Modern.az

Dini Komitə Gəncədəki Ramazan qadağaları barədə açıqlama verdi

Dini Komitə Gəncədəki Ramazan qadağaları barədə açıqlama verdi

2 Avqust 2012, 19:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Gəncə Şəhər İcra Hakimiyyətinin Ramazan qadağalarına münasibət bildirib. Komitədən Modern.az-a verilən məlumatda bildirilir ki, son günlər müxtəlif mətbuat orqanlarında Azərbaycanın Qərb bölgəsində, xüsusən də Gəncə şəhərində icra strukturları tərəfindən, Ramazan ayında əhya gecələrinin keçirilməsinin qadağan edilməsi və iftar süfrələrinin açılmasına icazə verilməməsi ilə bağlı məlumatlar yayılıb və bu, guya dindarlara qarşı təzyiq, Ramazan adət-ənənələrinə müdaxilə kimi qələmə verilir.

”Bununla əlaqədar DQİDK-nə, müxtəlif KİV-lərdən daxil olan sorğulara cavab olaraq aşağıdakıları bildirmək istərdik.
Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, yuxarıda qeyd olunan məlumatların əsası yoxdur. Belə ki, adıçəkilən bölgədə Ramazan ayının ibadətlərinə, o cümlədən iftar süfrələrinin açılmasına rəsmi strukturlar tərəfindən hər hansı qadağa qoyulmamışdır. Əksinə, Gəncədə fəaliyyət göstərən dini icmalar, o cümlədən din xadimləri bu il ictimai əhəmiyyətli bir təşəbbüs irəli sürərək, iftar vermək istəyən şəxslərə bu xeyirxah işi icmalarla birgə uşaq və qocalar evlərində, həmçinin kimsəsizlər üçün təşkil etmələrini tövsiyə etmişlər. Elə bu gün Gəncədə İcra Hakimiyyətinin təşəbbüsü və Dövlət Komitəsinin yerli şöbəsinin iştirakı ilə şadlıq saraylarının birində dindarlar, imkansızlar və şəhid ailələri üçün iftar süfrəsi təşkil ediləcək. Bu cür iftar süfrələrinin bütün Ramazan ayı boyunca, xüsusən əhya gecələrində təşkili nəzərdə tutulur”.

Dövlət Komitəsi bildirir ki, bu kimi fakta əsaslanmayan və səthi xarakterli açıqlamalar müstəqil dövlətçiliyimizə xor baxan qüvvələrin “anti-təbliğat” dəyirmanına su tökür və milli maraqlarımızla ziddiyyət təşkil edir. Komitə mövzu ilə bağlı vəziyyəti nəzarətdə saxlayacaq.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü