeyli sənədli, animasiya filmləri çəkilir. Bu gün kinoya gənclərin böyük axını var. Azərbaycan kinosu artıq ölkədən kənara  çıxır, beynəlxalq festivallarda nümayiş olunur. Hətta bəzi filmlərimiz “Oskar” mükafatına namizəd olublar. Düzdür, o mərhələləri keçməyiblər, amma  təqdim olunmanın özü o deməkdir ki, yəni Azərbaycan müstəqildir, onun müstəqil kinosu var.  Bu, bizim üçün böyük xoşbəxtlikdir. Azərbaycan kinosuna ayrılan vəsait də ildən-ilə artır. Kinonun da vəziyyəti get-gedə yaxşılaşır.

– Hazırda dövlət sifarişli filmlər çəkilir, amma demək olar ki, ekranlara çıxmır. Buna səbəb nədir?

– Hamıya məlumdur ki, kinoteatrlar çox bərbad vəziyyətdə idi. Ona görə də bu kinoteatrların bəziləri bərpa olunur, bəzilərinin yerinə isə təzə kinoteatrlar  tikilməyə  başlayır. “Nizami” kinoteatrı artıq mərkəz olub. Bu kinoteatrın bir neçə zalı var. Orada hər gün Azərbaycan kinofilmləri göstərilir. Sadəcə olaraq, camaat özü maraqlanmalıdır, gedib baxmalıdır.

– Bu yaxınlarda Azərbaycan Kinematoqrafçılar İttifaqından  ayrıldınız. Belə bir qərar verməyinizə səbəb nə oldu?

– Köhnə ittifaq fəaliyyətini dayandırmışdı. Amma yeni Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasına çox sevindim. Həm də bu, mənim öz şəxsi işimdir, oradan çıxdım, bura  daxil oldum, bunun kimə dəxli var?! Yeni ittifaqda əməlli-başlı işlər görülməyə başlayıb. Tezliklə bu işlərin nəticəsini görəcəyik.

– Yeni ittifaqın fəaliyyətindən heç yüz gün keçməyib. Amma siz indidən onun fəaliyyətini  qiymətləndirirsiniz?

– Bu bayram günün təşkili Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyəti ilə bağlıdır.

– Yeni ittifaqın rəhbəri Şəfiqə Məmmədova demisiz ki, “Şəfiqə xanımda olan güc heç kişidə yoxdur”. Fikirləşmirsiniz ki, bu, kişi kino işçilərinin xətrinə dəyə bilər?

– Mən elə deməmişəm. Elə söz demək ayıbdır, mən demişəm ki, Şəfiqə xanımda olan güc bir çox kişilərdə yoxdur. Şəfiqə xanım çox güclü aktrisadır, onun kinoya gəlişi ilə kinoda yeni bir qadın tipi obrazı yaradıldı. Qadın tipi obrazı yaradılmaqla Azərbaycan  kinosunda bir dönüş əmələ gəldi. Əgər 1969-cu ildə Azərbaycan kinosunda “Bir cənub şəhərində” filmi dönüş yaratdısa, Şəfiqə xanım “Bizim Cəbiş” filmində çəkilməklə aktrisa fəaliyyəti sahəsində, qadın obrazları yaratmaq sahəsində bir dönüş yaratdı və mən bunu tam məsuliyyətlə deyirəm. İkincisi, Şəfiqə xanımı çox güclü bir qadın kimi tanıyırıq. O, çox savadlı və yüksək səviyyəli aktrisadır.

Nə üçün Bəstəkarlar, Rəssamlar İttifaqlarına həsəd aparırsınız?

– Ona görə ki Rəssamlar İttifaqı hətta başqa ölkələrdə sərgilər keçirir. Bəstəkarlar İttifaqı Qəbələdə musiqi festivalı keçirir. Bizim ittifaqın isə demək olar ki, fəaliyyəti yox idi. Ona görə də mən bunlara həsəd aparırdım, amma indi həsəd aparmıram, çünki yeni ittifaqımız var və onun da başında çox görkəmli sənətkar, böyük insan Şəfiqə Məmmədova durur.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi