2020-ci il Azərbaycan Xalqının, Azərbaycan Dövlətinin tarixində əbədi olaraq Zəfər İli kimi qalacaq. Bu möhtəşəm qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti, Müzzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycan tarixində işğal altında olan torpaqlarını azad edən Sərkərdə kimi Azərbaycan tarixində əbədi qalacaq.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını işğaldan azad edərək qəhramanlıq səlnaməsi yazdı. Azərbaycan bu möhtəşəm qələbəsi ilə işğal altında olan torpaqlarını azad etməklə müasir dövrdə bütün dünyada bir ilkə imza atdı. Öz gücü ilə torpaqlarını işğaldan azad etdi və eyni zamanda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi məlum Qətnamələri yerinə yetirdi. Azərbaycan bu qələbəni qazanmaqla regionda lider dövlət olduğunu, Avrasiya məkanında, eləcə də dünyada söz sahibi olan bir ölkə olduğunu bir daha nümayiş etdirdi.
Qəhrəman Azərbaycan Ordusu 8 noyabr 2020-ci il tarixində Qarabağın incisi, Azərbaycanın mənəvi paytaxtı Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.
Düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu. Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, balanslaşdırılmış, müdrik siyasət nəticəsində əldə olunmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. 2003-cü ildən bu günə kimi hərbi xərclərə ayrılan vəsaitin məbləği 15 dəfədən çox artırılmışdır. Son illərdə yaradılmış 20-dən çox hərbi zavodlarda 1200 addan çox hərbi təyinatlı məhsulların istehsalına başlanmışdır. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uçuş aparatları, ən müsir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemlərini və sair göstərmək olar. Azərbaycan Ordusu maddi-texniki təchizatı baxımından dünya miqyasında nadir ölkələrindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Rəşadətli Ordumuz tərəfindən qazanılan bu Zəfər Azərbaycan tarixində əbədi qalacaqdır.
10 dekabr 2020-ci il tarixdə Azərbaycan Ordusu Azadlıq meydanında keçirilən Zəfər Paradında hərbi potensialını nümayiş etdirdi, həm də beynəlxalq aləmə mesajını verdi. Bu Zəfər Paradı ilə Azərbaycan göstərdi ki, ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək Ordumuz var. Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyümüzü təmin edən bir ordu kimi paradda iştirak etdi.
Qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə münasibətilə keçirilən bu Zəfər Paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarada əbədi qalacaq. Vaxtı ilə Ulu Öndər Heydər Əliyev demişdi: “Vaxt gələcək Azərbaycan bir günəş kimi dünyaya parlayacaq”. Artıq həmin gün gəlmişdir. Azərbaycan respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir günəş kimi dünyaya parlayır. Azərbaycan xalqı inanır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi Azərbaycanı 2021-ci ildə də uğurlu inkişafını davam etdirəcək, işğaldan azad olunmuş torpaqlarımızda başlanmış geniş miqyaslı quruculuq işləri davam etdiriləcək, məcburu köçkünlər öz döğma yurdlarına qayıdacaq və ərazi bütövlüyünü bərpa etmiş bütöv Azərbaycan daha böyük uğurlara imza atacaq.
Milli Məclisin deputatı
Rauf Əliyev.