Modern.az

“Mən daha Allahdan heç nə istəməyəcəm” - Protez - Bərpa Mərkəzindən REPORTAJ

“Mən daha Allahdan heç nə istəməyəcəm” - Protez - Bərpa Mərkəzindən REPORTAJ

Reportaj

3 Avqust 2012, 13:46

Əlillər üçün protezlərin hazırlandığı Bakı Protez və Ortopedik Bərpa Mərkəzindən REPORTAJ-a yolanmış Modern.az-ın fotomüxbirinin etirafı


“Qolları olmayan birinin bu cür həyat eşqi varsa...”

İnsan dünyaya gələndən  daima yeniliklər, nəyinsə quruluşunda dəyişiklər etməyə meylli olub. Hətta bu yeniliklərə o qədər həvəsli olub ki, Allahın yaratdığı bədən üzvlərini itirmiş insanlara belə eynisi olmasa da, heç olmasa özünü idarə edəcək süni qol, ayaq düzəltməyə gücü çatıb. Bəzən isə süni bədən üzvlərini yaradanların elə özləri də protezləri o cür əl-ayaqlardan istifadə etməklə düzəldiblər.

Düzünü desəm, belə bir insanın mövcudluğu haqqında bəlkə də xəbərim olmazdı, əgər Bakı Protez və Ortopedik Bərpa Mərkəzində ayaq basmasaydım.

Əlil insanlar cəmiyyətimizin ən önəmli kəsimlərindəndir. Doğrudur Azərbaycanda xarici ölkələrdən fərqli olaraq onların sərbəst fəaliyyəti üçün şansları azdır. İstər iş, istərsə də nəqliyyat məsələsində. Amma onların mümkün qədər yaşam şərtlərini asanlaşdıran vasitələrdən biri də protezlərdir. Bu protezlərin  hazırlanması, hazırlayan mütəxəssislərin necə yetişdirilməsi və s. öyrənmək məqsədi ilə mərkəzin direktoru İlham Bağırov və baş həkim Şəmsəddin Xudaverdiyevlə söhbət etdik.

İ.Bağırov ilk növbədə bizə mərkəzin yaranma tarixindən, işindən qısaca məlumat verdi.


“Protez ortopedik bərpa Mərkəzi Əmək və Əhalinin Müdafiə Nazirliyinin struktur vahidi olaraq 1992-ci ildən fəaliyyət göstərir. Və getdikcə bu sahə püxtələşir, inkişaf edir. 1992-ci ildə nazirliyin əmri ilə bu müəssisə artıq iki sahədən ibarət olaraq istehsal və mürəkkəb protezləşmə stasionarından ibarət olaraq kompleks fəaliyyətə başlayıb. Bizim mərkəz əlil vətəndaşlara, dayaq-hərəkət funksiyasını itirmiş şəxslərə müxtəlif növ reabilitasiya və protezləşmə xidmətləri təqdim edir. Müəssisə tibbi-sosial yönümlü, təsərrüfat hesablı müəssisədir. Elə şəxslərdə var ki, əlillik statusu almayıblar və yaxud hər hansısa səbəbə görə o statusdan imtina ediblər. Bu halda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin şəxslərə ödənişli qaydada xidmət göstəririk. Eyni zamanda bizə müraciət edən vətəndaşların bir hissəsi əmək əlili statusuna malikdirlər. Belə olduğu təqdirdə biz həmin şəxslərə xidmət göstəririk və onun əvəzi təqsirkar müəssisə tərəfindən ödənilir. Mərkəz öz fəaliyyətini Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli 103 saylı qərarla tənzimləyir. Bu qərar əlil şəxslərə protez və ortopediya, reabilitasiya məmulatlarının, əlil arabalarının, eşitmə aparatlarının və digər reabilitasiya vasitələrinin verilmə qaydaları haqqındadır. Həmin qərarda konkret olaraq bizim əlil şəxslərə göstərəcək xidmətlərimiz haqqında qısaca bir qaydalar, ümumiyyətlə, bu reabilitasiya vasitələrinin verilməsi, onların istifadə, təminat müddətləri haqqında məlumatlar verilir. İstehsalat korpusunda reabilitasiya vasitələrinin istehsalı, hazırlanması həyata keçirilir”.

Eyni zamanda onu da vurğuladı ki, bu ilin sonlarına doğru mərkəzin təmirinə başlanılacaq.

“Bununla bağlı 2006-ci ildə cənab nazirin tapşırığı ilə bütün mərkəzin əsaslı təmiri məsələsi gündəmə gəlib və müzakirəyə qoyulub. Keçən ilin sonlarında mərkəzin təmiri industriya layihəsinə daxil edilib. Artıq bu il başlanğıc mərhələsi həyata keçirilib. Bütün lazım olan məlumatlar, layihə smeta sənədləri, işçi cizgilər və s. müvafiq orqanlara verilib. Və ilin sonunda, gələn ilin əvvəllərində bu proses başlayacaq. Bütün əsas korpuslarımız, köməkçi tikililər, qazanxanamız, camaşırxanamız, nasosxanamız var. Bütün tikililər, həyətyanı sahələrin hamısı təmir olunacaq.

Bizim mərkəz əlil vətəndaşlar üçün çox önəmli bir mərkəzdir. Biz düşünürük ki, hər hansısa mərtəbə təmir olunduğu halda biz xidmət edən qurumları o hissəyə köçürəcəyik , növbəti o biri hissəni təmir edəcəyik. Müəssisənin fəaliyyətini dayandırmadan bərpa işləri ediləcək”.

İ. Bağırov bir narahatlığını da nəzərimizə çatdırdı ki, istehsalat sahəsində çalışan mütəxəssislərimizi yetişədirən hər hansı praktiki institut yoxdur.

“İstehsalat sahəmiz iki sexdən ibarətdir. Bir sex  protez-ortez hazırlanması sexidir. Protezlərin və ortez, yəni karsetlər, bandajlardır,  bir onları hazırlayan sexlər, bir də ortopedik ayaqqabı hazırlanması sexi. Təbii ki, bizdə daha çox protez və ortozlara üstünlük verilir, daha çox o problemlə müraciət edən vətəndaşlar olur. Hazırda 15 nəfər texnik işləyir. Onun 5 nəfəri xüsusi sertifikat almış şəxslərdir. Yəni Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vaxtı ilə Azərbaycanda təşkil etdiyi 3 illik tədris kursları var idi. Onların verdiyi diplomlar beynəlxalq səviyyədə tanınır. Digər şəxslər isə təəssüflər olsun ki, təcrübə əsasında, belə deyək ki, sənətkardırlar. İşdə təcrübə yığa-yığa öyrəniblər. Təəssüf ki, Azərbaycanda protezçi texniklərin hazırlanması üçün xüsusi bir yer yoxdur. Biz bununla bağlı dəfələrlə müraciət etmişik. Bu, o qədər də asan məsələ deyil. Vaxtı ilə sovet məkanında Moskvada, Leninqradda bir elmi-tədqiqat və protezləşmə institutları vardır. Həmin institutların  nəzdində xüsusi texniklər hazırlanırdı. Yəni o artıq ixtisaslaşmış bir qurum idi. Azərbaycanda elə bir qurum yoxdur. Biz kadr hazırlığı üçün  Rusiyadan və Almaniyadan mütəxəssislər dəvət edirik. Bu il Belorusdan mütəxəssis gələcək, karsetlərlə bağlı tədris kursları keçəcək. Bu işə tam yiyələnmək üçün  müəyyən bir zaman lazımdır. Məncə, iki həftə və ya bir ay ərzində protezləşmənin müəyyən bir istiqamətindən səthi bir informasiya əldə etmək olar. Bu gün protezləşmə o qədər inkişaf etmiş bir sahədir ki, onun müxtəlif istiqamətləri var. Hər bir istiqaməti də ayrı-ayrılıqda gərək yaxşı biləsən. Hər halda BQXK kimi, mən hesab edirəm ki, ən azından iki-üç il müddətində bu tədris təşkil olunmalıdır. Yaxşı olardı ki, Azərbaycanda da olsun. İndi təəssüflər olsun ki, Azərbaycanda uzaqbaşı bir seminar, treninq, məşğələlər keçirə bilərik. Amma fikirləşirəm ki, iki həftəyə böyük bir nailiyyət əldə etmək mümkün deyil”.

Mərkəzin baş həkimi Şəmsəddin Xudaverdiyev bildirdi ki, mərkəz xaricdən yarımfabrikatlar alır.


“Komplektləşdirici, yəni insanın süni bədən hissələrini (süni ayaqlıq, süni oynaqlar və s.) alırıq, amma hazır şəkildə protez alınmır”. Müasir, yəni insanın təbii bədən üzvlərindən fərqlənməyən, işlək formada olan protezlərə gəlincə, Ş. Xudaverdiyev bildirdi ki, bu protezin növündən asılıdır. “Kosmetik protezlər var geyinilir və onlar işləmir. Ancaq görüntü xarakteri daşıyır. Elə protezlərdə var ki, onlar işləyir. Mərkəzdə işlək protezlər də hazırlanır. Əlin müəyyən funksiyaları protezlə yerinə yetirilir. Yəni stəkanı da əlinə götürür, ev də tikir, yazı da yazır”.

İ. Bağırov isə Azərbaycanda hazırlan protezlərin hələdə ən yüksək aktivliyə cavab vermədiyini bildirdi: “Təbii ki, mərkəzdə hazırlanan protezlər yüksək aktivliyə cavab verir. Dünyada 4 aktivlik dərəcəsi var. Yəni ən yüksək birinci dərəcədir. Bizim mərkəzin protezləri isə 3 və 4-cü aktivliyə cavab verir. Bu da müəyyən maliyyə məsələləri ilə bağlıdır. Yəni əlil vətəndaşlarımıza büdcə vəsaiti hesabına protezləri pulsuz hazırlayırıq. Əlil vətəndaşlar protezə görə pul ödəmirlər. Mərkəzdə ümumiyyətlə, reabilitasiya vasitələri pulsuzdur. Kim ki, əlillikdən imtina edib, həmin şəxs o zaman ödəniş edir.

Birinci dərəcəli aktivlikdə olan protezlərə bio və mioprotezlər deyilir, Mərkəzi sinir sistemi ilə bağlı olan işdir. Almaniyada belə protezlərin qiymətləri 3 il bundan qabaq 50-60 min avro idi. Xüsusi bir protezdir. Hər hansısa bir şəxs əlini qaldırmaq istəyirsə beyindən informasiya gəlir əzələlərə, əzələlərə də xüsusi sayğaclar qoyulur. Həmin çip vasitəsi ilə informasiya gedir protezə, əl qalxıır. Biz Azərbaycanda onu tətbiq etməmişik. Azərbaycanda təbii ki, bu protezin hazırlanması xüsusi bir hazırlıq tələb edir və Avropada da çox yayılmayıb. Bahalı protezlər hər bir yerdə hamının cibinə uyğun olmur. Xaricdə icbari tibb sığorta sistemi var. Və hətta biz orada dəfələrlə maraqlanmışıq ki, tutaq ki, orta  imkanlı şəxs gəlib bu protezdən yararlana bilərmi? Yox. Çünki orada da yanaşma fərqlidir. Tibbi sığorta hər bir insanın bu sığortaya verdiyi paydan asılıdır. Məncə, bu, ədalətli prinsipdir. Azərbaycanda bahalı protezə ehtiyacı olan insanlar çətin ki, bizim mərkəzdən yararlansın. Bahalı protez istəyirsə, Almaniyaya, Türkiyəyə getməlidir. Bizə dəfələrlə müraciət ediblər, hətta biz özümüz vasitəçilik etmişik, müəyyən bir məlumat göndərmişik ki, bu adam belə bir protez istəyir. Özü haqqında məlumat göndərib, aktivlik dərəcəsi təyin edilib, bizə deyiblər ki, gəlsin həmin şəxsi burada protezləşdirək”.


Mərkəzin baş həkimi Ş. Xudaverdiyev eyni zamanda qeyd etdi ki, əlillərin bu cür bahalı protezləri Azərbaycanda  təmir etdirməsi şansaları da azdır. “Müasir protezlərin hamısı elektron sistemləri ilə əlaqədardır. Azərbaycanda elektron sistemlə işləyən mütəxəssislər yoxdur. Və yaxud onu gedib orada qoydursa da müəyyən vaxtdan sonra bir sıra şeylər sıradan çıxır, ona mütəxəssis lazımdır ki, protezi onu təmir etdirsin. Ona görə də bu, özünü doğrultmur. Avropanın özündə çox yüksək təbəqə ondan istifadə edə bilər. İnsanların 3-5%-i bahalı protezlərdən istifadə etmək imkanına malikdir. Müasir protezlər hələ də tədqiqat mərhələsindədirlər. Çəkiləri də ağırdır. Hər adama onu qoymaq olmur. Ona görə də bütün dünya 2, 3 və 4-cü aktivlik dərəcəsində olan protezlərdən istifadə edir”.

Baş həkimin sözlərinə görə, əlillərin psixoloji dəstək alması üçün mərkəzdə eyni zamanda psixoterapevt də fəaliyyət göstərir. Çünki daima hərəkət edən insanın birdən-birə hərəkətsiz qalması və ya hər hansısa bir orqanını itirməsi onlarda depressiya, stress yaradır. Buna görə də onların cəmiyyətə inteqrasiya etməsi üçün psixoloqun köməyindən yararlanırlar.

Mərkəzin direktoru bildirdi ki, səyyar xidmətləri ilə də əlillərə yardım edirlər. “Son 3 gündə mütəxəssislərimiz Şamaxı, Şəki, Oğuz, Qəbələ rayonlarında əhaliyə xidmət göstərirlər. Gələn dəfə şimal zonasına səfərimiz olacaq. Mərkəzimizin Naxçıvanda və Gəncədə filialları var.

Gəncə filialı bir az genişdir. Onun istehsalat sahəsi bilavasitə bizə baxır. Orada stasionar da var və birbaşa nazirliyə tabedir. Naxçıvanda  stasionar yoxdur. Bizə müraciət edənlər arasında kişilər çoxluq təşkil edir”.

Protezlərin qiymət məsələsi isə xüsusi hesablanma vasitəsi ilə dəyərləndirilir deyən İlham Bağırovun sözlərinə görə, hər bir məmulatın hesablanma mexanizmi var. “Ona kalkulyasiya deyilir. Təbii ki, bizdə də hər bir məmulata kalkulyasiya tutulur. İşçilərin əməkhaqqısı, material xərci və əlavə xərclər – qaz, işıqpulu, amartizasiya xərcləri və 10% mənfəət. Biz vergiödəyicisiyik və 18% ƏDV tətbiq etməklə gördüyümüz işin pulunu nazirlikdən alırıq. Ay ərzində orta hesabla 50 nəfərə reabilitasiya vasitəsi hazırlanır və xərclər nazirliyə təqdim olunur”.

Söhbətimizi bitirdikdən sonra isə protezlərin və ortezlərin hazırlandığı sexlərlə tanış olduq. Hətta protezlərin hazırlanmasında qadın texnikləri də gördük. Amma Nazim adlı bir texniklə görüşümüz yaddaşımdan uzun müddət silinməyəcək. İki qolunu 30 il bundan qabaq itirən Nazimi mərkəzin direktoru bərpa mərkəzinin loqosu adlandırır. Deyir ki, əlləri protezdə də olsa, yuxarı ətrafların hazırlanması üzrə əla mütəxəssisdir. Onun necə cəld hərəkət etməsini, hətta iş alətlərini belə özünün düzəltməsi məni də məəttəl qoydu. “30 il bundan qabaq qollarını  itirib, insan sarsılmayıb, ruhdan düşməyib, həyata marağı, iradəsi örnəkdir”.


Növbəti baş çəkdiyimiz yerlər isə ortopedik ayaqqabıların hazırlayan sexlər oldu. Burada ayaqqabının alt, üst və yan hissələrinin hazırlanması, qəliblərin necə seçilməsi, modellərin kəsilməsi ilə tanış olduq. Orada söhbət əsasın da İ. Bağırov bildirdi ki, ortopedik ayaqqabılarla ortopediya mağazalarında hazırlanan ayaqqabılar arasında dağlar qədər fərq var. “O mağazalarda satılan ayaqqabıların xarici görünüşü bizimkilərdən qəşəng görsənsə də, keyfiyyət eyni deyildir. Çünki orada konveyer üsulu ilə hazırlanan ayaqqabılar satılır. Bizdə isə fərdi qayda da xəstənin qüsuruna uyğun hazırlanır. Onların ayaqda düzgün qalması məsələsinə gəlincə, bu, 5-6 ayda ola bilər. Yəni bu, qüsurdan asılıdır. Elə də ola bilər ki, xəstə ömürlük ortopedik ayaqqabı geyməlidir. Qiymət məsələsinə gəlincə, bu ayaqqabıların yarım cütü uşaqlara 50-55 manata, böyüklər üçün isə 60-70 manat civarında dəyişir. Qüsurdan da asılı olur. Mürəkkəb pozitiv ayaqqabıddırsa, o bir az baha olur. Amma əlillər üçün pulsuzdur. Protezlər üçün olan ayaqqabıları isə almaq daha sərfəlidir. Biz kalkulyasiya etdikdə, gördük ki, protezlər üçün hazırlanan ayaqqabının dəyəri  kənardan alınan ayaqqabıdan 2,5 dəfə baha çıxdı. Ona görə də hazır şəkildə alırıq. Amma protezlərin dəyişdirilməsi iki ildən bir həyata keçirilməldir ”.

Budur artıq söhbətimizi bitirib mərkəzdən ayrılırıq. Avtobusda birdən fotomüxbirimizin “Mən daha Allahdan heç nə istəməyəcəm” deməsi məni çaşdırdı. Soruşdum ki, nə olub? Dedi ki, qolları olmayan birinin bu cür həyat eşqi varsa, işləməkdən zövq alırsa, daha biz niyə hər şeydə naşükürlük edib, şikayət edək...

Məncə də...










Şahanə Rəhimli
Foto: Elçin Ağayev

P.S. Modern.az əməkdaşları olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Camalxanova bu reportajın hazırlanmasında göstərdiyi köməyə görə dərin minnətdarlığımızı bildiririk.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi